EN

​“Rusiyadakı hadisə miqrantlara qarşı ilk belə hal deyil” -

“Rusiyada baş vermiş hadisə, həm Azərbaycan vətəndaşlarına, həm də ümumilikdə miqrantlara qarşı baş vermiş ən ciddi olaylardan biridir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib. Millət vəkili hesab edir ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat və axtarış tədbirləri, eləcə də İstintaq Komitəsinin apardığı proseslər, ehtimal ki, onların səlahiyyətlərini aşan hərəkətlərlə müşayiət olunub: “Bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Əgər doğrudan da cinayət işi qaldırılıbsa, orada konkret problemlər yaranıbsa və ölüm hadisəsi baş veribsə, hüquq-mühafizə orqanları obyektiv araşdırma aparmalıdır. Bu hadisəyə hüquqi qiymət verilməlidir. Son dövrlər Rusiyada miqrantlarla bağlı qəbul edilən qərarlar da miqrasiya siyasətinə münasibətdə fərqli və sərt yanaşmaların təzahürüdür. Bu, təəssüf ki, ilk belə hal deyil”. Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatın məsələni ən yüksək səviyyədə Rusiya tərəfinə çatdırdığını vurğulayan Arzu Nağıyev onu da qeyd edib ki, bu cür hadisələr miqrasiya siyasətində və iki ölkə münasibətlərində çox ciddi fəsadlara gətirib çıxara bilər: “Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bununla bağlı açıqlaması olsa da, Rusiya tərəfi Azərbaycanın verdiyi rəsmi bəyanata öz münasibətini də ən yüksək səviyyədə bildirməlidir. Azərbaycan xalqı hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq olub və Azərbaycanda yaşayan rus icmasına hər zaman yüksək münasibət göstərib. Qarşı tərəf də bunu nəzərə almalıdır. Hesab edirəm, bu məsələyə Rusiya Xarici İşlər Nazirliyi və İstintaq Komitəsi səviyyəsində ciddi yanaşılmalı, ətraflı araşdırma aparılmalı və Azərbaycan tərəfinə dəqiq cavab təqdim edilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
2
50
metbuat.az

10Sources