Suriya inqilabından sonra ölkədə hakimiyyət dəyişikliyindən sonra dövlət başçısı seçilən Əhməd Əş-Şara regionun yeni siyasi reallığına uyğun olaraq daha açıq, ılımlı və diplomatiyaya əsaslanan siyasət xətti yürüdür. Əksinə, devrilmiş diktator Bəşər Əsəd dövründə isə ölkə həm İranın, həm də Rusiya və ona bağlı strukturların tam nəzarətində idi. Xüsusilə Əsəd rejimi dövründə İran İnqilab Keşikçiləri və Hizbullah Suriya ərazisində geniş fəaliyyət meydanı qazanmışdı.
Yeni Dəməşq rəhbərliyi isə məhz bu köhnə təsir şəbəkələrini sıradan çıxararaq Suriya ərazisində İranın nəzarətini minimuma endirməyə çalışır. Bunu anlayan Tehran, yerli mənbələrə əsasən, müxtəlif yollarla - həm azlıqları qaldırmağa təşviq etməklə, həm də terror vasitələri ilə Əhməd Əş-Şaranı hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Növbəti plan isə Hizbullahla koordinasiyada, Dəraa vilayətində təşkil edilən sui-qəsd idi. Amma açıq mənbə istihbaratı və Türkiyənin kəşfiyyat kanalları sayəsində bu sui-qəsd planı daha icraya keçmədən zərərsizləşdirilib.
Analitiklər bildirir ki, Əhməd Əş-Şaranın hədəf seçilməsi həm də onun Türkiyə ilə yaxın siyasi və təhlükəsizlik münasibətlərinə görədir. Xatırladaq ki, Əsəd devrildikdən sonra Şama gedən ilk yüksək səviyyəli xarici nümayəndə məhz Türkiyə Milli İstihbarat Təşkilatının o zamankı rəhbəri İbrahim Kalın olub. Hakan Fidan dövründən başlayan Türkiyə-Suriya xüsusi xətti indi daha da güclənib. Məhz bu əlaqələr fonunda Əhməd Əş-Əşara Türkiyə tərəfindən həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi dəstək görür.
Bu hadisə göstərir ki, yeni Suriya hakimiyyəti artıq bölgədə əvvəlki oyunun qaydalarını dəyişməyə başlayıb. Tehran və ona bağlı qruplar isə öz təsir dairələrini itirməmək üçün ənənəvi üsullara, yəni sabitliyi pozmağa və liderləri ortadan qaldırmağa əl atırlar. Lakin görünən odur ki, Türkiyə bölgədəki bu cür planların qabağını almaqda da maraqlı və kifayət qədər hazırlıqlı görünür.