EN

Deputat: Miqrantlara qarşı amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsinə qalxıb

Beynəlxalq nizamı yerindən oynadan Ukrayna-Rusiya müharibəsində qalib və məğlub tərəf konkret formada görünməsə də demək olar ki, Qərbə hərtərəfli məğlub olan Rusiya düşdüyü bataqlıqdan çıxa bilmədiyi üçün çirkabı fərqli regionlara yayır, palçığı isə digər xalqların üzərinə atır.

Bu fikirləri APA-ya Azər Badamov bildirib.

O qeyd edib ki, buna görədir ki, yeni cinahlar yaradaraq, yeni düşmən axtarışına başlayıb. Özlərini əlçatmaz və gözəgörünməz hesab edən bəzi şəxslər sanki bütün cahana cəbhə açaraq yeni müzakirə predmeti ovuna çıxıb, onu fasiləsiz sirkulyasiya etdirmək üçün addımlar atır, açıqlamalar verirlər. Hələ ondan başlayaq ki, miqrantlara qarşı olan münasibət yeni deyil. Məsələn 2011-ci ildən İstintaq Komitəsinə rəhbərlik edən Aleksandr Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxışlar edib və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləmişdi. Bildirirdi ki, 30 mindən çox miqrant vətəndaşlıq alıb, lakin hərbi xidmətə yazılmaq istəməyənlər tutulub və qeydiyyata alınıb, Rusiya vətəndaşlığını almış 10 minə yaxın miqrant isə orduya çağırılıb. Komitə rəhbəri sözügedən mövzu ilə bağlı Rusiya hakimiyyətinin Moskva yaxınlığındakı Crocus City Hall-a hücumdan sonra Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı kampaniyası fonunda da açıqlamalar vermişdi. Həmin açıqlamada isə deyirdi ki, Rusiya Konstitusiyası və qanunlarında vətəndaşlıq qəbul etmiş şəxsləri hərbi xidmətə qeydiyyatdan keçirməli, lazım gəldikdə isə adlandırdıqları xüsusi hərbi əməliyyatda iştirak etmələri ilə bağlı müddəaları həyata keçirməyə başlamalıdırlar”.

Deputatın sözlərinə görə, ümumilikdə isə miqrantlara qarşı münasibəti hünər bilən məmurlar özlərindən qəhrəman obrazı yaradırlar:

“Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olunması və bunun arxasında Rusiyanın dayanması ilə bağlı Milli Məclisin komissiyasının hesabatı üzə çıxardı ki, media resurslarımız bu günə kimi ən sərt kiberhücumlarla üz-üzə qalıb, hücumlar konkret faktlarla sübut olundu. Hətta bu hücumlarda xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan “saxta bayraq” (false flag) əməliyyatları da tətbiq edildiyi məlum oldu. Solovyov kimi ünsürlərin əli ilə bilərəkdən guya “Artsax” ifadəsinin mövcud olmadığını bilmirmiş kimi bu ifadənin bilə-bilə, üzərinə basa-basa səsləndirilməsi, xalqımızın təhqir olunması mərkəzdən təlimat alan Solovyovun və onun kimilərin əli ilə yürüdülən siyasətdir”.

Azər Badamov onu da söyləyib ki, Rusiyaya qarşı Ermənistanın son dərəcə satqın siyasət yürütməsinə baxmayaraq Rusiyanın heç bir aktora qarşı nümayiş etdirmədiyi səbri və dözümü Ermənistana göstərməsi, bu ölkədə radikalizm və revanşizm meyillərinin güclənməsi, Robert Koçaryan, Serj Sarkisyan kimi istənilən sadiq qulun Rusiya tərəfindən dəstəklənməsi ondan xəbər verir ki, baş verən bütün proseslər Moskvanın ssenarisidir:

“Cənubi Qafqazı yenidən müharibə meydançasına çevirmək istiqamətində silsilə addımlar atıldığının şahidiyik. Buna görədir ki, hətta bu hədəfə gedən yolda Rusiya milli siyasət konsepsiyası da ortaya qoyur və bu siyasətdə başqa xalqlara qarşı son dərəcə dözümsüz münasibət, selektiv yanaşma, qərəz, hiddət, aqressiyanın ən sərt forması da tətbiq edilir. Baş verən hadisələr, Yekaterinburq vəhşiliyi bu ölkənin qana susadığının, ondan doymadığının əyani təzahürüdür. Bu xalqlara qarşı yürüdülən, ən sərt formada tətbiq edilən diskriminasiya, dözümsüzlük, milli və irqi zəmində olan ayrı-seçkilikdir. Deməli, Yekaterinburqda baş verən proses idarə olunan hadisədir. Bu hadisənin arealı isə Yekaterinburqla məhdudlaşmır. Demək olar ki, bu zəhərli tendensiya Rusiyanın bütün bölgələrində müşahidə olunur. Cəbhə boş qalıb, onu doldurmağın yolunu isə miqrantlarda görürlər. Buna görədir ki, miqrantları hətta təzyiq, hədə-qorxu, şantaj vasitəsilə müharibəyə yola salmaq üçün addımlar atılır. Miqrantların törətmədikləri ağır cinayətlər, əməllər üzərlərinə ləkə kimi atılır, boyunlarına qoyulur ki, məcburiyyət qarşısında qalıb tabe olsunlar. Bu az deyilmiş kimi müharibəyə gedən miqrantlara kompensasiya da verilmir, bəzilərinin isə aqibəti haqqında heç bir məlumat yoxdur. Qayıdanları isə yenidən şantaj edib, döyüşlərə geri göndərirlər. Miqrantlarla yanaşı milli kimlik amili üzərindən istənilən qeyri-rus bütün bu təzyiqlərin qurbanıdır. Miqrantlara qarşı son dərəcə amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsinə qalxıb ki, bu son dərəcə mənfi tendensiya və addımlardır.

Təyyarəmizin vurulması, bu məsələnin xalqımızın heysiyyətinə toxunması Rusiya üçün nəsə ifadə etməyə bilər, buna görə addımlar da atmaya bilər, lakin bizim üçün bu məsələ çox şey deməkdir. Bu baxımdan Azərbaycan təyyarə hadisəsini beynəlxalq arenada inkişaf etdirib qanlı hadisənin ədalətli həlli, bu hadisədə əli olan günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi məqsədinə çatacaq”.

Chosen
16
39
apa.az

10Sources