EN

Daha az ət alırıq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ət idxalını azaldıb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-may ayları ərzində ölkəyə 19 min 935 ton ət idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 242 ton və ya 10,1 faiz azalma deməkdir. İdxalın dəyəri isə 41 milyon 132 min ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 15,1 faiz və ya 7,3 milyon dollar azalma anlamına gəlir. Bu dövrdə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta qiyməti 3 manat 51 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 3 manat 71 qəpik idi. Bu da illik müqayisədə 20 qəpik və ya 5,4 faiz azalma deməkdir. Bu il ümumi idxalın 0,41 faizi ətin payına düşüb.

Bəs, görəsən, ət idxalının azalmasına səbəb nədir? Bu bazara necə təsir göstərəcək?

Təhlillər göstərir ki, son illərdə Azərbaycan hökuməti kənd təsərrüfatı sektorunun, xüsusilə heyvandarlığın inkişafı istiqamətində bir sıra islahatlar həyata keçirib. Fermerlərə subsidiya ayrılması, yem bazasının genişləndirilməsi, texniki təminatın gücləndirilməsi və damazlıq heyvanların idxalı kimi tədbirlər daxili ət istehsalını artırıb. Bu da idxala olan ehtiyacı tədricən azaldır. Bununla yanaşı, qlobal qiymət artımları və daşınma xərcləri də idxal həcminə təsir göstərir. Belə ki, dünyada ərzaq məhsullarının, o cümlədən ətin qiymətində ciddi artım müşahidə olunur. İstehsalçı ölkələrdə inflyasiya, enerji qiymətlərində bahalaşma və logistik xərclərin yüksəlməsi Azərbaycana idxal olunan ətin maya dəyərini artırıb. Bu da idxalın həcminə mənfi təsir göstərib.

Son dövrlərdə beynəlxalq ticarətdə qeyri-müəyyənlik, regionda siyasi risklər və valyuta məzənnələrində dəyişikliklər idxalçı şirkətləri daha ehtiyatlı davranmağa vadar edir. Bu da gətirilən məhsulun miqdarında azalma ilə nəticələnir. Bundan başqa, əhalinin real gəlirləri ilə bağlı sabitlik və bəzi təbəqələrdə alıcılıq qabiliyyətinin zəifləməsi səbəbindən bahalı idxal ətlərinə olan tələbat azalıb. İnsanlar daha çox yerli və nisbətən ucuz məhsullara yönəlirlər. Bəzi ailələr isə ümumiyyətlə ət istehlakını azaltmağa başlayıb.

Qeyd edək ki, ət idxalının azalması ümumi bazarda ciddi məhsul çatışmazlığı yaratmasa da, bəzi hallarda qiymətlərdə qısamüddətli artımlara səbəb olub. Xüsusilə iri şəhərlərdə qırmızı ət qiymətində 5-10 faiz arası dəyişiklik müşahidə edilir. Bu isə o deməkdir ki, daxili istehsal hələlik idxalın boşluğunu tam doldura bilməyib.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkədə ətə tələbat nisbətən azalıb: “Bu, onunla əlaqədar ola bilər ki, əhalinin bir qismi artıq ət ala bilmir. Yaxud əvvəllər həftədə 5-6 kiloqram ət alırdılarsa, indi 1 kiloqram ət alırlar. Yəni ödəniş imkanı zəiflədikcə, əhalinin gəlirləri azaldıqca, ətin qiyməti bahalaşdıqca, bu proses müşahidə oluna bilər. Məsələ ondadır ki, ət idxalının azalması inandırıcı görünmür. Ötən illə müqayisədə bu il ölkə daxilində ət istehsalı bir qədər də aşağı düşüb. Əvəzində idxal o kəsri ödəməkdədir. İndiyədək diri çəkidə heyvanlar daha az gətirilirdi, ancaq indi Qazaxıstan və Gürcüstandan xırdabuynuzlu diri heyvanlar gətirirlər. Ətin ümumilikdə azalması ola bilər. Ancaq bu, idxalın azalmasına gətirib çıxara bilməz. Biz nə etmişik ki, ölkə daxilində ət istehsalı artıb? Yaxud ət istehsalı artıbsa, qiyməti gündən-günə niyə bahalaşıb? Bu sualların cavabı statistik rəqəmlərlə tərs mütənasibdir”.

Ekspertin sözlərinə görə, ölkədə ətin baha olmasının səbəbi təklifin az olmasıdır: “Yəni tələb təklifi üstələyir. Məhsul bol deyil. Bahalaşma qıtlıqla əlaqədardır. Qıtlıq da heyvanların maya dəyərinin baha başa gəlməsindəndir. Saxlanma şəraitinin məhdud olması bazara, yerli ət istehsalına təsir edir. Bu gün örüşlərin hamısı zəbt olunub. Əhali meşə ərazilərindən otlaq kimi istifadə edir. Əslində bu da qanunla qadağandır. Hazırda nə dövlət fondu, nə bələdiyyənin balansında olan örüşlərin heç biri heyvandarlıqla məşğul olan əhalinin öhdəsinə verilmir. Hamısı bölünüb. Bir tərəfdən bələdiyyələr sahibkarlara satıb, digər tərəfdən pambıq əkilir. Otlaqlar da məhdudlaşdığına görə heyvandarlıqla məşğul olmaq imkanı yoxdur. Ona görə də ət istehsalı azalıb. Bu da ətin gündən-günə bahalaşmasına gətirib çıxarır. Ümid yalnız işğaldan azad olunmuş ərazilərədir ki, heyvandarlığı inkişaf etdirmək olar. Həmin ərazilər də gərək minalardan təmizlənsin. Bunun üçün də illər lazımdır”.

Yay aylarında ətin qiymətində hansısa dəyişikliyin gözlənilib-gözlənilmədiyinə gəlincə, iqtisadçı deyib ki, adətən havalar isindikcə əhali ət istehlakını azaldır: “Bu, sınanılmış bir ənənədir. Bu il də istisna deyil. Üstəlik, nəzərə alaq ki, iyunun 26-da Məhərrəmlik ayı başlayır. Bu ayda toylar və el şənlikləri olmadığı üçün ətə tələbat xeyli azalır. Ən azı, yaxın 2 ayda ətin qiyməti bir qədər aşağı düşəcək. Bu həm Məhərrəmlik ayı, həm də isti havalarla bağlıdır. Payız aylarında isə qiymətlərdə artım müşahidə oluna bilər”.

Chosen
43
20
hafta.az

10Sources