Uqanda ordusuna məxsus bir helikopter Somali paytaxtı Moqadişodakı Aden Adde Hava Limanında qəzaya uğrayıb. Helikopterdə 8 nəfər olub.
Xalqcebhesi.az xəbər verir ki, rəsmi mənbələr hadisədən sonra helikopterdə yanğın baş verdiyini bildiriblər. Hava limanının əməkdaşlarından Fərəh Abdulle partlayış səsləri eşitdiklərini və helikopterdən alovların qalxdığını, qısa müddət ərzində tüstünün bütün helikopteri bürüdüyünü deyib.
Hadisənin səbəbləri ilə bağlı genişmiqyaslı istintaq başladılıb.
Somali Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd Maalim bildirib ki, helikopter Somali Respublikasının Aşağı Şabellə bölgəsində yerləşən Balidogle hərbi bazasından havaya qalxıb və sonradan Aden Adde Hava Limanının hərbi hissəsinə düşüb.
Qəzaya uğrayan helikopterin Afrika İttifaqının sülhməramlı qüvvələrinə məxsus olduğu qeyd olunub.
Məryəm Quliyeva