EN

“Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır” - Nadir Yalçın

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Bu epiqrafın məsəli ana dilimizdən uzaq, analogiya aparmaq üçün isə yerində olan beytdir. Ona görə “məsəli uzaq” deyirəm ki, Azərbaycan dili bədbəxtlik kontekstindən çoxdan uzaqlaşıb. Bu dili bədbəxt olmaqdan xilas edən isə Azərbaycan dilinin şəhdini, şirəsini qələminin canına çəkmiş yazıçı-şairlər, qələm adamları, yüksək qiraətlə, ustacasına nitqlər söyləyən ayrı-ayrı şəxslər olub.

Qısa haşiyə çıxıb bir vacib məsələyə fokuslanaq. Bəzən Azərbaycan dilinin tərkibində alınma sözlərin, nisbətən, çoxluğunu bayraq edib dilə töhmət libası biçirlər, məzəmmətli çıxışlarla Azərbaycan dilinə dərs keçməyə çalışırlar. Demək olar ki, bütün dillərin leksik fondu alınma sözlərlə zəngindir. Avropa mənşəli neologizmlərin (həmin neologizmlər sonradan ümumişlək sözə çevrilir) ilbəil dildə çoxalması təbii haldır. Əgər dildə neologizm yaranmırsa, demək, texnoloji, həmçinin müxtəlif ixstisaslaşmış sahələrdə tərəqqi dayanıb. Dil orqanizm kimi özü-özünü tənzimləyən və bu tənzimləmə prosesində cəmiyyətin, dövrün, proseslərin ümumi mexanizminə uyğunlaşan məhfumdur. Ona müdaxilə etmək və ona hökm oxumaq həddindən artıq çətin, çox vaxt isə mümkünsüzdür...

O ki qaldı ərəb-fars mənşəli sözlərin vaxtilə dilə keçməsinə, könül istərdi, fars mənşəli sözlərin sayı dilimizdə az olsun. Amma bu sənin, mənim könlümün istəməyi ilə mümkün olan bir şey deyil. Dövrün, quruluşun diqtəsi ilə dilimizdə özünə geniş yer edən bu leksik təbəqə şeirin, poeziyanın, musiqinin dilinə çevrildi. İstəsək də, bundan azad olmaq qeyri-mümkündü. XXI əsrdə “Niyə dilimizdə ərəb-fars mənşəli sözlər çoxdur?” polemikasını qabartmaq əbəsdir, vaxt itkisidir.

İndi deyəcəksiz, bu məsələ hardan yada düşdü? Heç vaxt yarımadığımız qonşumuz Rusiyanın Səfərovlar ailəsinin başına açdığı oyunların fonunda gərginləşən əlaqələr yenidən rus dilinin cəmiyyətdə geniş yayılması narahatlığını yada saldı. Vaxtilə SSRİ-nin tərkibində olan türk dövlətləri, eşitdiyimə görə, rus dilinin vassallığından xilas olmayıb. Ötən ay Qırğızıstanda olarkən bunun canlı şahidi oldum. Bir var rusdillilərin ölkədə sayının çox olması, bir də var ki, rus dilinin rəsmən ikinci ana dili kimi qəbul edilməsi... Qırğızıstanda bütün iaşə obyektlərinin adını özündə əks etdirən lövhələrdə rus dilində yazılanların qarşılığını mütləq görürük. Sözümün canı, onlara baxanda bizdə dillə bağlı məsələ bir az babatdı. Amma qaneedicidirmi?

Bir dəfə Bakının mərkəzində – Nizami küçəsində Şəhriyar del Gerani ilə kiçik təcrübə apardıq. Ədəbiyyat muzeyinin yanında dayanıb qulağımıza dəyən sözləri-söhbətləri analiz etdik və çox qəribədir ki, beş dəqiqə müddətində bir Azərbaycan sözü eşitmədik.

Mən özüm evdə rus bölməsində oxuyan dayım uşaqları ilə söhbət edə bilmirəm. Çünki bir-birimizi başa düşmürük.

Statistika insanı dəhşətə gətirir; Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156-160 min nəfərdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Bu say Azərbaycan kimi ölkə üçün həddindən artıq çoxdur. Məsələnin iqtisadi, vergi öhdəliyi kimi aspektlərini də nəzərə alaraq, qəti bir sual meydana gəlir:

Bu qədər rusdilli şəxs nə üçün və kimin üçün formalaşdırılır?

Hansı zərurət, hansı vacib çatışmazlıq bu qədər şəxsin rus dilində təhsil almasını labüd edir?

Heç kimə filan dili öyrən, filan dili öyrənmə demək olmaz. Amma bu dil dövlət hesabına kütləvi şəkildə öyrədilirsə, üstəlik, Rusiya tərəfindən belə qıcıqlandırıcı məqamlar, qərəzli münasibət tez-tez gündəmə gəlirsə, bu canfəşanlığa nə ehtiyac var?

Kim öz dil biliklərini artırmaq istəyirsə, öz büdcəsi hesabına bunu həyata keçirsin. Büdcəsi imkan vermirsə, xüsusi sosial layihələrə müraciət etsin...

İşəgötürənlərin də bu məsələdə günahı böyükdür. Əksəriyyət rus dili biliyi tələb edir. İşə götürəndən sonra qısamüddətli kurs təşkil edib lazımi səviyyəyə çatdırmaq olar.

Bu söhbətlər qızışan vaxt feysbukda bir status qarşıma çıxdı:

“Menyusu yalnız rus dilində olan və Bakıda fəaliyyət göstərən məkanları etiketləyin. Hər birini ziyarət edib ardınca da şikayət edəcəyik”.

Rəylərdə yazılmışdı ki, Bakıda elə restoranlar var ki, heç Azərbaycan dilində menyusu yoxdur.

Bu menyuların dilini hansısa ictimai qınaqdan çəkinib dəyişəcəklər, bəlkə də. Kim bilir, heç əhəmiyyət verməyəcəkləri də şübhə yaratmır. O rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır. O başın yerinə milli heysiyyəti özündə ehtiva edən təfəkkür yerləşdirmək lazımdır.

Azərbaycan bölməsində təhsili elə sanbala mindirmək lazımdır ki, bu camaat da rus bölməsinə üz tutmasın, uşağının rus bölməsində oxuması ilə öyünməsin.

İndi bizim həmin o sahibkarlarımız Sonyalara bənd olub Tükəzabanları taleyin umuduna buraxmamalıdır. Vətəndaş məsuliyyəti deyilən bir şey var. Bu dildə bizi təhqir edirlər. Şəxsən bu proseslərin yekunu kimi rusların Şahin Şıxlinskinin maşından o cür düşürdüb yerə yıxdığını görəndə özümü alçaldılmış hiss etdim. O videolara baxandan sonra rusca söz eşitmək istəməmək bizim hamımızın təmiz haqqıdır.

Rus dilinin cəmiyyətə nüfuz etməsindən gileylənəndə fars, ərəb, Avropa dillərindən alınmaları adamın başına danqıldatmaq lazım deyil. O sözlər nə vaxtsa, necəsə dilə çəkib. İndiki təhlükədən qorunmaq nə vaxtdan qəbahət olub?!

Yazının sonunda Mövlud Süleymanlının Alik Əlioğluya göndərdiyi məktubdan bir hissəni paylaşıram:

“Mən 1960-cı ilin yayında orta məktəbi qurtarıb, Tiflisə gəlib inşaatda-tikintidə işləməyə başladım. Bir neçə gürcü tələbəylə dostluğumuz yarandı. Axşamlar Rustaveli prospektinə gəzməyə çıxardıq. Mən elə ilk gündən anladım ki, onlar evdə, işdə bir cür, şəhərin mərkəzində tamamilə ayrı cür danışırlar; səslərini, ifadələrini dəyişirlər. Bir dəfə dedim:

– Nodari, sən küçəyə çıxan kimi səsini, danışığını dəyişirsən, niyə?

– Bələ də olmalıdı,– dedi Nodari, – mən gürcü xalqının dilini, ifadəsini daşıyıram, Rustaveli prospektində yad-yabancı millətlər çoxdu, onlar bu dili anlamasalar da, səslənməsini bəyənməlidirlər...”.

Chosen
21
5
kulis.az

10Sources