EN

Kremlin susduğu yerdə “kostyumlu gopniklər” hürməyə başlayır: Bakıdan Moskvaya SƏRT SİQNAL

Musavat.com Minval.az-a istinadən xəbər verir ki, Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat, iki həmvətənimizin qətlə yetirilməsi və onlarla günahsız insanın saxlanılması ilə nəticələndi.

Bu hadisə artıq Azərbaycanın ictimai və siyasi gündəmində əsas mövzulardan birinə çevrilib. Üstəlik, Yekaterinburq faciəsinin izi soyumamış, Voronejdə də “miqrasiya yoxlaması” adı altında əsasən azərbaycanlılara qarşı genişmiqyaslı reydlər keçirilməyə başlanılıb.

Kremlin səssizliyi və siyasi mesaj

Rusiya hakimiyyəti vəziyyətin ciddiliyini başa düşmək əvəzinə, əksinə, “sıyıx”ı daha da bərkidir, mövzunu ört-basdır edir və yalnız “hər şey nəzarətdədir” tipli mexaniki açıqlamalarla kifayətlənir. Ən qəribəsi isə, Kremlin tam susmasıdır. Heç bir rəsmi şəxs nə Yekaterinburqdakı vəhşiliyə, nə də artan etnik gərginliyə münasibət bildirib. Minval.az yazır ki, bu susqunluq sadəcə passivlik deyil — bu, siyasi siqnaldır: zərurət olduqda zorakılıq normal qəbul edilir və lazımi millətə qarşı yönələndə heç kim mane olmur.

Azərbaycanın adekvat cavabı və Moskvadan tərbiyəsiz “reaksiya”

Bu şəraitdə Azərbaycan Mədəniyyət Nazirliyi son dərəcə düşünülmüş və ləyaqətli addım ataraq, Rusiya ilə bəzi mədəni əməkdaşlıq layihələrində iştirakdan imtina edib. Bunun ardınca hamı Moskvadan diplomatik dillə verilmiş normal bir cavab gözləyirdi. Amma “Rusiyanı ağıl ilə başa düşmək olmaz” deyimi bu dəfə də özünü göstərdi.

Kreml əvəzinə danışmaq cəsarətini isə Dövlət Dumasının deputatı, “kazak yarmarkasına bənzər parlament davranışları ilə tanınan” Viktor Vodolatski öz üzərinə götürdü. O, Azərbaycanı “nankorluqda” ittiham etdi, Rusiyanı Krylovun təmsilindəki “filə” bənzədib, özünü hətta mentor kimi aparmağa çalışdı:

“Azərbaycan Mədəniyyət Nazirliyinin qısamüddətli çaşqınlığına görə reaksiya verməyə dəyməz. Biz filik, o isə hürən it,” – deyə Vodolatski kobud şəkildə bəyan edib.

Xatırladaq ki, elə həmin Vodolatski vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş hərbi cani Pyotr Krasnovu açıq-aşkar müdafiə etdiyi üçün Rusiyada rüsvay edilmiş və Böyük Don Kazak qoşunundan utanc içində qovulmuşdu. Onun fırıldaqçılıq, korrupsiya və nasist rəmzlərini təbliğ etməklə bağlı qalmaqallı dosyesi mövcuddur. Belə “şəxsiyyətin” hələ də Dövlət Dumasında deputat mandatı daşıması isə problemin tək Vodolatskidə deyil, bütün sistemi əhatə etdiyini göstərir.

Reallığı isə Rusiyanın öz politoloqları etiraf edir

Maraqlıdır ki, Rusiya siyasət elitasının içində də Azərbaycanın mövqeyini başa düşənlər var. Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov açıq bildirib:

“Silahsız insanları saxlayarkən iki nəfər öldürülür, üç nəfər reanimasiya edilir — bu dəhşətdir. Belə olmamalıdır. Azərbaycanın etirazı tamamilə məntiqlidir. Biz isə normal istintaq, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik.”

Bu sözlər Yekaterinburqda və Voronejdə insanları milliyyətlərinə görə döyüb, saxlayan sistemin cinayətkar mahiyyətini ortaya qoyur.

Bakıdan Moskvaya sərt mesaj: Zorakılıq norma ola bilməz!

Azərbaycanın reaksiyası isə emosional bir partlayış deyil, diplomatik baxımdan sərt və aydın siqnaldır: insan haqlarının pozulması normaya çevrilə bilməz. Təəssüf ki, Moskvada hələ də bu elementar həqiqəti anlamırlar. Ona görə də, Vodolatski kimi “kostyum geyinmiş gopniklərin” tərbiyəsiz hürməsindən başqa bir şey eşidilmir.

Belə olduğu təqdirdə, konstruktiv dialoqun yaranması da qeyri-mümkün görünür.

Musavat.com

Chosen
44
50
musavat.com

10Sources