EN

Marko Veşoviç: “Artıq “Qarabağ”da darıxırdım”

“Qarabağ”ın sabiq futbolçusu, Monteneqro millisinin sağ cinah müdafiəçisi Marko Veşoviç ölkəsinin “Vijesti” nəşrinə müsahibə verib.

Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu müsahibədə Ağdam klubundakı karyerasına və gələcək planlarına toxunub.

Bu yay müqaviləsinin müddəti bitdikdən sonra “Qarabağ”la yolları ayırmış təcrübəli futbolçu bunları deyib:

“Qarabağ”da dörd uğurlu və gözəl il keçirdim. Çətin idi. Çünki klubun ambisiyaları hər mövsüm artırdı, lakin həm yerli çempionatda, həm də Avropa arenasında keyfiyyət və nəticələr göz önündə idi. Dörd dəfə çempion olduq, demək olar ki, eyni sayda “qızıl dubl” etdik, Avropa Liqasının 1/8 finalında “Bayer”lə qarşılaşdıq”.

Veşoviçin sözlərinə görə, Avropanın həmin mövsüm sensasiyası olan komandaya – “Bayer”ə qarşı oyunu uzun müddət xatırlayacaq:

“Təəssüf ki, hər iki oyunda əlavə dəqiqələrdə buraxdığımız qollara görə mərhələni keçə bilmədik. Klub böyüdükcə mən də oyunçu kimi inkişaf etdim. Amma artıq darıxırdım. Yeni motivasiyaya ehtiyac duyduğumu hiss etdim və yoluma davam etməyə qərar verdim. Klubdakı hər kəsə minnətdaram və onlara uğurlar arzulayıram”.

Hazırda azad agent olan Markonun dediyinə görə, ona olan maraq çoxdur:

“Təkliflər kifayət qədərdir, lakin hazırda əvvəlki mövsümlərdə edə bilmədiyim istirahətin dadını çıxarmaq istəyirəm. Yaxın 10 gün ərzində konkret danışıqlar gözləyirəm. Karyeramı güclü bir liqada davam etdirmək istərdim, amma eyni zamanda ailəmlə sakit yaşaya biləcəyim Monteneqroya yaxın olmaq istəyirəm” – deyə müdafiəçi bildirib.

Xatırladaq ki, Marko Veşoviç 2021-ci ilin iyul ayından “Qarabağ”da çıxış edirdi. 33 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində 134 oyuna çıxıb. O, bu oyunlarda 5 qola imza atıb və 16 məhsuldar ötürmə müəllifi olub.

Veşoviç peşəkar karyerasına “Buduçnost” klubunda başlayıb. O, karyerası ərzində ölkəsinin “Mladost”, Serbiyada “Srvena Zvezda”, İtaliyada “Torino”, “Spetsiya”, Xorvatiyada “Riyeka”, Polşada “Legiya” klublarının da formasını geyinib. Müdafiəçi Monteneqro millisində 60 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
10
26
arena.az

10Sources