EN

İntizamsızlıq edən, qiyməti kəskin düşən tanınmışın bir ayağı “Qarabağ”da...

“Qarabağ”ın müdafiə xəttini Zaqreb “Dinamo”sunda çıxış edən Sami Mmae ilə gücləndirmək istədiyi məlumdur.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı hələ iyunun 26-da “gol.hr” saytı yayıb.

Xorvatiyalı həmkarlarımız iddia edib ki, “Ferentsvaroş”dan (Macarıstan) ayrılandan sonra zaqreblilərlə 4 illik müqavilə imzalayan mərakeşli mərkəz müdafiəçisi yeni klubundakı ilk mövsümündə – 2024/25 “futbol ili”ndə ümidləri doğrultmayıb.

Bu üzdən “Maksimir”dən ayrılmağa qərar verən futbolçu “Qarabağ”dan gələn təklif sayəsində sevinib.

İddialara inansaq, “köhlən atlar” Mmaeni “Ferenstvaroş”da top qovduğu vaxtdan izləyir. Sadəcə, o, xorvatlardan gələn uzunmüddətli və yüksək məvacib vəd edən təklifin arxasınca getməyi üstün tutub.

Əslində Saminin idmançı keyfiyyətlərində qüsur axtarmağa dəyməz. Daha doğrusu, 28 yaşlı oyunçu yetərincə həvəsli, təcrübəli və istəklidi.

Onun “Dinamo”da xoşbəxt olmamasının səbəbi mövqe uğrunda rəqabətdə uduzması, hansısa fiziki özəlliklərinin yetərsiz olması yox, Zaqreb təmsilçisinin sabiq baş məşqçisi Nenad Byelitsanın qəzəbinə tuş gəlməsidi.

Dəqiq desək, mütəxəssis ötən ilin noyabrında xroniki intizamsızlıq sərgiləyən oyunçunu əsas komandadan kənarlaşdırıb.

Byelitsadan sonra baş məşqçi postuna təyin edilən Fabio Kannavaro onu yenidən heyətə qaytarsa da, formasını bərpa etməkdə çətinlik çəkib. Nəticədə mövsümün qalan hissəsində də ehtiyat oyunçular skamyasında “məskən salıb”.

“Dinamo”nu narahat edən məsələlərdən biri də Saminin yüksək maaşıdı. Xorvat həmkarlarımız bu transferin baş tutacağı təqdirdə zaqreblilərin xərclərinin xeyli azalacağını bildirir.

Düzü, onların bu barədə fikirlərinə haqq verməmək olmur. Çünki zaqreblilərlə anlaşanda 1,50 milyon avro dəyəri olan futbolçunun qiyməti indi cəmi 400 min avrodu.

Qısası, xorvatlar yalnız müqavilənin şərtlərinə tabe olmaq üçün maddi ziyan görür.

Chosen
16
30
sportinfo.az

10Sources