EN

İrakli Kobaxidze: Brüsselin təzyiqləri inteqrasiya prosesini sual altına alır

ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı kəskin qətnamə qəbul edib

ATƏT-in Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib. “Gürcüstanda demokratiyanın və ATƏT dəyərlərinin dəstəklənməsi haqqında qətnamə”də Gürcüstanda 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkiləri, vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlər və Avropa İttifaqı (Aİ) ilə münasibətlərin pisləşməsi ilə bağlı ciddi narahatlıqlar əks olunub. Bilıdirilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidələrinə əsasən, 26 oktybr 2024-cü il seçkilərində ciddi qanun pozuntuları qeydə alınıb.

Qətnamədə, həmçinin administrativ resurslardan sui-istifadə və seçki prosesinə təsir imkanlarının geniş miqyasda istifadəsi seçkilərin azad və ədalətli keçirilməsinə xələl gətirdiyi vurğulanıb. Assambleya Gürcüstanda son aylarda baş verən hadisələrlə bağlı aşağıdakı məqamları qeyd edib: Dinc etiraz aksiyalarına qarşı güc tətbiqinin yolverilməzliyi, jurnalistlərə, fəallara və müxalifət nümayəndələrinə qarşı siyasi motivli təqiblərin artması, “xarici agentlər”, “radio və televiziya” və “qrantlarla” bağlı yeni qanunların hökumətin hakimiyyətini gücləndirmək məqsədi daşıması, Aİ-yə qarşı artan neqativ ritorika və Rusiya və Çinlə yaxınlaşmanın Gürcüstanın Avrointeqrasiya siyasətinə zidd olması.

ATƏT PA-nın qəbul etdiyi qətnamədə Gürcüstanla bağlı bir sıra vacib məsələlərə də diqqət yetirilib. Sənəddə rəsmi Tbilisiyə və bütün ictimai-siyasi aktorlara çağırış edilib: milli dialoqa üstünlük verilsin, vətəndaşların toplaşma və ifadə azadlığı hüquqlarına hörmət göstərilsin və hər cür zorakılıqdan çəkinilsin. Qətnamədə, eyni zamanda, Gürcüstanın Aİ ilə inteqrasiya yoluna qayıtması vurğulanıb, bu istiqamətdə atılan addımların davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Assambleya Gürcüstan xalqının Avropa yönümlü istəklərini açıq şəkildə dəstəklədiyini bəyan edib. Sənəddə ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub. Xüsusi olaraq Rusiya Federasiyasına müraciət yer alıb: Moskva Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini “müstəqil dövlətlər” kimi tanımaq qərarını ləğv etməyə, 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirməyə və bu bölgələrin hərbiləşdirilməsinə son qoymağa çağırılıb.

Qətnamədə həmçinin vurğulanıb ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin normallaşmasını gözləyir. ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı tənqidi qətnaməsinə cavab gecikməyib. Gürcüstan baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib: “Gürcüstan hakimiyyəti Aİ ilə münasibətlərin yaxşılaşmasını gözləyir, Brüssel isə təzyiq göstərməyə davam edir. Bu isə ölkədə siyasi gərginliyi artırır və gələcək inteqrasiya proseslərini sual altına alır”. Onun sözlərinə görə, Avropa bürokratlarının xalq tərəfindən seçilmiş hakimiyyətə bugünkü münasibəti Gürcüstana təzyiqlərin davamıdır: “Radikal müxalifətin liderləri Avropa bürokratlarının agentləridir. Məhz bu bürokratlar radikallara seçkilərdə qazandıqları deputat mandatlarını götürməyi qadağan ediblər”.

Hökumət başçısı qeyd edib ki, buna baxmayaraq, Gürcüstan hakimiyyəti Aİ ilə münasibətlərin yaxşılaşması üçün “strateji gözləmə” rejimində qalır: “Ümid edirik ki, perspektivdə Aİ-də Gürcüstana münasibətdə müəyyən dəyişiklik baş verəcək”.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə bildirib ki, ölkədə parlament seçkiləri demokratik keçirilib: “ATƏT-in baş katibi Feridun Sinirlioğlunun bəyanatı, nəhayət, Gürcüstanda parlament seçkiləri ilə bağlı bütün fərziyyələri dağıtdı və Brüsselin gürcü demokratiyasının əsaslarını sarsıtmaq cəhdlərinə son qoydu”.

Yada salaq ki, Sinirlioğlu ATƏT PA-nın illik sessiyasındakı çıxışında bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) hesabatında müəyyən nöqsanlar göstərilsə də, bu çatışmazlıqlar seçki nəticələrinin xalqın iradəsini əks etdirməsi faktını dəyişmir. Onun sözlərinə görə, Gürcüstanda keçirilən seçkilər, ümumilikdə, demokratik və legitim şəkildə baş tutub. Bu isə beynəlxalq müşahidəçilərin yekun mövqeyi kimi qəbul olunmalıdır.

Şalva Papuaşvili ATƏT-in bu rəsmi mövqeyini xüsusi vurğulayaraq qeyd edib ki, seçkilərdən əvvəl Aİ və Brüssel strukturlarının nümayəndələri Gürcüstandakı seçkiləri məhz ATƏT/DTİHB-nin qiymətləndirməsi əsasında dəyərləndirəcəklərini bildirirdilər. Lakin nəticələrin legitimliyini təsdiqlədikdən sonra, həmin dairələr bu rəyə arxa çevirərək seçkilərlə bağlı öz versiyalarını yaymağa çalışıblar. Onun fikrincə, bu, Gürcüstanın daxili siyasi proseslərinə təsir göstərmək məqsədi güdən, siyasi manipulyasiya xarakteri daşıyan bir yanaşmadır.

Papuaşvili əlavə edib ki, yaranmış vəziyyət fonunda ATƏT baş katibinin açıq və qəti bəyanatı yalnız bir texniki şərh deyil, həm də siyasi balansı bərpa edən mühüm beynəlxalq siqnaldır: “ATƏT-in bu mövqeyi Gürcüstanın beynəlxalq səviyyədə legitim seçki prosesləri təşkil etməyə qadir olduğunu bir daha nümayiş etdirdi”. Papuaşvili Gürcüstan hakimiyyətinin demokratik institutların gücləndirilməsi və seçkilərin şəffaf keçirilməsi istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanındığını vurğulayıb. O qeyd edib ki, ölkədə keçirilən seçkilərin nəticələri xalqın iradəsini əks etdirir və bu gerçəklik artıq mübahisə predmeti deyil. Papuaşvilinin sözlərinə görə, ATƏT-in baş katibinin bəyanatı faktiki olaraq Avropa Parlamentinin Gürcüstandakı seçkilərlə bağlı qətnaməsinin, eləcə də Aİ-yə üzv ölkələrin parlamentarilərinin bəyanatlarının siyasi motivli olduğunu təsdiqləyir.

Xatırladaq ki, Gürcüstanın Qərblə münasibətləri son aylar ciddi şəkildə gərginləşib. Bu gərginliyin əsas səbəbləri arasında ölkədə qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunlar dayanır. Qərb dairələri bu qanunları demokratik prinsiplərə və ifadə azadlığına zidd hesab edərək Gürcüstan hakimiyyətini avtoritar meyillərdə və Qərbə qarşı ritorikanı gücləndirməkdə ittiham edir. Gürcüstan hökuməti isə bu addımları ölkənin suverenliyini və milli maraqlarını qorumaq niyyəti ilə əsaslandırır, eyni zamanda, Qərbin Ukrayna münaqişəsi ilə bağlı ölkədən daha açıq mövqe gözləməsindən narahatlığını bildirir.

Aİ Gürcüstanla danışıqların davam etməsi üçün demokratik islahatların həyata keçirilməsini və bu qanunların ləğvini tələb edib. Bu tələblər yerinə yetirilmədiyi üçün Brüssel Tbilisi ilə münasibətləri faktiki olaraq dondurub, yüksək səviyyəli görüşlərdən imtina edib, maliyyə yardımlarını dayandırıb və ölkənin Aİ-yə inteqrasiyasını qeyri-müəyyən vaxta qədər təxirə salıb.

ABŞ da Gürcüstan hökumətinə qarşı sərt addımlar atıb. Ölkənin əsas hakim partiyası olan “Gürcü arzusu”nun fəxri sədri, oliqarx Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq olunub. Vaşinqton bəzi strateji əməkdaşlıq layihələrini və maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.

P.S. Prezident Mixeil Kavelaşvili məhkum olunmuş siyasətçilərə təklif edib ki, əfv olunmaları ilə bağlı müraciət etsinlər və yerli seçkilərdə iştirak etmək istəklərini təsdiqləsinlər. O, belə bir müraciət daxil olduğu təqdirdə dərhal əfv aktını imzalayacağını bildirib. Amma müxalifət prezidentlə əməkdaşlıqdan və seçkilərdə iştirakdan imtina edib.

Ə.PÜNHAN
XQ

Chosen
4
2
xalqqazeti.az

4Sources