EN

Türkiyənin hakim partiyasının sədr müavini Zəngəzur dəhlizinin əhəmiyyəti barədə paylaşım edib

Ankara, 5 iyul, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşat Zorlu Zəngəzur dəhlizinin açılması istiqamətində birgə səylərin əhəmiyyətindən bəhs edib.

AZƏRTAC xəbər verir ki, K.Zorlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirakı haqqında sosial şəbəkələrdə paylaşım edib. O, Türkiyə və Azərbaycan liderlərinin dialoqunu iki ölkənin qardaşlığının sarsılmazlığı rəmzi adlandırıb. Partiya sədrinin müavini qeyd edib: “Prezident Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycanı sadəcə dostluq deyil, möhkəm qardaşlıq əlaqələri birləşdirir. “”Bir millət, iki dövlət” kəlamı xüsusi məna ilə zənginləşib. Ölkələrimiz tarixin ən kritik və mühüm məqamlarında dəfələrlə bir-birinə dəstək nümayiş etdirib”.

Siyasətçi bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Onun paylaşımında qeyd olunur: “Bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq. Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini davam etdirəcək. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, gəm də bütün Türk dünyası üçün tarixi prosesdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
8
44
azertag.az

10Sources