EN

Kreml miqrantlar üzərindən ölkəmizə qarşı təzyiq göstərməyə çalışır

Ötən gün Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı keçirilən genişmiqyaslı əməliyyat əslində əməliyyat yox, sözün əsl mənasında quldurcasına basqındır. Bu cür barbar hücumun nəticəsində Azərbaycan əsilli Səfərovlar ailəsinin 5 üzvü – Ziyəddin və Hüseyn Səfərov qardaşları, habelə onların əmisi uşaqları Kamal Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov amansızcasına qətlə yetirilib. Həmçinin, basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, təxminən 70-ə yaxın azərbaycanlı saxlanılıb. Rusiyanın rəsmi və qeyri-rəsmi mənbələrinin məlumatına görə, bu əməliyyat guya 20-25 il əvvəl baş vermiş bir azərbaycanlının qətli ilə bağlıdır. Eləcə də, bu qəbildən olan bir sıra başqa absurd iddialar da səsləndirilir.

Lakin bütün bu iddialar qəsdən dövriyyəyə buraxılan şayiə və yalan məlumatlardır. Məqsəd isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və OMON xüsusi təyinatlı dəstəsinin əməkdaşları başda olmaqla güc strukturlarının iyunun 27-də səhər saat 5 radələrində Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın etməsinin ağır nəticələrini ört-basdır etməyə hesablanıb. Həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən Səfərovların qəddarlıqla qətlə yetirilməsini, bir neçə soydaşımızın ağır bədən xəsarətləri almasını, digər azərbaycanlıların isə həbs edilməsini, kobud rəftara məruz qalmasını heç bir iddia və arqumentlə ört-basdır etmək mümkün deyil.

Görünən budur ki, Azərbaycanın suveren xarici siyasət yürütməsini heç cürə həzm edə bilməyən Kreml məhz diaspora üzərindən, miqrantlar üzərindən ölkəmizə qarşı təzyiq göstərməyə, öz şərtlərini diktə etməyə çalışır. Rusiya dövlətinin həm azərbaycanlı, həm də qazax, qırğız, tacik və digər postsovet ölkələrindən olan miqrantlara qarşı bu cür sistemli, qəddar repressiya siyasəti geosiyasi motivlərlə bağlıdır. Bu repressiya və bu represiyanı həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarını özlərini mütəşəkkil cinayətkar dəstə üzvləri kimi aparması isə hazırkı Rusiya dövlətinin gerçək simasını ortaya qoyur.

Proseslər Rusiyada yaşayan azərbaycanlıların təhlükədə olduğunu göstərir. Azərbaycan dövlətinin Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş bu zorakılıq aktı ilə bağlı dərhal hərəkətə keçməsi və Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıxın Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, rəsmi Bakının kəskin etirazının çatdırılması adekvat reaksiyadır. Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz rusiyalı diplomatın diqqətinə çatdırılıb. Beləliklə, Kremlə mesaj verildi ki, Azərbaycan Rusiya tərəfinin soydaşlarımıza qarşı şovinizm, diskriminasiya, milli ayrı-seçkilik siyasətinə laqeyd qalmayacaq. Biz Rusiyanın soydaşlarımıza qarşı zorakılıq siyasətini qəti şəkildə pisləyirik!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
16
ictimairey.az

1Sources