“Son illərdə ölkədə Qeyri-Hökumət Təşkilatları (QHT) sektorunda şəffaflığın təmin olunması istiqamətində mühüm və əməli tədbirlər həyata keçirilir. QHT-lərə dövlət dəstəyi mexanizminin normativ hüquqi bazanın təkmilləşdirilməsi hesabatlılıq və şəfafaflığın təmin olunması prosesini sürətləndirdi. Bir növ bu sahədə yeni islahatların həyata keçirilməsinə yol açıldı”.
Bu barədə Hafta.az-a Azərbaycan Demokratik İslahatların İnkişafı (ADİİM) Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev Qeyri Hökumət Təşkilatlarının fəaliyyəti ilə qanun layihələrinin müzakirəsi fonunda praktik görülən işlərə diqqət çəkərkən bildirib.
C.Şahverdiyev qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanında məhz dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinin əsas məqsədlərindən biri kimi QHT-lərin fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili xüsusi vurğulanıb:
“QHT-lər zamanın çağırışlarına, tələblərinə və reallığa cavab verəcək formada fəaliyyət göstərməlidirlər. Xatırladaq ki, Prezident 2007-ci ilin iyul ayında QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasını imzalayıb. Elə o vaxtdan QHT-lər vətəndaş cəmiyyətinin aparıcı qüvvəsinə çevrildi. QHT sektorunun inkişafı, müasir tələblərə cavab zaman-zaman müəyyən qanunlarla təkmilləşdirildi. Dünyanın bir çox ölkələrində QHT-lərin fəaliyyətinin şəffaf olması və onun həm maliyyə, həm də proqram fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar təqdim etməsi qanunvericiliklə və digər normalarla tənzimlənir. QHT fəaliyyətində şəffaflığa önəm veriməlidir. Azərbaycanın milli maraqları, təhlükəsizliyi əsas məsələdir. Hər bir QHT ölkənin təhlükəsizliyinin təmin edilməsinə çalışmalıdır. Məkrli niyyətlərlə fəaliyyət göstərən təşkilatlara aramızda yer yoxdur və bu hallar aşkarlanarsa, mütləq qanun çərçivəsində cəzalanmalıdırlar. Özümüz onları ifşa etməliyik.
Ötən ildə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işinin başlanması hadisəsini yada salaq. Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilən qanun pozuntuları faktları ilə bağlı idi”.
QHT rəhbəri hesab edir ki, belə halların qarşısının alınması üçün qanunvericilik bazasında əlavə və dəyişikliklərə ehtiyac var və zaman bunu tələb edir:
“Məsələn, fəaliyyətin şəffaflığnı təmin etmək məqsədilə İnzibati Xətalar Məcəlləsinə Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib ki, bu da bütövlükdə vətəndaş cəmiyyəti ilə dövlət arasında bağları möhkəmləndirməyə xidmət edir. QHT fəaliyyətində şəffaf olmaqla yanaşı, dövlətinə, onun qanunlarına, müstəqilliyinə xələl gətirə biləcək heç bir addım atmamalıdır. Bu hal dövlətə xəyanət hesab edilməlidir. Bəli, vaxtilə xarici qaynaqlardan maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində ciddi qeyri-şəffaflıq elementləri, hətta konkret qanun pozuntuları mövcud olub. Belə QHT-lər xarici donorlardan aldıqları vəsaitləri təyinatı üzrə istifadə etmək əvəzinə, siyasi məqsədlərin həyata keçirilməsinə yönləndirirdilər. Bu, bütövlükdə QHT sektorunun fəaliyyətini kölgə altına alırdı. Bu gün Azərbaycan qalib ölkədir, inkişaf edən, güclü iqtisadi potensiala malikdir. Güclü və qalib Azərbaycanın QHT sektorunun da güclü və şəffaf olması zamanın tələbidir. QHT-lərin fəaliyyətinin şəfaflığı ilə bağlı müəyyən qanunvericilik bazasında dəyişikliklər edilməsi irəliyə doğru bir addımdır, bu bütün sektorun inkişafı deməkdir. QHT-lər qanunvericliyin tələblərini yerinə yetirməklə yanaşı, şəffaflığın təmin edilməsi ilə bağlı cəmiyyət qarşısında məsuliyyətlərini unutmamalıdırlar. Xarici donor təşkilatlarından aldığı qrantı gizlədən QHT-nin axırı yoxdur, bu, müvəqqəti "güc"dür, müvəqqəti varlanmaqdır. Vətənini, millətini, dövlətini sevən, ona xidmət edən və gözü xarici donor təşkilatların cibində olmayan QHT məlum qanunvericiliyə dəyişiklik və tələblərdən qorxmayacaq. Azərbaycanın qanunlarına və milli maraqlarına hörmət edən qurumların bu dəyişikliklərdən narahat olmasına heç bir əsas yoxdur”.
C.Şahverdiyev qeyd edib ki, bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəffaf fəaliyyət göstərməklə yanaşı, QHT sektorunun inkişafı üçün bütün səyini səfərbər edib. Onun sözlərinə görə, Agentlik növbəti ildən başlayaraq sektora ayrılan maliyyə vəsaitlərinin daha da artmasına çalışır:
“Bu da QHT-lərin layihələrin daha effektli olmasına yeni imkanlar yaradacaq. Bu gün QHT-lərin beynəlxalq əməkdaşlığına, münasibətlərin yaranmasına böyük önəm verilir. Agentlik QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər, layihələr icra edir və ənənəvi qrant müsabiqələri çərçivəsində, eyni zamanda səfər qrantı müsabiqəsi çərçivəsində QHT-lərin beynəlxalq istiqamətdə layihələri dəstəklənir, onların beynəlxalq təşkilatların müxtəlif tədbirlərində iştirakı təmin edilir”.
C.Şahverdiyev bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra yaranan mövcud reallıqlar QHT-lərimiz qarşısında yeni vəzifələr qoyur. Bu xüsusda Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və s. təşəbbüslərlə çıxış etməlidirlər. Onun sözlərinə görə, Agentlik bu məqsədə nail olmaq üçün QHT-lərə bütün istiqamətlərdə dəstək verir:
“Bu il 116 ölkədən təxminən 200 QHT təmsilçisinin iştirak etdiyi Qlobal Cənub QHT Forumunun Bakıda təşkili, Agentliyin beynəlxalq əməkdaşlıq platforma və tədbirlərdə iştirakı, müxtəlif müqavilələrin imzalanması onu göstərir ki, dövlət QHT sektorunun daxili və beynəlxalq aləmdə inkişafında, fəaliyyət şəffaflığının qorunmasında həm maraqlıdır, həm də onlara geniş imkanlar açır. QHT-lərin də bunun müqabilində dövlətin milli maraqlarından çıxış edəcəyinə inanıram. Fəaliyyətini Azərbaycan qanunvericiliyi tələblərinə uyğun qurmayan QHT-lərin isə cəzalanacağı mütləqdir”.