EN

"Azərbaycanfilm"in keçmiş rəhbəri: Kinostudiya başqa əraziyə köçürülməlidir

BAKI, 27 iyun. TELEQRAF

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir.

Bunu Teleqraf-a açıqlamasında C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru, xalq artisti Xamis Muradov deyib.

O hesab edir ki, hadisə insan müdaxiləsi ilə baş verməyib:

“Bu, təbiət hadisəsi kimi bir vəziyyətdir. Kino və konsert çəkilişlərində istifadə etdiyimiz qara, qırmızı, ağ tüstü effektləri var. O anbarda da həmin maddələr saxlanılırdı. Ola bilər, nəsə işə düşüb, maddələr alışaraq partlayıb. Bu maddələr partlayanda güclü səs çıxarır, söndürmək də çətin olur. Dəqiq deyə bilmərəm, anbarda bəlkə 20, bəlkə 30 kiloqram barıt ola bilərdi”.

Xamis Muradov 1970-ci illərdə çəkiliş zamanı baş vermiş faciəni xatırladıb:

"Onda “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı belə hadisə baş vermişdi. Lənkəranda müharibə səhnəsi çəkilirdi. Suyun altında pirotexniki maddələr yerləşdirilmişdi. Rejissor “motor” dedikdən sonra partlayışlar başladı. Birinci dubldan sonra ehtiyat üçün gətirilən maddələr partladı. Nəticədə 7 nəfər həyatını itirdi. Rejissor, assistent də vəfat etdi. Filmin operatoru Rasim Ocaqov idi".

O, əlavə edib ki, kinostudiya yaranandan bəri orada pirotexnik anbar olub:

“Bu tip anbarlar studiyanın fəaliyyəti üçün vacibdir. Bizdə hətta silah anbarı da var. Tikilinin əsası 1951-ci ildə qoyulub. O vaxt bu ərazi şəhərin kənarı idi, ətrafda mal-qara otarılırdı. İndi şəhər böyüyüb, yaşayış binaları ilə əhatələnib. Məncə, bu yer köçürülməlidir. O vaxt nazirlik tərəfindən hər il yoxlamalar aparılırdı. Mənim gənclik illərimdə kinostudiyada 1450 nəfər çalışırdı. Əgər bu hadisə o dövrdə və iş vaxtında baş versəydi, daha qorxulu vəziyyət yaranardı”.

Chosen
19
7
teleqraf.com

8Sources