EN

Tahir Rzayev: “Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır”

Yekaterinburqda azərbaycanlılara qarşı amansız münasibət yolverilməzdir, çünki hər bir hadisə qanun çərçivəsində araşdırılmalı və hüquqi qiymətini almalıdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

“Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır və hüquq normalarına tamamilə ziddir. Çünki insan cinayət törədə, yanlış hərəkətə yol verə bilər, ancaq onun etdiyi hərəkətlər araşdırılmalı və hüquqi qiymətini almalıdır”, – o söyləyib.

Deputatın sözlərinə görə, Rusiyanın hüquq-mühafizə orqanlarının bu hadisələrə göstərdiyi reaksiyalar son dərəcə sərt olub: “Çox təəssüf ki, Rusiyanın hüquq-mühafizə orqanları bu hadisələrə çox amansız reaksiya veriblər və nəticədə iki qardaş öldürülüb. Bu onu göstərir ki, bu, tamamilə dözülməz, insanlığa yaraşmayan hərəkətdir. Belə hallar Azərbaycan – Rusiya münasibətlərinə ciddi xələl gətirir”.

Tahir Rzayev qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə Rusiya ilə sağlam əməkdaşlıq mühitinin vacibliyini vurğulayıb: “Azərbaycanda rus millətinin çoxsaylı nümayəndələri yaşayırlar. Onlara qarşı ölkəmizdə ciddi hörmət var. Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir, ali məktəblərdə rus dili tədris olunur və rus millətinə münasibət tamamilə doğma məcradadır. Lakin son aylarda Rusiyada yaşayan azərbaycanlılara qarşı yönələn müəyyən təxribatlar, orada insanların incidilməsi və öldürülməsi dözülməz haldır”.

Deputatın fikrincə, bu cür hadisələr Rusiyanın bəzi inzibati orqanlarının müəyyən dairələrin təsiri altına düşməsi ilə bağlıdır: “Bu, Rusiyanın inzibati-mühafizə orqanlarının hansısa tapşırıqları yerinə yetirmələrinin və şovinist əməllərinin nəticəsində baş verir. Azərbaycan Xarici İşlər Nazirliyi çox haqlı olaraq Rusiyaya kəskin münasibətini bildirir və izahat tələb edir. Azərbaycan xalqı bu hadisədən ciddi narahatdır. Çünki bu, həmyerlilərimizə qarşı ilk belə hal deyil. AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, həmçinin Moskvada və Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı yaramaz əməllər sübut edir ki, bütün bunlar eyni mərkəzdən idarə olunur”.

Tahir Rzayev vurğulayıb ki, baş verənlərin nəticələri ağır ola bilər: “Azərbaycan daim Rusiya ilə münasibətlərin yaxşılaşdırılması fikrindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkələr arasında əməkdaşlığın inkişafına hesablanıb. Rusiyada yaşayan bir çox ermənipərəst qüvvələr bu ölkənin siyasətinə, onun inzibati orqanlarının fəaliyyətinə müəyyən qaydada təsir edə bilir. Bu, yaxşı hal deyil və ciddi nəticələrə səbəb ola bilər. Azərbaycan xalqı haqlı olaraq Rusiyadan izah tələb edir. Bu izahat verilməlidir”.

Chosen
7
30
report.az

10Sources