Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.
Bakupost.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ağır cinayətin “qəhrəmanları” 20 illik dost olublar.
Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub.
İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.
Fərzalı üzünü turşudaraq Rəhmana “cibinə siqaret al, qoy”, dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.
Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: “Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, “sən heç vaxt cibinə siqaret qoymursan”. Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur…”
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.
Psixoloq Zeynəb Əyyubova Sherg.az-a bildirib ki, bu cür hadisələr adətən təkcə bir cümləyə verilmiş reaksiya ilə izah edilə bilməz:
“Görünən budur ki, bu insanda uzun müddətdir yığılan emosional gərginlik, bəlkə də dərin psixoloji travmalar və ya şəxsiyyət pozuntuları ola bilər. Ən çox rast gəlinən hallardan biri emosional özünü tənzimləmə bacarığının zəif olmasıdır. Bu insanlar adi bir sözə qarşı ölçüsüz və həddindən artıq reaksiya verirlər. Bəzən bu, impuls nəzarətsizliyi, aqressiya problemi, hətta antisosial şəxsiyyət pozuntusu kimi dərin psixoloji pozuntuların göstəricisi ola bilər:
“Bəli, müəyyən əlamətlər öncədən özünü göstərə bilər. Məsələn:
•Kiçik səbəblərə qarşı şiddətli emosional reaksiyalar vermək
•Aqressiv davranışlar (heyvanlara və ya insanlara qarşı)
•Qisasçıl düşüncə tərzi — ‘mənə bunu dedisə, cavab verməliyəm’ yanaşması
•Öz hisslərini idarə etməkdə çətinlik
•Duyğusal soyuqluq, empatiya çatışmazlığı
•Münasibətlərdə qəfil partlayışlar, sıx-sıx konflikt yaşamaq
Bəzən belə insanlar gündəlik həyatda “normal” görünə bilirlər, amma iç dünyalarında ciddi daxili gərginlik yaşayırlar. Əgər ailə, dostlar və cəmiyyət bu əlamətləri erkən fərq edib, lazımi dəstəyi göstərsə, bir çox faciənin qarşısı alına bilər.
Cəmiyyətdə emosional sağlamlıq mövzusunda maarifləndirmə artmalıdır.
•İnsanlar psixoloji yardım almağı utanılacaq bir hal kimi görməməlidirlər.
•Məktəblərdə və iş yerlərində emosional intellektin inkişafı üçün təlimlər təşkil olunmalıdır.
•Davamlı olaraq aqressiv və impulsiv davranan şəxslər psixoloji dəstəyə yönləndirilməlidir”.