Oğuz rayonu Xalxal kəndinin sakinləri bu yaşayış məntəqəsinin mavi yanacaqla təmin olunacağı günü səbirsizliklə gözləyirlər.
“Report”un Şimal-qərb bürosu Oğuzun turizm üçün əlverişli hesab olunan Xalxal kəndinin həllini gözləyən təbii qaz problemini araşdırıb.
Ölkənin qazla təchiz edilməyən bır sıra ucqar dağ kəndləri yanacaq tələbatını ödəmək üçün əsasən odun və digər yanacaq növlərindən istifadə edirlər. Həmin yaşayış məntəqələrindən biri olan Oğuzun min nəfərə yaxın əhalisi olan Xalxal kəndinin sakinləri də yanacaq qismində odundan istifadə edirlər.
Sakinlərin sözlərinə görə, yaranmış şəraitdə bir maşın odunun qiymətinin 300-500 manata qalxması onların işini daha da çətinləşdirir. Bu isə o deməkdir ki, kənddə yaşayan bir ailə üzvlərinin sayından asılı olaraq qışdan yaza çıxmaq üçün yalnız oduna 1500-dən 2 min 500 manata qədər pul xərcləməlidir. Digər tərəfdən, kənddə təbii qazın olmaması oraya yolu düşən turistləri tez-tələsik geri qayıtmağa vadar edir.
Kənddə yaşayan Yeganə Abdiyeva "Report"un yerli bürosuna bildirib ki, Xalxalda təbii qazın olmaması sakinlərin xərclərini artırır:
“Kənddə odun almağa imkanı çatmayan yaşıllarımız, xəstələrimiz var. Tək yaşayan bəzi insanlar da qızınmaq üçün odun ala bilmirlər. Bir maşın odunun qiyməti az qala 500 manatdır. Soyuq havaların 4-5 ay davam etdiyini nəzərə alsaq, bir maşın odunla keçinmək mümkün deyil. Ona görə də kəndə qaz çəkilməsi çox vacibdir”.
Xalxalın digər sakini Vüqar Məmmədov isə odun almağa imkanı olmadığı üçün həyətindəki fındıq kollarını budayıb yandırmaq məcburiyyətində qaldığını deyib:
“Odun yandırmaqla həm qızınırıq, həm suyumuzu isidirik, həm də yemək bişiririk. Ancaq odun olmayanda, ocağımız da yanmır. Meşəyə gedirik bir kub odunu bizə 30-35 manata verirlər. Bir maşın odunu isə meşədən evə gətirib çıxarmaq ən azı 300-350 manata başa gəlir. Çox xahiş edirik, aidiyyəti qurumlar kəndin qazlaşmasını tezləşdirsinlər”.
Səyavuş Şəmiyev "Report"un yerli bürosuna bildirib ki, qazın olmaması Xalxal kəndinin turizm potensialından istifadəni də mümkünsüz edir:
“Bizim kənd turizm zonası sayılır. İl ərzində kəndə gələn turistlərin hamısına kirayə ev veririk. Gəlirlər, yoxlayıb deyirlər ki, qardaş, sənin evində qazın yoxdursa, biz burada necə qalaq? Çox təəccüblüdür, Xalxaldan cəmi altı kilometr aralıda yerləşən Qumlaq kəndinə qaz çəkilib, amma bizə yox... Çətin vəziyyətdəyik, il ərzində oduna 1500-2000 manat pulumuz çıxır”.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, regionlarda qazlaşma prosesi qurumun daxili resursları ilə həyata keçirilir:
“Bu məsələdə mərhələlik prinsipi qorunur. Oğuz rayonunun Xalxal kəndinin qazlaşmasına da "Azəriqaz" İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər”.