EN

Hər görüş, hər söz, hər imza dostluq körpüsünün yeni daşına çevrilir...

2025-ci ilin iyul ayı tarixin səhifəsinə daha bir dostluq səhifəsi yazdı. Azərbaycan və Özbəkistan... iki qardaş xalq, iki qədim mədəniyyətin daşıyıcısı bu dəfə də gələcəyə birlikdə baxdı. İyulun 2-də Bakıda keçirilən görüş zamanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin səmimi, gələcəyə ümid dolu bəyanatları bu dostluğun artıq sadəcə sözlərdə deyil, sənədlərdə də möhürləndiyini göstərdi. “Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq” – deyə Prezident Əliyev bildirdi. Bu cümlə yalnız bir hüquqi sənədi deyil, iki ölkənin ürəkdən gələn bağlılığını ifadə edirdi. Bu artıq sadəcə əməkdaşlıq yox, əsl müttəfiqlikdir – çiyin-çiyinə, gələcək uğurlar üçün bir yerdə olmaq deməkdir. Söhbət təkcə diplomatik münasibətlərdən getmirdi.

Prezident Əliyev böyük məmnuniyyətlə Özbəkistanın idman sahəsində qazandığı yeni uğurları qeyd etdi. Bu, yalnız idman yarışlarında qazanılan medallar deyildi – bu, bir xalqın iradəsinin, zəhmətinin, gəncliyinin parlayan güzgüsü idi. Prezident Özbəkistanın inkişaf yolundan da danışdı. “Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinc hissi ilə müşahidə edirik” – bu sözlər sadəcə bir diplomatik jest deyildi, bu, dostun uğuruna sevinmək idi. Hər addımda daha irəli gedən, islahatlar edən, güclənən bir Özbəkistanın uğurları Azərbaycanda da ruh yüksəkliyi ilə qarşılanırdı. Və nəhayət, iki ölkə arasında imzalanan yeni sənədlər.

Hər sənəd bir yol xəritəsi, bir niyyət bəyannaməsidir – iqtisadiyyatdan mədəniyyətə, təhsildən enerjiyə qədər uzanan geniş bir əməkdaşlıq spektri. Azərbaycan və Özbəkistan artıq sadəcə qonşu və ya keçmişi ortaq olan ölkələr deyillər. Onlar gələcəyi birgə qurmaq istəyən, eyni yolda addımlayan iki tərəfdaşdır. Və bu yolda hər görüş, hər söz, hər imza bir dostluq körpüsünün yeni daşına çevrilir.

Bahar Hüseynova, 
257 saylı məktəbin müəllimi

Chosen
4
37
ikisahil.az

10Sources