Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi ödəniş agenti statusu ilə təsdiqləyib.
FED.az xəbər verir ki, AMB tənzimləyici banklar arasında ilk dəfə bank ödəniş agentini təsdiqləyib.
Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağladığı müqavilə əsasında onun adından ödəniş xidmətlərini göstərən hüquqi və ya fiziki şəxs hesab olunur. Bu fəaliyyət ödənişlərin qəbulundan nağdlaşdırılmasına qədər geniş xidmət spektrini əhatə edir.
Qeyd edək ki, Mərkəzi Bank nəzarət subyektləri və ödəniş agentlərinin reyestrini aparır və həmin reyestr ictimaiyyət üçün açıqdır. Reyestrdə agentlərin adı, hüquqi ünvanı, rəhbər şəxsləri, fəaliyyət növləri və lisenziyalar barədə məlumat əks olunur.
2021-ci ildə yaradılmış “KorpON” MMC əsasən hüquqi və fiziki şəxslərin iri həcmli nağd ödəniş və inkassasiya proseslərini optimallaşdırmaq məqsədi ilə fəaliyyət göstərir. Şirkət eyniadlı “KorpON” ticarət nişanı ilə tanınır və Bakıda 50-dən çox ünvanda – o cümlədən “PAŞA Bank”ın filiallarında, eləcə də “Bravo”, “Araz”, “Grand”, “Rahat”, “Bazarstore”, “Bolmart” supermarketlərində və “Gənclik Mall” ticarət mərkəzində öz terminalları vasitəsilə xidmət göstərir.
Bununla yanaşı, “KorpON” yalnız ödənişlərin toplanması ilə deyil, həm də müştərilər üçün nağd vəsaitlərin sığortalı şəkildə inkassasiyasını həyata keçirir. (Banker)