EN

Azərbaycanın dünyada artan nüfuzu barədə Rusiyadan maraqlı etiraflar...


Məlum həqiqətdir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıqlar yaradaraq Şərq-Qərb əməkdaşlığında da əsas halqalardan birinə çevrilib. Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib.

Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi önəmə malikdir.

Hazırda iki ölkə arasında münasibətlərin dinamik inkişafı beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzindədir. Məsələ ilə bağlı Ruiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “İyulun 3-də Özbəkistan və Azərbaycan prezidentləri Şavkat Mirziyoyevlə İlham Əliyev Qarabağ bölgəsinə gəliblər. Qarabağın bərpası qismən Azərbaycanın müttəfiqi Özbəkistan tərəfindən maliyyələşdirilir. Bir gün əvvəl Mirziyoyev və Əliyev Bakıda iki ölkənin Ali Dövlətlərarası Şurasının ikinci iclasını keçiriblər, ondan sonra sənaye, infrastruktur, kənd təsərrüfatı, səhiyyə, turizm, bank işi və sair sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalanıb. Ötən il Daşkənddə imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə Azərbaycan və Özbəkistan arasında sürətli yaxınlaşmanın əsasını qoydu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yaxınlaşma beynəlxalq aləmdə fəal qarşılıqlı fəaliyyətdə, qarşılıqlı dəstəkdə və müxtəlif sahələrdə birgə layihələrin uğurla həyata keçirilməsində özünü göstərir. O cümlədən, 2025-ci ilin birinci yarısında ticarət dövriyyəsi 40% artaraq 200 milyon dollardan çox olub. Ölkələr 2030-cu ilə qədər bu rəqəmi 1 milyard dollara çatdırmağı planlaşdırır. Artıq 360 milyon dollardan artıq layihələri maliyyələşdirən Özbəkistan-Azərbaycan İnvestisiya Fondu ikitərəfli münasibətlərin inkişafına fəal kömək edir. Həyata keçirilən layihələrə Daşkənddə yaşayış komplekslərinin, turizm obyektlərinin, logistik mərkəzlərin, Kaşkadəryada istehsalat müəssisələrinin tikintisi daxildir. Bakı Özbəkistana investisiya qoyuluşunu prioritet hesab edir. “Bizim planlarımız fondun ilkin kapitalını dəfələrlə üstələyir, çünki Özbəkistan dost, qardaş ölkədir”, - Əliyev deyib. "Niyə? Çünki Özbəkistan prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox gözəl investisiya mühiti yaradılıb ki, bunu təkcə bizim deyil, aparıcı beynəlxalq maliyyə institutları və bir çox dövlətlər qeyd edir. Təsadüfi deyil ki, bu gün Özbəkistan investisiyalar üçün çox cəlbedici ölkədir", - Əliyev vurğulayıb. Tərəflər nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirirlər. Özbəkistan Bakının infrastrukturundan istifadə edərək öz marşrutlarını transxəzər istiqamətinə fəal şəkildə inteqrasiya edir. 2022-ci ildə Azərbaycan ərazisindən yükdaşımaların həcmi 2 dəfə artıb. Hazırda birgə logistika şirkətlərinin, anbar qovşaqlarının yaradılması və dəmir yolu marşrutlarının inteqrasiyası müzakirə olunur. Bütün bu təşəbbüslər logistika sektorunda qlobal qeyri-sabitlik şəraitində dəniz yollarına çıxışı təmin etmək və ixrac marşrutlarını şaxələndirmək üçün Özbəkistanın daha geniş strategiyasına uyğundur.

İlham Əliyev Qarabağın dirçəlişində göstərdiyi köməyə görə Şavkat Mirziyoyevə də minnətdarlığını bildirib və xüsusilə qeyd edib: “Özbəkistan regionun bərpasına dəstək verən ilk ölkə olub. Özbəkistanın köməyi ilə tikilən və Mirzə Uluqbekin adını daşıyan ilk məktəb isə artıq tarixi vətənlərinə qayıdan şagirdləri qəbul edir”. Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərinin əsas hadisələrindən biri Bakıda Özbəkistan səfirliyinin yeni binasının təntənəli açılışı olub. “Tarixdə heç vaxt əlaqələrimiz indiki kimi yüksək səviyyədə olmayıb”, - Özbəkistan lideri qeyd edib. Ekspertlər qeyd edirlər ki, səfirliyin yeni binasının açılışı ümumi tarixi və mədəni köklərə əsaslanan Özbəkistan-Azərbaycan qardaşlığının və dostluğunun inkişafında növbəti addım olub. İyulun 3-də Əliyev və Mirziyoyev Azərbaycanın Qarabağ bölgəsində ünsiyyətini davam etdiriblər. Hər iki prezident ötən il videobağlantı vasitəsilə açılışında iştirak etdikləri Xankəndidəki birgə müəssisəyə, tikiş fabrikinə, eləcə də Ağdam şəhərindəki “İmarət” tarixi-memarlıq kompleksinə baş çəkiblər. Eyni zamanda Türkiyədə “Anadolu-2025” beynəlxalq xüsusi təyinatlıların genişmiqyaslı təlimləri başlayıb. Onlarda 19 ölkənin hərbçiləri iştirak edir. Təlimlərdə iştirakçılara ABŞ və Pakistan kimi tərəfdaşlar da qoşulub. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkələr arasında əməliyyat uyğunluğunun gücləndirilməsi, taktiki təcrübə mübadiləsi və hərbi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir. Manevrlər Türkiyənin hər yerində müxtəlif poliqon və bazalarda keçirilir və iyulun sonuna qədər davam edəcək. Xankəndidəki İƏT sammitində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, İƏT-ə üzv 13 ölkənin liderləri əsas məsələləri - ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsindən tutmuş dayanıqlı inkişafa və regional və qlobal çağırışlara birgə reaksiyaya qədər məsələləri diqqətə gətirilər. “Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi fonunda belə əlamətdar tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini və prezident Əliyevin həm Zaqafqaziyada, həm də Mərkəzi Asiyada nüfuzunu vurğulayır”, - Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski bildirib. “Regionda əməkdaşlığa təkan verən Azərbaycanın İƏT-dəki rolu xüsusi diqqətə layiqdir. Bununla belə, İƏT-in gələcək inkişafı bürokratik strukturların güclənməsinə və nəticədə iştirakçı dövlətlərin milli suverenliyinin potensial azalmasına gətirib çıxara bilər. Zaqafqaziya və Mərkəzi Asiya xalqları arasında əlaqələr və əməkdaşlıq gücləndirilərkən, müsbət potensialın nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Millətlərüstü təşkilatların artan təsiri ilə bağlı risklər, buna görə də türk dünyası daxilində dostluq və əməkdaşlığı alqışlamaqla yanaşı, İƏT-in inkişafını yaxından izləmək və onun bütün iştirakçılarının milli suverenliyinin qorunmasını təmin etmək lazımdır”, - Kobrinski vurğulayıb”.

Tahir TAĞIYEV

Chosen
11
50
baki-xeber.com

10Sources