EN

Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatlar beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur ŞƏRH

Bakı, 28 iyun, AZƏRTAC

Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlı ailələrə qarşı keçirilən reydlər, regionda artan antimüsəlman və antimiqrant ritorikası və Rusiya rəsmilərinin son addımları beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur. Son həftələrdə Yekaterinburqda azərbaycanlı ailələrə qarşı keçirilmiş xüsusi əməliyyatlar, cəmiyyətin müxtəlif təbəqələri arasında rezonansa səbəb olub. Sosial mediada yayılan məlumatlara görə, bəzi ailələrə qarşı zorakılıq tətbiq olunub, nəticədə bir neçə nəfər həyatını itirib, bəziləri isə saxlanılıb. Hadisənin detalları rəsmi qurumlar tərəfindən şərh edilməsə də, bu cür insidentlər Rusiyada yaşayan qeyri-rus mənşəli vətəndaşların təzyiq altında olduğunu bir daha göstərir. Rusiyada miqrantlara münasibət tədricən sərtləşir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə söyləyib.

O bildirib ki, son aylarda yayılan məlumatlara əsasən, xüsusilə Orta Asiya və Cənubi Qafqazdan olan miqrantların müharibə zonasına - Ukraynaya cəlb edilməsi halları artmaqdadır: “İnsan hüquqları təşkilatlarının bildirdiyinə görə, bir çox hallarda miqrantlar saxta ittihamlarla həbs edilir, onlara “alternativ” olaraq orduya yazılmaq təklif olunur. Bu, bir növ “əvəzli ədalət sistemi” kimi işə düşür: ya cəbhəyə get, ya da cəza çəkməyə razılaş. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin son çıxışında miqrantların orduya cəlb olunması ilə bağlı verdiyi rəqəmlər bu prosesin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir. Analitiklərə görə, bu yanaşma, sadəcə, insan resursu çatışmazlığını aradan qaldırmaq məqsədi daşımır, eyni zamanda, cəmiyyət daxilindəki sosial gərginliyi milli azlıqlara yönəltmə strategiyasına əsaslanır".

Politoloqun sözlərinə görə, Yekaterinburqda baş verən hadisələr fonunda Rusiyanın Azərbaycanla münasibətlərində son gərginlik də diqqət çəkir: “Həştərxanda keçirilən beynəlxalq tədbirə dəvət olunmuş azərbaycanlı deputatın ölkəyə buraxılmaması protokol normalarının pozulması kimi qiymətləndirilir. Azərbaycan tərəfi bu hadisəyə etiraz etsə də, Rusiya tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Digər tərəfdən, Azərbaycanın mülki təyyarəsinə qarşı törədilmiş insidentin cavabsız qalması və məsuliyyəti Rusiya tərəfinin öz üzərinə götürməməsi də narahatlıq doğuran məsələlərdəndir. Bu hadisə beynəlxalq hava hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Son zamanlar Rusiya mediasında müşahidə olunan anti-Azərbaycan və antimüsəlman ritorikası da təhlilçilərin diqqətindən yayınmır. Xüsusilə də dövlətə yaxın media fiqurlarının, məsələn, Vladimir Solovyovun açıqlamaları etnik və dini təfriqə yaradan ritorika ilə seçilir. Bəzi ekspertlər bu ritorikanın dövlət səviyyəsində təşviq olunduğunu, regionda geopolitik maraqlarla bağlı mesaj xarakteri daşıdığını iddia edir. Bununla yanaşı, Azərbaycana qarşı yönəldilmiş kiberhücumların Milli Məclisin aidiyyəti komissiyasında qeyd olunması, bu təzyiqlərin yalnız media ilə məhdudlaşmadığını göstərir. Azərbaycan rəsmiləri məsələni beynəlxalq müstəvidə diqqətə çatdıraraq informasiya təhlükəsizliyinin təmin olunmasına çağırırlar.

Rusiya daxilindəki gərginliklər fonunda Ermənistanın siyasi arenasında revanşist qüvvələrin fəallaşması, Koçaryan və Sarkisyan kimi keçmiş rəhbərlərin yenidən gündəmə gəlməsi, Cənubi Qafqazda sülh səylərinə mane ola biləcək əsas faktorlardan biri kimi qiymətləndirilir. Bu vəziyyətdə, regionda sabitlik və sülh təşəbbüslərinin aqibəti qeyri-müəyyən olaraq qalır".

Azərbaycan tərəfinin beynəlxalq hüquq və ədalət prinsipinə əsaslanaraq, regional sabitliyin qorunması və yeni münaqişələrin qarşısının alınması üçün ardıcıl səylər göstərdiyini qeyd edən politoloq əlavə edib: "Bölgədə yaranmış yeni siyasi və informasiya mənzərəsi, bu səylərin qarşısında ciddi çağırışlar yaratmaqdadır. Azərbaycan tərəfi daim öz xarici siyasi kursuna sadiq qalaraq regionda qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti həyata keçirir. Son proseslər, əslində, Rusiyanın öz milli maraqlarına da ziddir. Rusiya bilir ki, Azərbaycan Cənubi Qafqazda tərəfdaş və dost dövlətdir. Azərbaycan olmadan Cənubi Qafqazda təhlükəsizlik platforması qurmaq olmaz. Azərbaycan regionda yeni reallıqlar yaradıb. Artıq bunu bütün dünya dövlətləri qəbul edir".

Chosen
12
1
azertag.az

2Sources