EN

Azərbaycanda rusdilli məktəblər bağlanır -  şagird qəbulu dayandırılaraq... 

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia yayılıb. Bununla bağlı məktəblərin vatsap qruplarına bildirişlər gəlib. Valideynlər bildiriblər ki, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub. Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik müxtəlif sahələrə, o cümlədən təhsil sektoruna təsir edir. Bəs bu proses ölkəmizdə rusdilli məktəblərin bağlanmasına səbəb ola bilərmi?
Bununla bağlı Moderator.az-a danışan təhsil eksperti Kamran Həsənov bildirib ki, Azərbaycanda rus bölmələrinin bağlanması məsələsinin müzakirəsi yalnız siyasi münasibətlər çərçivəsində deyil, təhsilin keyfiyyəti, sosial ədalət, əmək bazarına uyğunluq və milli strateji maraqlar baxımından aparılmalıdır.
Təhsil eksperti qeyd edib ki, təhsil sistemində bölmə əsaslı təhsil modelinin məqsədi alternativ və zəngin seçim imkanları yaratmaq olmalıdır:
“Lakin Azərbaycandakı rus bölməsi modeli bu funksiyanı yerinə yetirmir. Dövlət İmtahan Mərkəzinin son 5 ilin nəticələrinə əsasən, rus bölməsi üzrə buraxılış və qəbul imtahanlarının nəticələri Azərbaycan bölməsi ilə müqayisədə daha aşağıdır. 2024-cü ildə buraxılış imtahanlarında rus bölməsi üzrə orta nəticə 111 bal olduğu halda, Azərbaycan bölməsində bu rəqəm 138 bal olub. Bu fərq təkcə bir ilin göstəricisi deyil, sistematik və sabit təkrarlanan meyildir. Bu da onu göstərir ki, həmin bölmədə tədris keyfiyyəti zəifdir və ya məzmun uyğunlaşdırılmayıb.
Ali təhsil müəssisələrinə qəbul zamanı da eyni mənzərə müşahidə olunur. Məsələn, ADA, UNEC, BDU kimi universitetlərə qəbul zamanı rus bölməsi üzrə ixtisaslara qəbul balları çox zaman Azərbaycan bölməsi ilə müqayisədə 50-100 bal aşağı olur. Bu isə bərabər imkanlar prinsipinin pozulması deməkdir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət təhsildə bərabər imkanlar yaradır və ayrı-seçkiliyə yol verilmir. Halbuki, hazırkı təcrübədə eyni təhsil pilləsində olan şagirdlərə fərqli qiymətləndirmə meyarları tətbiq edilir”.
 
Təhsil eksperti əalvə edib ki, rus bölmələrinin bağlanmasının təklif olunmasında əsas meyarlardan biri də müasir əmək bazarının tələbləri ilə uyğunlaşmamasıdır:
“Hazırda Azərbaycanda fəaliyyət göstərən iri özəl və dövlət qurumlarının vakansiyalarında rus dili tələbi ya ümumiyyətlə yoxdur, ya da minimaldır. Əvəzində, ingilis dili biliklərinə üstünlük verilir. Azərbaycan Respublikasının əmək bazarına dair 2023-cü il hesabatında qeyd olunur ki, ən çox tələb olunan bacarıqlar sırasında ilk üçlükdə ingilis dili bilikləri, rəqəmsal texnologiya bilikləri və kommunikasiya bacarıqları yer alır. Rus dili isə 7-ci sıradadır.
Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox keçmiş postsovet ölkələrində – məsələn, Estoniya, Latviya və Litvada rus bölmələri artıq ya tamamilə ləğv olunub, ya da yalnız seçmə fənlər çərçivəsində davam edir. Bu ölkələr Avropa İttifaqı və beynəlxalq əmək bazarına inteqrasiya məqsədilə təhsil sistemlərini milli və beynəlxalq dillər üzərində qurublar. Estoniyada 2023-cü ildən etibarən bütün ümumtəhsil məktəblərində rus dili tədrisi yalnız xarici dil kimi həyata keçirilir və bu, təhsil keyfiyyətinə və milli kimliyin qorunmasına müsbət təsir göstərib.
Azərbaycanın da gələcək əmək bazarında daha çox texnologiya, süni intellekt, mühəndislik və rəqəmsal platformalara inteqrasiya etməsi nəzərdə tutulur. Bu sahələrdə əməkdaşlıq isə əsasən Qərb və Şərqi Asiya (xüsusən Çin və Koreya) ölkələri ilə qurulur. Bu mənada rus bölməsi həm strateji, həm pedaqoji, həm də texnoloji baxımdan artıq dövrünü tamamlamış bir modeldir”.
 
K.Həsənovun fikirincə, rus bölməsinin müəyyən sosial təbəqələr üçün əlçatanlıq və dil müxtəlifliyi baxımından müsbət tərəfləri də var. Bu bölmədə oxuyan bir qisim uşaqlar rusdilli mühitdə böyüyür və həmin dilin üzərində təhsillə irəliləmək istəyirlər. Lakin bu arqument də artıq zəifləməkdədir:
 “2022-ci ildə Bakı şəhərində ibtidai siniflərə qəbul zamanı rus bölməsinə müraciət edən valideynlərin sayı əvvəlki illərlə müqayisədə 18% azalıb. Bu da onu göstərir ki, cəmiyyətin özü də bu modelə marağını itirməyə başlayıb.
Yekun olaraq, rus bölmələrinin bağlanması yalnız birbaşa qadağa formasında deyil, mərhələli şəkildə – yeni şagird qəbulu dayandırılaraq, mövcud siniflər təbii yolla başa çatdırılaraq həyata keçirilməlidir. Əvəzində, beynəlxalq əmək bazarına uyğunlaşmaq üçün təhsil sistemində ingilis dili və Çin dili kimi yeni istiqamətlərin təşviqi, STEM yönümlü və iki- və çoxdilli təhsil modellərinin qurulması daha məqsədəuyğun olacaq.
Bu dəyişiklik sosial gərginlik yaratmamalı, ictimaiyyətə elmi əsaslandırma ilə təqdim edilməli, müasir Azərbaycan təhsilinin keyfiyyətini və rəqabət qabiliyyətini artıracaq addımlar kimi izah olunmalıdır. Təhsil siyasəti keçmişə deyil, gələcəyə xidmət etməlidir. Və bu gələcək artıq rus dilində deyil”.
 
Mehin Mehmanqızı
 
Chosen
18
28
moderator.az

10Sources