Ukraynanın xarici işlər naziri Andrij Sıbihanın dəstəyi ilə Sumı vilayətindən olan bir qrup uşaq istirahət və reabilitasiya məqsədilə Azərbaycana göndərilib.
Hafta.az-ın yazdığına görə, uşaqları Heydər Əliyev hava limanında Ukraynanın ölkəmizdəki səfirliyinin kollektivi, “Azərbaycan-Ukrayna” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və sair qarşılayıb.
Gənc qonaqlar Quba şəhər sanatoriyasında müalicə alacaq, Novxanıda Xəzər dənizinin mənzərəli sahilində dincələcəklər. Onlar həmçinin çoxşaxəli Azərbaycan mədəniyyətini kəşf edəcək, Bakıdakı Ukrayna Mərkəzinə, Azərbaycanın məşhur yerlərinə və abidələrinə baş çəkəcəklər.
“Bu çətin zamanda ukraynalı uşaqları dəstəklədiklərinə görə Azərbaycan rəhbərliyinə və xalqına, eləcə də bütün xeyirxahlara və himayədarlara ürəkdən təşəkkür edirik”, - Ukrayna səfirliyinin facebook səhifəsində minnətdarlıq ifadə edilib.
“Artıq 300-dən çox ukraynalı uşağın Azərbaycanda sağalması və reabilitasiyası layihəsi xalqlarımız arasında əsl dəstəyin, dostluğun və həmrəyliyin təzahürüdür” deyə səfirlik əlavə edib.