EN

Mehriban Vəliyeva: Özbəkistan Prezidentinin səfəri münasibətlərimizin yeni mərhələyə qədəm qoymasının təsdiqidir

Bakı, 4 iyul, AZƏRTAC

Türk dünyasının güclənməsi və inkişafı istiqamətində ardıcıl xarici siyasət yürüdən Azərbaycan bu məqsədə çatmaq üçün həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ayrı-ayrılıqda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yönündə addımlar atır. Prezident İlham Əliyevin ötən il fevralın 14-də andiçmə mərasimindəki çıxışında “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” söyləməsi indiki mürəkkəb qlobal siyasi dövrdə daha böyük məna kəsb edir. Dövlətimiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsində maraqlıdır. Həmin regionun ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın münasibətləri xüsusilə son illərdə daha da möhkəmlənib. İki dost, qardaş, müttəfiq ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda yaxından əməkdaşlıq edirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki qardaş xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verdi. Bu səfər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlığın dərinləşdiyini göstərən amildir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O vurğulayıb ki, qardaş Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərimizin strateji səviyyə daşıdığının təsdiqidir: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində qədim və ortaq tarixdən qaynaqlanan milli-mənəvi dəyərlərimiz dayanır. Bəzi dairələr uzun onilliklər ərzində bu tarixi gerçəkliyi hər iki xalqa unutdurmağa, ən azından arxa plana keçirməyə çalışsalar da məqsədlərinə çata bilməyiblər. Prezident Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında maraqlı fikir səsləndirdi: “Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq”. Müstəqilliklərini bərpa etdikdən sonra isə bu əlaqələr yeni mərhələyə qədəm qoyub, qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərimiz son illər daha da güclənib, əlaqələrimiz möhkəmlənib. Prezident Şavkat Mirziyoyevin bu səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regionda geosiyasi əməkdaşlığın dərinləşməsi kontekstində mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Özbəkistan həm Türk Dövlətləri Təşkilatında, həm də digər beynəlxalq platformalarda fəal əməkdaşlıq edir. Bu səfər Türk dünyasının birliyi və inteqrasiyası yolunda daha bir mühüm addım kimi qiymətləndirilməlidir. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artması, iqtisadi potensialının güclənməsi Azərbaycanı sevindirir. Prezidentlərin rəhbərliyi ilə keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib. Bu forum çərçivəsində bir sıra investisiya layihələri barədə razılıq əldə olunub. Xüsusilə energetika və sənaye sahəsində ortaq müəssisələrin yaradılması planlaşdırılır. Nəqliyyat sahəsində də əməkdaşlıq ön plana çıxır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Özbəkistanın tranzit imkanlarının genişlənməsi müzakirə edilib. Yaxın gələcəkdə Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması mümkün olacaq. Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı mədəni-humanitar əməkdaşlıq da xüsusi diqqət mərkəzində oldu. Tərəflər təhsil və elm sahəsində mübadilələrin artırılması, tələbə və müəllimlərin qarşılıqlı səfərlərinin təşkili, birgə mədəni tədbirlərin keçirilməsi barədə razılığa gəldilər. Bakı şəhərində Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Şavkat Mirziyoyevin iyulun 2-də ölkəmizə səfəri Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi və Özbəkistan səfirliyinin yeni binasının açılışı çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyindən xəbər verir”.

Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan-Özbəkistan dostluğu Qarabağın bərpası prosesində də öz əksini tapır: “Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyevin timsalında Özbəkistan azad olunan ərazilərin yenidən qurulmasına töhfə verən ilk xarici ölkə oldu. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. Özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 yerlik tam orta məktəb Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə işlək vəziyyətdədir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq qısqanclıqla qarşılanır. Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələri bundan sonra da yeni istiqamətlər üzrə uğurla davam etdiriləcək”.

Chosen
2
25
azertag.az

10Sources