Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə cəhd etməkdə təqsirləndirilən İntiqam Salahovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 8000 min manat cərimə cəzası təyin edilib.
İttihama görə, İntiqam Salahov 05 dekabr 2019-cu il tarixdə saat 12:00-da Sankt-Peterburq şəhərində Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Sankt-Peterbuq şəhəri Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinə inzibati qaydada gətirilib. O, saxlanılan şəxslər üçün nəzərdə tutulmuş otaqda olarkən həmin Post-patrul xidməti bölüyünün əməkdaşı Marina Fedinaya Rusiya Federasiyasının pul vahidi 15 000 rublu (397 manat 50 qəpik) birbaşa yolla verib. Qadın da rüşvət qismində verilmiş pulu qəbul etməyib. Bu səbəbdən təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib, yəni rüşvət verməyə cəhd edib.
İntiqamı məhkəmə ifadəsində bildirib ki, hadisədən sonra onu polis əməkdaşları hava limanına apararaq təyyarə ilə Bakı şəhərinə göndərib, pasportu özünə verilib. Təxminən 6-7 ay sonra 2020-ci ildə Şəmkir Rayon Polis Şöbəsinə çağırılıb, barəsində Rusiya Federasiyasında rüşvət vermə ilə bağlı cinayət işi olduğu deyilib, rayon prokurorluğuna aparılıb. Səhəri gün izahat alıb buraxılıb və 2024-cü ilə qədər nəticədən xəbəri olmayıb.
Kamal Məmmədov