EN

"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"

 
"Baş verənlər sadəcə bir diplomatik insident deyil, bu, Rusiya üçün Cənubi Qafqazda nüfuzun sınağa çəkildiyi yeni dövrün başlanğıcıdır..."
 
Rəsmi Bakı sərt mövqe tutur, Moskva sakitlik nümayiş etdirir - bu qarşıdurma iqtisadi münasibətləri necə dəyişə bilər?..
 
Yekaterinburqda azərbaycanlılara qarşı zorakı həbslərdən sonra Bakı sərt mövqe tutur. Moskva isə sakit tonda qalmaq istəyir. İki ölkə arasında münasibətlərin gərginləşməsi regionda güc balansına necə təsir edə bilər?
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, son günlər Rusiya ilə Azərbaycan arasında gərginlik sürətlə dərinləşir. Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması, iki nəfərin ölümə məruz qalması və ardınca Bakının Rusiya vətəndaşlarını sərt şəkildə saxlaması, münasibətlərdə yeni bir siyasi böhranın başlanğıcına işarə edir. Daha öncə - 2023-cü ilin sonunda Azərbaycan Hava Yolları təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulması da tərəflər arasında inamsızlıq yaratmışdı.
 
Rusiya tərəfi məsələni kriminallaşdırmağa çalışsa da, Azərbaycan ictimaiyyəti və hökuməti bunu etnik yönümlü repressiya kimi qiymətləndirir. Hazırda rusdilli məktəblərin bağlana biləcəyi ilə bağlı xəbərlər, təxribat kimi yozulan açıqlamalar və sərt median tonu problemin sadəcə diplomatik böhran olmadığını göstərir - söhbət artıq geosiyasi xəritənin dəyişməsindən gedir.
 
Ticarət göstəriciləri: Asılılıq qarşılıqlı, amma qeyri-simmetrikdir
 
2024-cü ilin yekunlarına görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard dollar olub. Azərbaycanın Rusiyaya ixracı cəmi 1,2 milyard, idxalı isə 3,6 milyard dollar təşkil edib. Bu rəqəmlər Bakının Rusiya bazarına nisbətən daha çox bağlı olduğunu göstərir. Üstəlik, Azərbaycanın Rusiyaya ixrac etdiyi əsas məhsullar - kənd təsərrüfatı məhsulları və plastiklər alternativ bazarlarda daha çətin satıla bilər.
 
Lakin bu statistika məsələnin yalnız bir üzüdür. Digər tərəfdən, Rusiya üçün Azərbaycan strateji keçid nöqtəsinə çevrilib. Ukrayna müharibəsindən sonra Avropadan təcrid olunan Moskva üçün Azərbaycan, İran və Hind okeanı ilə əlaqəni təmin edən "Şimal-Cənub dəhlizi" kritik əhəmiyyət daşıyır.
 
Sanksiyalar dövründə Azərbaycanın Moskva üçün rolu böyüyür
 
 
Qərb sanksiyaları altında əziyyət çəkən Rusiya üçün hər hansı iqtisadi tərəfdaş, hətta nisbətən kiçik olsa belə, artıq geosiyasi aktivə çevrilir. Azərbaycan bu baxımdan iki mühüm funksiya yerinə yetirir:
 
- Enerji tranziti və qaz koordinasiyası: Azərbaycan qazını Avropaya artırmaqla Rusiyanın bölgədəki dominantlığını balanslaşdırır. Eyni zamanda, Rusiyadan daxili istehlak üçün qaz ala bilər, bu qarşılıqlı razılaşma bazar çevikliyini artırır.
 
- İkili təyinatlı məhsulların daşınması: "Financial Times" və digər Qərb mənbələri iddia edir ki, Türkiyə və Azərbaycan vasitəsilə Rusiyaya hərbi-sənaye üçün istifadə oluna biləcək texnologiyalar ötürülür. Bu, Azərbaycanı Vaşinqton və Brüssel üçün də diqqət mərkəzinə gətirir.
 
Diplomatik böhran fonunda daxili siyasi mesajlar
 
Azərbaycanın sərt ritorikası təkcə Moskvaya deyil, həm də öz ictimaiyyətinə və regiondakı digər güc mərkəzlərinə ünvanlanıb. Rəsmi Bakı göstərmək istəyir ki, artıq "kiçik ortaq" roluna razı deyil və geosiyasi manevr imkanları artıb. Vaşinqtondakı Kennan İnstitutunun analitiki Maksim Trudolyubovun sözləri ilə desək: "Bakı artıq Rusiyanın regiondakı iradəsinə tabe olmaq istəmir. Onun sərt mövqeyi regiondakı digər ölkələrə də siqnaldır: Moskva əvvəlki kimi hökmran deyil".
 
Qarşıdurma, yoxsa yeni münasibət formatı?
 
Mütəxəssislər hesab edir ki, Azərbaycan və Rusiya arasında münasibətlər tam qırılmayacaq. İki ölkənin iqtisadi və nəqliyyat baxımından qarşılıqlı asılılığı kifayət qədər dərinləşib. Lakin mövcud böhran gələcək əməkdaşlığın formasına təsir göstərəcək: Bakı daha bərabərhüquqlu tərəfdaşlıq tələb edəcək, Moskva isə kövrək geosiyasi əlaqələri qorumaq üçün kompromislərə getməyə məcbur olacaq. Hazırda baş verənlər sadəcə bir diplomatik insident deyil, bu, Rusiya üçün Cənubi Qafqazda nüfuzun sınağa çəkildiyi yeni dövrün başlanğıcıdır.
Chosen
11
50
moderator.az

10Sources