2025-ci ilin iqtisadi mənzərəsi göstərir ki, Azərbaycan iqtisadiyyatı bir tərəfdən inflyasiya təzyiqləri ilə üzləşsə də, digər tərəfdən müəyyən dərəcədə sabit artım tendensiyalarını qoruyub saxlamağa çalışır. “Fitch Ratings” agentliyi bildirir ki, 2025-ci ilin mayında illik inflyasiya 5,9 faizə çatıb. Bu artımın səbəbləri sırasında baza effektləri və 2025-ci ilin I rübündə minimum əməkhaqqının artırılması əsas amillər kimi göstərilir. Agentlik 2025-ci ildə illik orta inflyasiyanın 5,3 faiz, 2026-cı ildə isə 4,6 faiz olacağını proqnozlaşdırır. Bu proqnozlar Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi 4% ± 2 faiz bəndi aralığında qalır və bu, inflyasiya nəzarətində nisbətən sabit kursun saxlanıldığını göstərir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə 2025-ci ilin may ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 106,3 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə bu göstərici daha yüksək – 107,8 faiz təşkil edib. Bu, əhalinin gündəlik tələbat mallarına xərclərinin artdığını və xüsusilə aztəminatlı ailələr üçün əlavə sosial təzyiqlər yaratdığını göstərir.
İqtisadi artım davam edir, lakin temp azalır
“Fitch” 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempini 3,5 faiz səviyyəsində proqnozlaşdırır (2024-cü ildə bu göstərici 4,1 faiz idi). 2026-cı ildə isə artımın bir qədər zəifləyərək 2,5 faiz olacağı gözlənilir. Bu yavaşlamanın əsas səbəbi iqtisadiyyatın struktur problemləri ilə əlaqədardır. Agentlik qeyd edir ki, dövlət investisiyaları və neftdənkənar sektorların rolu artmaqda davam etsə də, iqtisadi diversifikasiya hələ də məhdud səviyyədədir. Hazırda karbohidrogenlər ÜDM-in 32 faizini və ixracın təxminən 90 faizini təşkil edir. Bu, ölkə iqtisadiyyatının yüksək səviyyədə enerji resurslarına bağlılığını göstərir. Diversifikasiyanın qarşısını alan əsas amillər kimi dövlətin iqtisadiyyatda böyük payı, maliyyə vasitəçiliyinin zəifliyi, idarəetmə problemləri və qeyri-enerji sahəsinə xarici investisiyanın cəlbediciliyinin aşağı olması göstərilir.
Orta aylıq əməkhaqqı yüksəlir
2025-ci ilin yanvar-aprel aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib. Bu artım əhalinin gəlirlərinin müəyyən qədər yüksəldiyini göstərsə də, inflyasiya ilə müqayisədə real alıcılıq qabiliyyətinin nə dərəcədə dəyişdiyi sual doğurur. Əməkhaqqının ən yüksək olduğu sahələr sırasında mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, elmi-texniki fəaliyyət və nəqliyyat sektoru yer alır. Bu isə o sahələrin yüksək ixtisaslı kadrlara və texnoloji resurslara əsaslandığını göstərir.
Yeri gəlmişkən, 2025-ci ilin may ayına olan məlumata əsasən, ölkədə 1 milyon 771,7 min nəfər muzdla işləyir. Bunlardan 876,3 min nəfəri dövlət sektorunda, 895,4 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Bu nisbət iqtisadiyyatın dövlət və özəl sektor arasında bölünməsinin nisbətən tarazlı olduğunu göstərsə də, dövlət sektorunun hələ də çoxsaylı insan resursunu cəlb etməsi iqtisadi liberallaşmanın hələ tam başa çatmadığını sübut edir.
Mərkəzi Bank narahatçılığa əsas görmür
Qurumda hesab edirlər ki, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. Bank mütəxəssisləri qlobal ticarətdə baş verən proseslərin əmtəə və maliyyə bazarında dalğalanmaları gücləndirdiyi qənaətindədirlər: “Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır. 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər”.
Xərclər artıb
İqtisadçı-ekspert Xalid Kərimlinin fikrincə, hazırda ölkədəki bahalaşmanın fərqli səbəbləri var: “Bunlardan ən əsası keçən il benzinin (A 92) və dizelin qiymətinin qalxmasıdır. Bunun nəticəsində daşınma xərcləri artıb. Bundan başqa bu ilin yanvarında işıq-qaz qiymətlərində də artım oldu ki, bu da sahibkarların xərclərinin artmasına səbəb olub. Mərkəzi Bankın bu günlərdə yaydığı bəyanatında deyilir ki, daxili faktorlar əsasında inlyasiyanın tətiklənəcəyi gözlənilmir. Burada maraqlı bir fakt da var ki, adətən pensiya və müavinətlərin artımından sonra ilk hədəf kərə yağları olur. Belə düşünülür ki, kərə yağına tələb daim yüksəkdir, yəni Azərbaycan ailəsinin gündəlik istifadə etdiyi əsas məhsullardandır. İstər səhər yeməyində, istərsə də digər yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunur. Ona görə də hər nə qədər bahalaşsa da, insanlar onu almağa davam edəcəklər. Təkcə kərə yağının qalxması ilə demək olar ki, ərrzaq səbətinə daxil olan əksər məhsulların qiyməti qalxır. Çünki yağ bahalaşsa, şirniyyat məmulatları, restoran və kafelərin menyusundakı yeməklərin qiyməti də qalxacaq”.
Ekspert bununla yanaşı vurğulayıb ki, aprellə müqayisədə may ayında Ümumdünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksi stabil qalıb. Buna görə də ciddi ərzaq qiymətləri təzyiqi gözlənilmir.