Sherg.az saytına istinadən ain.az xəbər verir.
Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyə erməni icması ilə görüşdə Zəngəzur dəhlizindən də danışıb. Paşinyan bildirib ki, Orta dəhliz gündəliyi Türkiyə üçün önəmlidir. O iddia edir ki, “Sülh kəsişməsi” layihəsinin xüsusiyyətlərindən biri onun tam şəkildə Orta Dəhlizə daxil olmasıdır və guya bu layihə Türkiyə tərəfindən dəstəklənir və təşviq olunur:
"Mənim üçün aydındır ki, "Sülh kəsişməsi" layihəsi Orta dəhliz layihəsinin bir hissəsi ola bilər və bu, ümumi məntiqə uyğundur. Əgər (Azərbaycan və Türkiyə – red.) Ermənistan ərazisindən keçmək istəyirlərsə, qoy keçsinlər. Bu, pisdirmi? Biz bunu "sülh kəsişməsi" layihəsi çərçivəsində özümüz təklif edirik". Paşinyan əlavə edib ki, "Sülh kəsişməsi" açıldıqdan sonra Azərbaycan deyəcək ki, "Zəngəzur dəhlizi açılıb". Xatırladaq ki, bir müddət öncə Ermənistan parlament sədri Alen Simonyan bildirmişdi ki, Azərbaycandan Naxçıvana keçid dəhliz yox, yol olacaq.

Politoloq Oktay Qasımov "Sherg.az"a deyib ki, İrəvan-Ankara arasında müzakirə olunan əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır.
Ekspert bildirib ki, Zəngəzur dəhlizi məsələsi hər şeydən öncə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir:
"Digər yandan "Zəngəzur dəhlizinin açılmasına biz imkan vermədik" deyə lovğalanan cənub qonşumuz hazırda öz dərdinə düşüb. Ermənistan İranın avantürasına uyarsa, mövcud reallıqlara uymazsa sadəcə Azərbaycan və Türkiyəni deyil, Çini və Rusiyanı qarşısına almış olacaq. Avropa ölkələrinin əhəmiyyətli hissəsi də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Sadəcə onların şərtləri bir qədər başqadır. Ermənistan da bu məsələ üzərindən manipulyasiya edir. Artıq manipulyasiya və bəhanələr dövrünün limiti bitmək üzrədir. İrəvan konkret qərarlar verməli, əməli addımlar atmalıdır. Bir müddət öncə Ermənistan parlament sədri Alen Simonyan bildirmişdi ki, Azərbaycandan Naxçıvana keçid dəhliz yox, yol olacaq. Əslində bizim üçün necə adlanmasının mənası yoxdur. Bizim üçün önəmli odur ki, üçtərəfli bəyanatda vurğulandığı kimi maneəsiz və təhlükəsiz gediş-gəlişin təmin olunmasıdır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.