EN

Rusiya: XXI əsrdə yeni etnik təmizləmənin ssenarisi

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən qəddarlıq bir şəhər və region səviyyəsində yox, bütövlükdə Kremlin nəzarəti ilə həyata keçirilən milli və dini ayrı-seçkiliyin bariz nümunəsidir. Hadisə şahidlərinin, orada yaşayanların dedikləri, sosial mediada yayılan görüntülər və Rusiya dövlətinin XİN sözçüsü səviyyəsində verdiyi reaksiya bütün bu proseslərin planlı şəkildə həyata keçirildiyini sübut edir.

Rusiyada miqrantlara qarşı aparılan kampaniya artıq müharibənin insan resursu ehtiyacları ilə birləşərək yeni repressiv forma alıb. Qeyri-rus miqrantlar, xüsusilə də azərbaycanlılar, özbəklər, qırğızlar, türkmənlər müxtəlif üsullarla müharibəyə getməyə məcbur edilirlər. Onlar törətmədikləri cinayətlərdə ittiham olunur, narkotiklə şərlənir, ailələri ilə təhdid edilirlər. Rədd cavabı alanlar isə ya qaranlıq hücrələrə atılır, ya da müəmmalı şəkildə yoxa çıxarılır.

Şantajın dövlət səviyyəsi

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin son açıqlamaları bu siyasətin sistemli xarakterini açıq şəkildə göstərdi. O, miqrantların müharibəyə cəlb edildiyini, bu işdə hüquq-mühafizə orqanlarının bilavasitə iştirak etdiyini etiraf etdi. Bəs bu rəsmi etirafdan sonra nə dəyişdi? Vladimir Putin Bastırkinə etdiklərinin yolverilməz olduğunu dedimi? Əlbəttə ki, yox.

Görünən odur ki, son hadisə Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik kontekstində dəyərləndirilməlidir. Azərbaycan hələ də mülki təyyarəsinin vurulmasına görə Rusiyadan izahat və rəsmi üzr istənilməsini gözləyir. Hadisə ilə bağlı nə təhqiqat aparılıb, nə də məsul şəxslər cəzalandırılıb. Bununla yanaşı, Azərbaycanın informasiya resurslarına qarşı təşkil edilən kiberhücumlar, Həştərxanda keçirilən rəsmi tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması Moskvanın Azərbaycana qeyri-dost münasibət sərgilədiyini göstərir.

Milli Məclisin müvafiq komissiyasının hesabatı da sübut edir ki, Azərbaycan informasiya müharibəsinin hədəfinə çevrilib. Bu kiberhücumların arxasında Kremlin himayə etdiyi texnoloji və siyasi strukturlar dayanır. Rusiya, sadəcə olaraq, informasiya, diplomatik və etnik səviyyələrdə yeni bir cəbhə açıb.

Şovinizmin ideoloji dayaqları

Rusiyada etnik və dini ayrı-seçkilik təkcə hüquq-mühafizə orqanlarının zorakılığı ilə məhdudlaşmır, bu, Kreml tərəfindən idarə olunan ideoloji və siyasi kampaniyanın bir hissəsidir. Bu kampaniyanın əsas dayaqlarını isə dövlət mediası, ideoloqlar və Rusiya Pravoslav Kilsəsi təşkil edir. Vladimir Solovyov kimi Kremlə yaxın təbliğatçılar televiziyalarda açıq şəkildə islamofob, irqçi və qeyri-rus xalqların hüquqlarını hədəf alan fikirlər səsləndirir. Onların çağırışları isə hüquq-mühafizə orqanlarının davranışını yönləndirən ideoloji əsaslar yaradır.

Bu siyasətin təsiri altına düşən təkcə azərbaycanlılar deyil. Rusiyada yaşayan bütün müsəlman xalqlar - özbəklər, qırğızlar, taciklər, tatarlar və başqırdlar - eyni təzyiqlərlə üzləşirlər. Mərkəzi Asiyadan olan miqrantlara qarşı hücumlar, küçədə fiziki zorakılıq, sistematik yoxlamalar, həbslər və hətta deportasiyalar artıq istisna deyil, normaya çevrilib.

2025-ci ilin iyun ayında Özbəkistan Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota təqdim edərək, Rusiya ərazisində öz vətəndaşlarına qarşı aparılan “icazəsiz yoxlamalar, hörmətsizlik və kobud rəftar” hallarına izahat tələb edib. Bu, son aylar müşahidə olunan çoxsaylı analoji hadisələrin davamı idi. Mayda isə Rusiya Federasiyasının səfiri Özbəkistan XİN-ə çağırılaraq “əmək miqrantlarına qarşı sərt davranışlar” barədə rəsmi şəkildə məlumatlandırılıb.

Oxşar hadisələr Qırğızıstan və Tacikistan hökumətlərinin də gündəmindədir. 2025-ci ilin aprelində Qırğızıstan Xarici İşlər Nazirliyi Moskvada “Bodrost” hamam kompleksinə təşkil olunmuş antimiqrant reydlərə görə etiraz notası təqdim edib. Həmin reyd zamanı 60-a yaxın əcnəbi saxlanılıb, 25 nəfərə qarşı Rusiya miqrasiya qaydalarının pozulması ilə bağlı protokol tərtib edilib. Tacikistanın Baş naziri Kohir Rasulzoda isə bəyan edib ki, getdikcə daha çox tacik vətəndaşı Rusiyaya buraxılmır və ya “təhlükəsizliyin təmin edilməsi” kimi qeyri-müəyyən bəhanələrlə deportasiya olunur.

Hüquq-mühafizə orqanlarının sərt reydləri və zorakılığı da bu tendensiyanın bir hissəsidir. Belə ki, 2025-ci ilin mayında Moskvada polis Mərkəzi Asiyalı miqrantların çalışdığı kafelərə basqın edərək onları döyüb və sənədləri olmasına baxmayaraq saxlayıb. Bu ilin fevralında isə Kazanda (Tatarıstan) bazar yerlərində miqrantlara qarşı reydlər keçirilib, saxlanılanlar cərimələnib və bir qismi deportasiya edilib. 2019-cu ilin dekabrında Habarovsk və Samara vilayətlərində aparılan miqrant reydləri zamanı hüquq-mühafizə orqanları sənədli şəxslərə qarşı da zor tətbiq edib, onları küçədə saxlayıb və hüquqlarını pozub.

Bütün bunlarla yanaşı, qeyri-rus miqrantların Ukrayna müharibəsinə cəlb edilməsi də sistematik xarakter daşıyır. Xüsusilə taciklər hədəf alınır - miqrasiya idarələri və hüquq-mühafizə orqanları tərəfindən onlara “6 aylıq müqavilə ilə rus pasportu” vəd olunur və döyüşə yazılmaq üçün müxtəlif təzyiqlərlə qarşılaşırlar. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin öz açıqlamasında on minlərlə miqrantın artıq cəbhəyə göndərildiyini təsdiqləyib.

Bu faktlar bir daha sübut edir ki, Rusiyada formalaşmış şovinist və islamofob mühit təsadüfi deyil. Bu, bir dövlət siyasətidir - mediada ideoloji yönləndirmə ilə başlayır, hüquq-mühafizə sisteminin zorakılığı ilə davam edir və beynəlxalq hüquqa zidd olan müharibəyə cəlb etmə ilə nəticələnir. Bu tendensiya təkcə Rusiyada yaşayan milyonlarla qeyri-rusun yox, regionun gələcəyi üçün də təhlükə siqnalıdır.

Qanla yazılan siqnal

Yekaterinburqda baş verən vəhşilik göstərir ki, artıq 1990-cı illərin skinhedləri lazım deyil - bu vəzifəni rəsmi orqanlar, bələdiyyə polisi, xüsusi xidmət strukturları daha sistemli şəkildə yerinə yetirir. Etno-cinayətkarlıq kimi anlayışlar isə hüquqi əsas yaradaraq miqrantların və qeyri-rusların əvvəlcədən “günahlandırılmasını” təmin edir.

Ukraynada törədilən dəhşətlər - Buça soyqırımı, şəhərlərin dağıdılması, minlərlə günahsız insanın qətli - Rusiyanın digər xalqlara qarşı nə qədər qəddar və sistematik siyasət yürütməyə qadir olduğunu açıq göstərir. Əgər Rusiya slavyan və pravoslav qardaşına bu cür divan tutursa, digər xalqlara qarşı daha qəddar davranacağı şübhə doğurmur.

Tarixi paralellər

Stalin repressiyalarında belə qaydalar vardı - insanlar evlərindən aparılır, düşərgələrə göndərilir, formal da olsa məhkəmə keçirilirdi. Amma bugünkü Rusiya hər hansı prosedur olmadan küçədə döyür, evlərə daxil olub işgəncə verir, öldürür. Bu, artıq dövlət səviyyəsində həyata keçirilən və hüquqi çərçivədən kənarda olan etnik təmizləmə siyasətidir. 1990-cı illərin OMON zorakılığı indi maskasız, açıq formada və daha şiddətli həyata keçirilir.

Rusiya artıq təkcə müharibə aparan dövlət deyil, o, daxildə də milli, dini və etnik müharibə elan edib. Putin rejimi təkcə Ukraynada yox, Rusiyanın daxilində də fərqli xalqlara qarşı total müharibə aparır. Bütün bunlara susmaq - sabahkı fəlakətlərə razılıq vermək deməkdir.

Azərbaycan bu prosesləri beynəlxalq tribunalar vasitəsilə ifşa etməli, təyyarə vurulması, kiberhücumlar, diplomatik təhqirlər, Yekaterinburq hadisəsi və digər faktlarla məsələni beynəlxalq ədalət müstəvisinə çıxarmalıdır. Əgər bu siyasət dayanmazsa, sabah növbədə hansı xalqın olacağını heç kim bilə bilməz.

"Report"

Chosen
6
50
ikisahil.az

10Sources