EN

Yekaterinburqda baş verən hadisələrdə xüsusi kampaniya əlamətləri açıq şəkildə görünürRƏY

“Rusiyada son günlər baş verən hadisələr ciddi narahatlıq doğurur. Azərbaycan vətəndaşlarının xüsusi qəddarlıqla həbs olunması, onlara qarşı işgəncə tətbiq edilməsi və bu addımların 25 il öncə baş vermiş bir cinayətlə əlaqələndirilməsi Rusiyada yaşayan azərbaycanlılara yönəlmiş məqsədli qorxu siyasəti kimi qiymətləndirilə bilər. Rusiya son dövrlərdə miqrasiya siyasətində ciddi sərtləşmə siyasəti tətbiq edir, müvafiq qanunlara dəyişikliklər həyata keçirilir. Mövcud qanunvericiliyə dəyişikliklər etmək isə hər dövlətin suveren hüququdur, belə ki istənilən ölkə öz qanunlarını dəyişmək və maraqlarına uyğun tənzimləmələr aparmaq ixtiyarındadır. Lakin bu proses qanun çərçivəsində və ayrı-seçkilik edilmədən həyata keçirilməlidir. Ən sərt qanun belə bütün vətəndaşlara ədalətli və bərabər şəkildə tətbiq edilməlidir”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov söyləyib.

 

F.Məmmədov bildirib ki, Yekaterinburqda baş verən hadisələr isə qanuni prosedurdan kənardır və daha çox planlaşdırılmış, xüsusi məqsədli bir aksiya təəssüratı yaradır. O, daha sonra deyib: “Rusiya mediasının bu hadisəni işıqlandırma tərzi və xüsusilə də azərbaycanlıların bir millət olaraq hədəfə alınması bu narahatlığımızı daha da artırır. Onsuz da təyyarə insidentindən sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranmışdı. Bu hadisə isə münasibətləri daha da kəskinləşdirəcək. Hadisədə xüsusi kampaniya əlamətləri açıq şəkildə görünür. Əldə olunan məlumata görə, bu işgəncələr birbaşa Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib. Halbuki bu kimi istintaq və hüquqi proseslər adətən prokurorluq və ya polis orqanlarının səlahiyyətindədir. Bu məqam isə əlavə suallar doğurur.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələyə artıq kəskin reaksiya verib. Həm rəsmi bəyanat verilib, həm də Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib. Yekaterinburqda baş verən bu hadisələr şübhəsiz ki, iki ölkə arasında geniş və çoxşaxəli əlaqələrin müəyyən dərəcədə geriləməsinə gətirib çıxaracaq. Azərbaycan dövləti isə hər zaman xarici ölkələrdə yaşayan vətəndaşlarının hüquqlarını qoruyur və müdafiə edir. Bu məsələdə də eyni prinsip tətbiq olunur və Azərbaycan tərəfindən atılan addımlar bunu bir daha təsdiqləyir”.

Chosen
8
30
sfera.az

10Sources