EN

Azərbaycan ECO-ya üzv dövlətlərlə əməkdaşlığın inkişafına töhfə verir ŞƏRH

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində siyasəti ölkəmizin regional və beynəlxalq iqtisadi münasibətlər sistemindəki fəal rolunu əks etdirir. ECO-ya 1992-ci ildən üzv olan Azərbaycan təşkilat daxilində həyata keçirilən bir sıra təşəbbüslərdə fəal iştirak edir və üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə həyata keçirilən birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında iqtisadi təşəbbüsləri və regional liderlik rolu ölkənin son illərdə artan iqtisadi gücü, strateji mövqeyi və çoxşaxəli diplomatik fəallığı fonunda ön plana çıxır. Azərbaycan regionda ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü təşəbbüslərlə ECO məkanında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən əməkdaşlıq təşəbbüsləri ölkəmizin regional və beynəlxalq rolunu daha da gücləndirib. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq, regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Ölkəmiz ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin Zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında vacib sənədlər qəbul olunub. Bu da Azərbaycanın ECO daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqləyib.

İyulun 4-də isə ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə evsahibliyi edib. Sammitin xüsusi özəlliyi onun Xankəndi şəhərində keçirilməsidir. Liderlər, xarici qonaqlar 30 ildən çox Ermənistanın işğalı altında olmuş Xankəndini Azərbaycan dövlətinin yenidən dirçəltmək əzminə şahidlik edir. Həm də, işğaldan azad edilmiş ərazilərimiz artıq böyük beynəlxalq tədbirlərə evsahibliyi etmək iqtidarındadır.

Deputatın sözlərinə görə, 17-ci Zirvə görüşündə Prezident İlham Əliyev dərin məzmunlu çıxış edərək tədbirin Xankəndi şəhərində keçirilməsinin xüsusi məna daşıdığını vurğulayıb. Dövlətimizin başçısı işğal dövründə Ermənistanın törətdiyi vandalizmi, eləcə də azad olunmuş ərazilərimizin bərpası yönündə görülən işləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin dediyi kimi, azad olunmuş ərazilərimizdə mühüm beynəlxalq tədbirlər keçirilir. O cümlədən, Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilib. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilib. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində isə işlər davam edir.

“Bütövlükdə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin Azərbaycanda keçirilməsi ölkəmizin bu nüfuzlu regional qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbir Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu sammit Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq. Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqları kompleks və strateji xarakter daşıyır, bu təşkilatla əlaqələrin inkişafı ölkənin regional və beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”, - deyən YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Şuşa şəhərinin 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan olunması Qarabağın incisini dünyaya turizm mərkəzi kimi tanıdacaq. Şuşanın turizm potensialı bunu deməyə tam əsas verir.

Chosen
25
12
azertag.az

10Sources