Goranboyun Qazanbulaq kəndində məskunlaşan Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlər qazdan istifadə ilə bağlı onlara əlavə borc yazıldığını iddia edirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, istifadə etdikləri qazın pulunu ödəsələr də, onlara müxtəlif məbləğlərdə borc bildirişi gəlib.
Onlar “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edərək 20-ə yaxın ailənin çətin duruma düşdüyünü bildiriblər. Kəlbəcər sakinlərinin sözlərinə görə, 2020-ci ildə onlara smart sayğac quraşdırılan zaman belə bir borc olduğunu bildirmişdilər. Sonra o borclar dondurulub. Bir neçə gün öncə həmin qaz sayğacları yeniləndikdən sonra yenidən qaza borcları olması haqda bildirişlər gəlib.
Sakinləri bildirirlər ki, borc bildirişləri azyaşlı uşaqların adına, hətta yaşayış olmayan mənzillərə də göndərilib.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Xəzər Xəbər”ə bildirildi ki, fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlərin qaz istifadəsinə görə ödənişlər 2017-ci il 1 yanvar tarixinədək dövlət büdcəsi hesabına həyata keçirilib. Bu ödəniş yalnız dövlət tərəfindən müəyyən olunmuş aylıq norma adambaşına 35 kub metr qaz limiti çərçivəsində təmin olunub. 2017-ci ildən təbii qazın istifadəsinə görə yaranmış borclar həmin normanı aşan istehlak həcmləri üzrə formalaşıb. Yəni dövlət tərəfindən ödəniş yalnız normaya uyğun istifadəyə şamil olunur, normadan artıq istifadə olunan təbii qazın haqqı isə qanunvericiliyə əsasən, birbaşa istehlakçının yəni məcburi köçkünün özü tərəfindən ödənilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.