EN

"Azərbaycanla Rusiyanın münasibətlərini bu ölkə pozdu" - İDDİA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. Onun sözlərinə görə, tərəflərin birgə fəaliyyətini bəyənməyən qüvvələr var. 

 

Rusiya XİN rəsmisi Mariya Zaxarova "qüvvələr" deyəndə konkret olaraq kimi nəzərdə tutur?

 

Sözügüdən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu Zaxarovanın bu fikrinin hüquqi baxımdan nə qədər əsaslı olsa da, baş verən real hadisələr fonunda bir o qədər də anlaşılmaz göründüyünü deyib.

 

 

 

Onun sözlərinə görə, XİN sözçüsünün istinad etdiyi sənəd 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədir: 
 

“Bəyannamənin əsas iki prinsipi ondan ibarətdir ki, tərəflər bərabər hüquqlu tərəfdaşdırlar və bir-birilərinin daxili işlərinə qarışmırlar. Belə olan halda, son dövrlərdə baş verən hadisələri izah etmək çətindir.


Əgər doğrudan da vəziyyət Bəyannaməyə uyğun davam edirsə, bəs nə üçün Rusiyada azərbaycanlılara qarşı sırf etnik mənsubiyyətlərinə görə cəza tədbirləri tətbiq olunur? Və niyə Azərbaycanda cinayət törətməkdə adı hallanan Rusiya vətəndaşları hüquq-mühafizə orqanları tərəfindən həbs ediləndə, buna qarşı Moskvada mövqe ortaya qoyulur? Bütün bunlar hər iki prinsipə ziddir”.

 

Deputat Azərbaycan ilə Rusiya arasında müttəfiqliyi istəməyənlərin varlığının danılmazlığından bəhs edib. 

 

H.Babaoğlu qeyd edib ki, bu xüsusda, ilk növbədə Ermənistan və onun müttəfiqləri ön plana çıxır:

 

“Həmin tərəfdaşlardan biri də bizim cənub qonşumuzdur. Ona görə Mariya Zaxarovanın fikirləri qismən həqiqətə uyğundur. Lakin burada üçüncü tərəf kimi Rusiyanın daxilindəki erməni lobbisi və ermənilər də müttəfiqliyə qarşı çıxır. Eyni zamanda, hələ də Rusiyada böyük rus imperializmini müdafiə edən şovinist dairələr mövcuddur”.

 

Millət vəkili Zaxarovanın bütün bu məqamlardan fərqində olduğunu əlavə edib:

 

“Ən təəssüf doğuran məqam isə odur ki, Azərbaycan və Rusiya müttəfiqliyini istəməyən qüvvələrə fürsət verən elə Rusiyanın öz hüquq-mühafizə orqanlarıdır. Onlar, əslində, bu tərəfdaşlığı sarsıtmaq istəyən dairələrin əlinə imkan yaradırlar. Əgər Zaxarova həqiqətən belə düşünürsə, deməli, buna qarşı tədbir görmək də Rusiyanın üzərinə düşür”.

 

Fidan Hacızadə
Sfera.az

Chosen
11
41
sfera.az

10Sources