EN

Türkiyədə meşə yanğınları ilə bağlı 17 nəfər saxlanıldı

BAKI, 29 iyun. TELEQRAF

Türkiyənin müxtəlif vilayətlərində baş vermiş meşə yanğınları ilə əlaqədar 17 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Nazir bildirib ki, Respublika Baş Prokurorluqları tərəfindən aparılan çoxşaxəli istintaq çərçivəsində 17 şübhəli saxlanılıb. Yanğınların iyunun 26-28-də ölkənin bir sıra bölgələrində baş verdiyi qeyd olunub.

Bilecik vilayətində təhlükəsizlik məqsədilə cəzaçəkmə müəssisəsi boşaldılıb. Orada saxlanılan 1081 məhkum qonşu vilayətlərdəki digər müəssisələrə təhlükəsiz şəkildə köçürülüb. Ailələr və yaxınları məlumatlandırılıb. Digər cəza müəssisələrində yanğın təhlükəsi yoxdur.

Kənd Təsərrüfatı naziri İbrahim Yumaklı isə ölkədə iki gün ərzində 150 meşə yanğını qeydə alındığını bildirib. Onlardan 83-ü şənbə günü başlayıb. Yanğınların əksəriyyəti ölkənin qərb və şimal-qərb bölgələrində baş verib. Dörd rayonda gecə saatlarında yanğınsöndürmə işləri davam edib. Hazırda bütün yanğınlar nəzarət altındadır və ya tamamilə söndürülüb.

Chosen
13
18
teleqraf.com

10Sources