EN

Şimaldan Azərbaycana pomidor - şərab təzyiqi - çarəsizlik, yoxsa...

Kremlin təbliğat ruporlarından olan Vladimir Solovyov Azərbaycana qarşı hədələr səsləndirib. “Yeni Müsavat” bildirir ki, telejurnalist pomidor məhsullarına embarqo qoyulması ilə ölkəmizə “xox” gəlmək istəyib. İqtisadçı-eksert Natiq Cəfərli qeyd edib ki, 5100 nüvə başlığı, 17 milyon kv.km ərazisi olan ölkənin təhdidi gülünc görünür.

Onun sözlərinə görə, Rusiya cılızdır, kiçikdir, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında böyük ölkə ola bilməyəcək. Ekspert xatırladıb ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 milyon dollarlıq mal satıb, Rusiyadan isə 1,7 milyard dollarlıq mal alıb: “Rusiya bizə bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya respublikalarına ixracatımızı artırmalıyıq. Pomidor məsələsi də belədir - ölkə olaraq bu ilin ilk 5 ayında 113 milyon dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!”

Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərin pisləşməsinə cavab olaraq Rusiya hakimiyyəti Azərbaycandan spirtli içkilərin idxalına qadağa qoymağı da düşünür. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, qadağa əvvəllər Azərbaycandan gətirilən bütün növ şərab və konyaklara şamil oluna bilər.

Qeyd edək ki, pomidor idxalına qadağa təhdidi Rusiyanın ənənəvi silahlarındandır. 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamilə dayandırıb, 2020-ci ilin dekabrında Azərbaycandan idxalı kəskin məhdudlaşdırıb. Yəni Kreml üçün öz ac bazarına məhsul satan ölkələri belə qadağalarla cəzalandırmaq siyasəti yeni deyil.

Azərbaycanın qeyri-neft, xüsusilə də aqrar məhsullar ixracında Rusiya bazarından hədsiz asılılığı daim tənqid olunur. Rəsmi məlumata əsasən 2025-ci ilin yanvar-may aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6 faiz artaraq 1,4 milyard  ABŞ dolları təşkil edib. Bu dövrdə Rusiyaya 442,3 milyon ABŞ dolları, Türkiyəyə 251,4 milyon ABŞ dolları, İsveçrəyə 127,9 milyon ABŞ dolları,  Gürcüstana 125,5 milyon ABŞ dolları, Ukraynaya isə 76.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Təkcə may ayında Rusiyaya 121,5 milyon ABŞ dolları, Türkiyəyə 63,7 milyon ABŞ dolları, İsveçrəyə 27,4 milyon ABŞ dolları,  Gürcüstana 19.7 milyon ABŞ dolları, Ukraynaya 13,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal satılıb.

İxracında Rusiyadan asılı olduğumuz məhsullar çoxdur. Dövlət Statistika Komitəsinin açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında ixrac olunmuş 3002,1 ton dondurulmuş sardinalar, kilkələr və ya şprotların 2625,9 tonu, 1941,93 ton kərə yağının 1640 tonu, 268,5 min ədəd qərənfilin hamısı, 5095,53 ton təzə kartofun 4726,78 tonu, 60148,11 ton pomidorun 57283,53 tonu, 219,57 ton  təzə və ya soyudulmuşc şalğamaoxşar soğan, səpmə soğan, soğan-şalotun 174,03 tonu, 23,15 ton təzə və ya soyudulmuş gül kələm və brokkolinin 22,4 tonu, 204,43 ton digər təzə və ya soyudulmuş kahı-salatın hamısı, 754,24 ton xiyarın 742,94 tonu,  4,83 ton badımcanın 4,08 tonu, 436,11 ton ispanağın hamısı, 3410,82 ton salat-kahı və kasnıdan başqa digər tərəvəzlərin 3403,05 tonu, 215,94 ton qabığı təmizlənmiş badamın 132,19 tonu,  179,78 ton qabıqlı meşə fındığının 86,45 tonu, 7789,02 ton qabıqsız meşı fındığından 4007,18 tonu, 219,6 ton mandarinin hamısı, 260,83 ton üzümün 260,62 tonu, 38798,11 ton təzə almanın 35706,33 tonu, 2070,38 ton təzə armudun 1941,79 tonu, 746,75 ton təzə heyvanın 742,9 tonu, 24,72 ton gavalı yə göyəmin hamısı, 1882,1 ton ciyələyin 1786,5 tonu, 45835,17 ton  təzə xurmanın 38242,81 tonu, 5027,31 ton təzə narın 4789,58 tonu, 648,14 ton qurudulmuş digər meyvələrin 602,16 tonu, 55,63 ton   saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağının 36,62 tonu, 1135,51 digər meyvələrdən cem və mürəbbə, jelenin 840,61 tonu, 451,33 ton konservləşdirilmiş qoz-fındığın 289,61 tonu, 1074,64 ton konservləşdirilmiş digər meyvələrin 779,94 tonu, 718,72 ton alma şirəsinin 678,72 tonu, 3716,72 ton tropik və digər meyvələrin şirələrinin 2084,4 tonu, 1441,58 min dekalitr  şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular, alkoqolsuz energetik içkilərin 1441,58 min dekalitri, 54,84 min dekalitr  Tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərablarının 40,79 min dekalitri, 56,26 min dekalitr viskinin 56,24 min dekalitri, 7082,02 ton qida üçün yararlı duzun 2572,55 tonu, 54398,4 ton bentonit gilinin 47781,4 tonu Rusiyaya ixrac olunub.

Azərbaycanın neft-kimya sənayesi məhsullarının ixracında da Rusiyanın payı çox yüksəkdir. Belə ki, bu ilin dörd ayında ölkədən ixrac olunan 14599,5 ton xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin 5584,5 tonu, 24791,15 ton  xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilenin 23396,25 tonu, 14944,3 ton İlkin formalı polipropilenin 14333,75 tonu, 25981,95 ton İlkin formalı propilen sopolimerlərinin 18311 tonu məhz Rusiyaya satılıb.

Eldəniz

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında Rusiyadan bu qədər asılı olması ölkənin ixracındakı ən böyük boşluqdur: “Rusiya tərəfindən pomidor və Azərbaycanın digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması çağırışları çox yersizdir. Çünki iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsindəki artımın demək olar ki, hamısı Rusiyanın Azərbaycana ixracı hesabına baş verib. Bu ilin ilk 5 ayında qarşılıqlı ticarət dövriyyəsinin hər 5 dollarlıq hissəsinin 4 dolları Rusiyanın Azərbaycana ixracıdır. Ötən il də qarşılıqlı ticarət bu nisbətdə olub. Azərbaycanın ixracında aqrar məhsulların payı elə də yüksək deyil. Ötən il 3,4 milyard dollarlıq qeyri-neft ixracında aqrar məhsulların payı 790 milyon dollar təşkil edib.  Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 1,1 milyard dollara bərabər olub. Bu, ölkənin ümumi ixracında çox cüzi payı təşkil edir. Demək  istədiyim odur ki, Rusiya Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının idxalını dayandırsa, bu, dövlət üçün böyük bir itki olmayacaq. Əgər Azərbaycan aqrar ixrac bazarının itirilməsi, yaxud Rusiyanın haqsız iddialarına boyun əyilməsi seçimi qarşısında qalacaqsa, əlbəttə,  öz dövlət suverenliyini seçəcək. Bu gün dünyada olan 200 dövlətdən neçəsi Rusiyaya ümid olub ayaqda qalır? Rusiya olmadan ölkələr ixrac bazarı tapa bilməyəcək?”

İqtisadçının fikrincə, aqrar ixracatçıların yeni bazarlar tapması çətin, amma mümkün olan işdir: “Burada həm sahibkarların, həm də dövlət qurumlarının aktivliyi söhbət mövzusudur. İxrac bazarlarına baxsaq, Şərqi Avropa, Körfəz ölkələri və Mərkəzi Asiya. Pilot proqramlar çərçivəsində hər 3 coğrafiyaya çıxa, tədricən bazar payımızı genişləndirə bilərik. Bu gün Avropaya ixracda əsas məqam qoyulan keyfiyyət tələbləridir. Biz həmin tələblərə uyğunlaşmaq üçün addımlar atmaqla bu baryeri ortamüddətli dövrdə aşa bilərik. Sahibkar prosesə 2-3 illik planda biznes marağından baxır, dövlət isə uzunmüddətli və strateji baxır. Buna görə də yalnız kəmiyyətin deyil, keyfiyyətin artırılmasını hədəfləyən addımlar atılmalıdır. Düşünürəm ki, dövlət tərəfindən qeyri-neft ixracının dəstəklənməsi üçün əlavə mexanizmlər işə salına bilər. Məsələn, qeyri-Rusiya istiqamətli aqrar ixrac üçün konkret dəstək mexanizmləri yaratmaq olar. Biz əvvəl-axır bunu etməli, qeyri-neft ixracımızın bazarını diversifikasiya etməliyik”.

Son olaraq qeyd etmək lazımdır ki, Azərbaycan yalnız qeyri-neft ixracını deyil, idxalını da Rusiya baxımından diversifikasiya etməlidir. Təqdirəlayiq haldır ki, strateji ərzaq məhsulu olan buğda idxalında buna böyük ölçüdə nail olunub. Belə ki, uzun illər boyu Azərbaycanın buğda idxalının 70 faizə qədəri Qazaxıstandan, qalanını Rusiyadan reallaşıb. Lakin 2014-2015-ci illərdən etibarən ağırlıq Rusiyaya salınıb: idxalın 90 faizə qədəri Şimal qonşudan reallaşıb. O cümlədən 2021-ci ildə Azərbaycanın buğda idxalında Rusiyanın payı 97 faiz, 2022-ci ildə 78 faiz, 2023-cü ildə  84 faiz təşkil edib. Ötən il Rusiyadan 249 milyon 604,95 min dollar dəyərində 1 milyon 160 min 605,24 ton, Qazaxıstandan isə 27 milyon 379,07 min dollar dəyərində 125 min 316,36 ton ərzaqlıq buğda almışıq. Bu, müvafiq olaraq ümumi idxalda 90,3 faiz  və 9,7 faiz deməkdir. Maraqlıdır ki, ötən ilin oktyabrına qədər Azərbaycan Qazaxıstandan bir kiloqram belə buğda idxal etməmişdi. İdxal oktyabrdan başlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprelində idxal olunan 90 milyon 285,35 min dollarlıq 418 min 350,15 ton buğdanın 75 milyon 719,12 min dollarlıq 358 min 507,96 tonu Qazaxıstandan, 14 milyon 566,23 min dollarlıq 59 min 842,19 tonu Rusiyadan alınıb.  Beləliklə, buğda kimi strateji məhsulun idxalında Rusiya kimi etibarsız tərəfdaşın, qeyri-sağlam niyyətli qonşunun payının minimuma endirilməsi müsbət proses olmaqla digər məhsullar üzrə də əldə edilsə, dövlətimiz üçün mühüm nailiyyət olar.

Dünya SAKİT,
“Yeni Müsavat”

Chosen
13
11
musavat.com

10Sources