EN

Azər Badamov: Rusiyada qeyri ruslara qarşı ayrı seçkilik dövlət siyasətinə çevrilib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rusiyada qeyri-etnik ruslara qarşı şovinizm, diskriminasiya və milli ayrı-seçkilik adi hala çevrilib".

Bu fikri Milli Məclisin deputatı Azər Badamov Oxu.Az-a açıqlamasında səsləndirib.

O bildirib ki, 1990-cı illərdən sonra Rusiyada Qafqaz və Mərkəzi Asiyadan olan insanlara, xüsusilə böyük şəhərlərdə ikinci dərəcəli vətəndaş kimi yanaşılır, onlar təhqir və təqiblərə məruz qalırdı:

"2022-ci ildə Ukrayna ilə müharibə başlayanda bu münasibət bir qədər səngimişdi. Çünki döyüşə göndərilənlərin əksəriyyəti qeyri-rus millətlərin nümayəndələri idi. Lakin müharibə dərinləşdikcə canlı qüvvəyə ehtiyac artır və bu boşluq miqrantlara və etnik rus olmayan vətəndaşlara təzyiqlərlə doldurulmağa çalışılır. Onlar zorla müqavilə imzaladılaraq cəbhəyə göndərilir, vəd edilən kompensasiyalar isə verilmir".

Deputat hesab edir ki, bu gün qeyri-rus vətəndaşların və miqrantların müharibəyə cəlb edilməsi artıq dövlət səviyyəsində həyata keçirilir:

"Ən təhlükəli məqam isə budur: müharibəyə adam tapmaq üçün bu kateqoriyadan olan şəxslərin təqib olunması dövlət siyasətinə çevrilib. Artıq onların hüquqları nə qanunlarla, nə də dövlət tərəfindən qorunur. Əksinə, hüquq-mühafizə orqanları miqrantlara qarşı təhlükəli təzyiq mexanizminə çevrilib".

A.Badamov Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrə də toxunub. O qeyd edib ki, polisin səhər saatlarında qapını sındıraraq evə daxil olması, kişilərin açıq şəkildə təhqir edilərək döyülməsi və qətlə yetirilməsi hüquq-mühafizə orqanlarının yuxarıdan aldığı birbaşa göstərişin icrasından başqa bir şey deyil:

"Əgər bu hadisə fərdi cinayət idisə, o zaman icraçılara qarşı tədbir görülərdi. Əksinə, Rusiya Xarici İşlər Nazirliyi yalnız Azərbaycanın etirazından sonra saxlanılanlara tibbi yardım göstərildiyini və 24 il əvvəlki cinayət işi üzrə müəyyən şəxslərin saxlanıldığını bildirib. Sual olunur: 24 il sonra birdən-birə bu cinayət işi necə yadlarına düşdü? Hətta bu iş üzrə saxlanılırlarsa belə, niyə bu şəxslər alçaldıcı işgəncələrlə üz-üzə qoyulur?"

Deputat vurğulayıb ki, hüquqi müstəvidə məhkəmə qərarı olmadan heç bir şəxsin günahkar elan edilməsi mümkün deyil:

"Əgər ortada hökm yoxdursa, müqavimət göstərməyən, ailəsinin yanında olan insanların döyülməsi və öldürülməsi özü ağır cinayətdir".

Azər Badamov hesab edir ki, baş verənlərin arxasında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb olunması ilə bağlı verdiyi açıqlamalar dayanır:

"Miqrantları zorla müharibəyə göndərməklə nəticə əldə etmək mümkün deyil. Əgər Rusiya özünü hüquqi və dünyəvi dövlət hesab edirsə, qeyri-ruslara qarşı təzyiqlərə son qoymalı, vətəndaşlarının hüquqlarını qanun qarşısında bərabər şəkildə təmin etməlidir".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
50
oxu.az

10Sources