EN

“Qoca” ləqəbli avtoritetin cinayət ortağı ilə bağlı qərar verildi

Şirvan şəhərində 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun məhkəməsi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Ali Məhkəmədə Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti ünvanlanıb. Yuxarı instansiya məhkəməsinin hakimlər heyəti şikayəti təmin etməyib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müttəhimin barəsində 18 il azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Bu hökmdən apellyasiya şikayəti verilib. Amma Şirvan Apellyasiya Məhkəməsi bu şikayəti rədd edib.

Məlum olub ki, Şirvan Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən müttəhimin Elvin Naciyev və Zaur Sarıbalayevin qəsdən öldürülmələrində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Qeyd edək ki, qətlə yetirilən Elvin Naciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədovun yaxın adamı olub.

Chosen
10
7
publika.az

8Sources