Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bu barədə özünün “İnstagram” hesabında paylaşım edib.
O, vida paylaşımında bunları qeyd edib: “Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik”, – deyə forvard bildirib.
Xatırladaq ki, Renat Dadaşov “Radomyak”a bu ilin mart ayında Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçmişdi. 25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanmışdı. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malik idilər. Amma göründüyü kimi, tərəflər əməkdaşlığı davam etdirməməyə qərar veriblər.
Renat “Radomyak”da keçirdiyi 12 oyunda 2 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Renat Dadaşov ötən mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı daha öncə icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Dadaşov karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
“Radomyak”da Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov da çıxış edirdi. O, 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçmişdi. 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 14 oyuna çıxıb. Qış fasiləsindən sonra oynamayan azərbaycanlı müdafiəçinin də bu komandadan ayrıldığı iddia olunur.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.
“Radomyak” Polşa çempionatında 2024/2025-ci illər mövsümünü 34 oyuna topladığı 41 xalla 18 iştirakçı arasında 12-ci pillədə başa vurub. “Radomyak” 34 oyunda 11 qələbə qazanıb, 8 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.