EN

Gənc yaşda damar problemlərindən necə qorunmaq olar?

Nəfəs darlığı, tez yorulma, təzyiqin dalğalanması bunlar sadəcə stress və ya yorğunluğun nəticəsi olmaya bilər. Bu kimi simptomlar gənclərdə tez-tez görünsə də, damarların vaxtından əvvəl yaşlanmasının siqnalları ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə kardioloq İvan Yefremkin danışıb.

“Yaş artdıqca damar divarları elastikliyini itirir və sərtləşir. Bu isə qan dövranını pozur və ürəyin əlavə yüklənməsinə səbəb olur. Damarların vaxtından əvvəl yaşlanması ürək divarlarının qalınlaşmasına, arterial hipertenziyaya və ürəyin pompa funksiyasının zəifləməsinə gətirib çıxarır. Damarların daxili təbəqəsində pozğunluqlar yaranır, iltihablar və xolesterin lövhələri formalaşır  aterosklerozun erkən əlamətləri. Bu, ciddi ürək-damar xəstəlikləri riskini artırır,” - deyə həkim izah edib.

Damarların vaxtından əvvəl yaşlanmasının əsas səbəbləri dörd faktordan asılıdır: siqaret çəkmək, düzgün qidalanmamaq, fiziki aktivliyin az olması və xroniki stress. Tütün damarları zədələyir və iltihaba səbəb olur. Duz, yağ və şəkərin çox olduğu qidalar təzyiqi və xolesterini yüksəldir. Hərəkətsizlik damar tonusunu azaldır və çəki artımına gətirib çıxarır. Davamlı stress və yuxusuzluq isə damarları daraldan hormonların səviyyəsini artırır və onların bərpasına mane olur.

“Ürək-damar xəstəliklərinin ailəvi tarixi vacib risk faktorudur. Əgər yaxın qohumlarda 60 yaşdan əvvəl infarkt, insult və ya ürək dayanması olubsa, damar sağlamlığına daha diqqətli yanaşmaq lazımdır. Məsələn, ailəvi hiperkolesterinemiya - gənclikdən yüksək “pis” xolesterin səviyyəsi ilə xarakterizə olunan irsi xəstəlik erkən ateroskleroz yarada bilər. Kişilər də risk qrupundadır, çünki onların damarları hormon və davranış fərqliliklərinə görə daha tez yaşlanır. İrsiyyət əsas şərtləri müəyyən edir, amma həyat tərzi riski formalaşdırır,” — deyə kardioloq əlavə edib.

Damar dəyişikliklərinin erkən əlamətləri arasında davamlı yüksək təzyiq, sürətli ürək döyünməsi, ritm pozuntuları, dözümlülüyün azalması və tez yorulma var. Baş ağrısı, başgicəllənmə və qulaqlarda uğultu da müşahidə oluna bilər. Gənc kişilərdə potensiyanın azalması da damar pozğunluğunun ilk göstəricisi ola bilər. Bu siqnallar çox vaxt nəzərə alınmır, lakin onlar ürək-damar sisteminin yükü qaldırmaqda çətinlik çəkdiyini bildirir.

“Doplikər ultrasəs müayinəsi ilə boyun arteriyalarının divar qalınlığı və impuls sürəti ölçülərək damar elastikliyinin azaldığı və aterosklerozun başladığı müəyyən edilə bilər. EKG və ürəyin ultrasəsi isə damar dəyişikliklərinin ürəyə təsirini — divar qalınlaşması və ürəyin rahatlama funksiyasının zəifləməsini göstərə bilər. Həkim həmçinin qan analizləri — xolesterin, qlükoza, C-reaktiv zülal (bədənin, o cümlədən damarların gizli iltihabını göstərən göstərici) təyin edə bilər. Bu göstəricilərin yüksək olması iltihab və damar pozğunluğu riskinin artdığını göstərir,” - deyə o bildirib.

Damar sağlamlığını qorumağın ən etibarlı yolu müntəzəm fiziki fəaliyyət, balanslı qidalanma və zərərli vərdişlərdən imtina etməkdir. Mütəxəssislər gündə ən azı 60-90 dəqiqə orta səviyyədə fiziki aktivlik  sürətli gəzmək, üzgüçülük və ya velosiped sürmək  tövsiyə edir. Bu, damar tonusunu dəstəkləyir və təzyiqi azaldır. Qidalanma tərəvəz, balıq, tam taxıllar ilə zəngin olmalı, duz, şəkər və yağlı yeməklər məhdudlaşdırılmalıdır. Nəfəs məşqləri, masaj və isti prosedurlar da qan dövranını yaxşılaşdırır, stressi azaldır və damar tonusuna müsbət təsir göstərir. Ancaq bu üsullar həkimlə məsləhətləşildikdən sonra tətbiq edilməlidir.

“Mülayim, lakin davamlı pozğunluqlar , yüksək təzyiq, ritm pozuntuları, fiziki yüklərə dözümlülüyün azalması  müraciət üçün əsas ola bilər. Ailəsində ürək-damar xəstəlikləri olan gənclərə 30 yaşından sonra profilaktik müayinə keçmək tövsiyə olunur, hətta simptomlar yoxdursa belə. Erkən diaqnostika damar sağlamlığını qorumağa və ağırlaşmaların qarşısını almağa kömək edir,” - deyə kardioloq yekunlaşdırıb.

Xədicə BAXIŞLI

 

 

 
Chosen
25
50
redaktor.az

10Sources