EN

Siyasi iradədən iqtisadi zəfərlərə və Azərbaycan–Özbəkistan qardaşlığı



Azərbaycan–Özbəkistan münasibətləri tarixdən gələn bir dostluq dastanıdır. Amma bu dastanın ən qiymətli cəhəti odur ki, o, yalnız emosional bağlarla deyil, konkret layihələrlə, yeni məktəblərlə, fabriklərlə, iri investisiya fondları ilə, Orta Dəhlizdən Avropaya uzanan nəhəng nəqliyyat arteriyaları ilə yazılır. Bu, sözün həqiqi mənasında dostluğun iqtisadi gücə, siyasi həmrəyliyin inkişaf strategiyasına çevrildiyi nadir bir nümunədir. İyulun 2-də Bakıda Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin mətbuata bəyanatları bir daha təsdiqlədi ki, iki qardaş xalqı birləşdirən tellər artıq yeni mərhələyə – konkret nəticələr doğuran strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik." Bu bəyanatın arxasında yüz milyonlarla dollarlıq layihələr, minlərlə insan üçün yeni iş yerləri, regionun inkişafına xidmət edən infrastruktur yatırımları və Qarabağın dirçəlişinə verilən bənzərsiz töhfələr dayanır. Bu Qarabağda quruculuq işlərində qardaşlığın canlı rəmzi kimi özünü daha qabarıq göstərdi. Ən çox qürur doğuran nümunə Qarabağ torpağında reallaşan sosial layihələrdir. Prezident İlham Əliyev çox səmimi minnətdarlıqla xatırlatdı: "Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarıq. Prezident Mirziyoyev dünyada ilk lider oldu ki, Qarabağ bölgəsinin bərpasına dərhal yardım etdi." Özbəkistanın Füzulidə inşa etdiyi, böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan məktəb bu qardaşlığın əbədi simvoluna çevrildi. Orada Qarabağa qayıdan uşaqlar təhsil alır, gələcəyə inamla baxırlar. Xankəndidə yaradılan tikiş fabrikində isə artıq 200-dən çox insan işləyir, yaxın gələcəkdə bu rəqəm daha da artacaq. Bu, sadəcə iqtisadi layihə deyil, həm də insanların doğma yurduna qayıdışı, həyatın yenidən canlanması deməkdir. Bunlar isə iqtisadi gücə çevrilən siyasi iradə deməkdir. Son illərdə münasibətlər yeni keyfiyyət mərhələsinə yüksəlib. Daşkənddə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkəni rəsmi müttəfiq etdi və əməkdaşlığı strateji əsasda rəsmiləşdirdi. Bu siyasi iradə iqtisadi sahədə də real nəticələr verir. Böyük hədəflərlə yaradılan 500 milyon dollarlıq İnvestisiya Fondu artıq onlarla layihəyə vəsiqə qazandırıb. Prezident İlham Əliyevin sözləri ilə desək: "Biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk. Planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir." Energetika, turizm, kənd təsərrüfatı, tikinti, sənaye – bütün bu sahələrdə konkret və perspektivli layihələr artıq işə start verib. Bu, təkcə iqtisadi rəqəmlərin artması deyil; yeni müəssisələr, yeni bazarlar, yeni iş yerləri, daha çox rifah deməkdir. Orta Dəhliz isə qardaşlıqdan qlobal tranzit yoluna gedən yol kimi daha qiymətlidir. Təbii ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının qlobal əhəmiyyət daşıyan qolu Orta Dəhlizdir. Bu dəhliz Mərkəzi Asiyanı, Xəzər üzərindən keçərək Azərbaycanın dəmir yolu və liman infrastrukturu vasitəsilə Avropaya birləşdirir. Prezident İlham Əliyev vurğuladı ki, "Biz layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirəcəyik. Həm də qonşu ölkələrlə nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq aparacağıq." Bu yol nəinki regionu dünya bazarlarına çıxarır, həm də regionda sabitliyi və əməkdaşlığı möhkəmləndirir, ölkələrimizin beynəlxalq mövqeyini daha da gücləndirir. Eyni zamanda gələcəyə baxış modelinin uğurlarına təminat verir. Bu əməkdaşlığın əsasında isə yalnız iqtisadi maraqlar deyil, səmimi dostluq, qarşılıqlı etimad və xalqların gələcəyinə xidmət etmək ideyası dayanır. Cənab Prezident İlham Əliyevin qısa, amma dərin məzmunlu fikri bu qardaşlığın fəlsəfəsini aydın ifadə edir: "Biz dost, qardaş olacağıq və birlikdə çalışacağıq." Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış çox saylı sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Onu da deyim ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə tarixdən gələn qardaşlıq duyğusu ilə yox, konkret layihələrlə, məktəblərlə, fabriklərlə, tranzit yolları ilə, birgə fondlarla daha da möhkəmlənir. Bu isə təkcə iki ölkənin deyil, bütöv bir regionun inkişafıdır və ən vacib, ən parlaq səhifələr isə hələ qarşıdadır. Göründüyü kimi,  Özbəkistan-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir və irəlidə də yeni-yeni əməkdaşlıq üçün böyük perspektivlər var. Həmin perspektivlərin tezliklə reallaşdırılacağı isə heç bir şübhə doğurmur. Çünki bunun üçün ortada həm siyasi iradə, həm də istək, arzu var.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.





Chosen
1
11
aia.az

10Sources