EN

Unun qiyməti düşdü, çörək ucuzlaşacaq? - Açıqlama 

Azərbaycanda unun qiyməti ucuzlaşdı. İyunun 30-na olan məlumata görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, bu göstərici ötən həftə ilə müqayisədə 3 % - 0,7 % azalma ilə müşahidə olunub. Bəs unun qiymətindəki azalma çörəyə necə təsir edəcək?
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, unun qiymətinin ucuzlaşmasının əsas səbəbi qlobal bazarlarda buğdanın ucuzlaşmasıdır. Onun sözlərinə görə, son bir ildə dünya bazarlarında buğda qiymətləri ya sabit qalıb, ya da azalıb və bu tendensiya Azərbaycanda da müşahidə olunur:
“Buğdanın qiymətindəki azalma yerli bazarda una da təsir edib. Lakin bu təsir çörək qiymətlərinə ciddi şəkildə yansımayacaq. Çünki söhbət çox cüzi – 2-3 faiz azalmadan gedir. Məsələn, 50 kiloqramlıq un kisəsinin qiyməti maksimum bir manat ucuzlaşıb. Bu isə çörəyin maya dəyərinə yalnız təxminən 1-2 qəpik təsir edir. Nəzərə almaq lazımdır ki, çörək istehsalında yalnız un xərci rol oynamır. İşçi qüvvəsi, enerji, daşıma, çatdırılma və digər istehsal xərcləri də var. Bu xərclərin əksəriyyəti son bir ildə artıb”.
 
İqtisadçı əlavə edib ki, Dövlət Tarif Şurasının dizel yanacağının, elektrik enerjisinin və təbii qazın qiymətini artırması, eləcə də minimum əməkhaqqının yüksəldilməsi nəticəsində çörək istehsalçıları üçün xərc yükü artıb:
“Yəni, unun qiymətindəki 2-3 faizlik azalma çörəyin qiymətinə əhəmiyyətli təsir göstərə bilmir. Bu cür kiçik dəyişiklik ya istehsalçının qazancını artırır, ya da azaldır. Çörək qiymətləri kifayət qədər həssas məsələdir. Hökumət onların qiymətini birbaşa tənzimləmir, amma nəzarətdə saxlayır. Məhz bu səbəbdən də hazırda unun ucuzlaşması çörəyin qiymətində dəyişiklik yaradacaq səviyyədə deyil”.
 
Mehin Mehmanqızı
 
Chosen
41
50
moderator.az

10Sources