EN

Ermənistanda çevriliş qalmaqalı - Paşinyan üç cəbhədə mübarizəyə BAŞLADI

Ermənistanda parlament seçkilərinə 1 ildən az vaxt qalıb. Seçki öncəsi ölkədə siyasi atmosfer sürətlə qızışır. Baş nazir Nikol Paşinyan “korrupsiyalaşmış kilsə-olqarx alyansının” dövlət çevrilişinə cəhd etdiyini bəyan edib. Bu iddiaların mərkəzində isə ötən Paşinyana qarşı mitinqləri ilə məşhurlaşan arxiyepiskop, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan dayanır.

İyunun 25-də Ermənistan Təhlükəsizlik Xidməti Bağrat Qalstanyanın evində və tərəfdarlarının ünvanlarında genişmiqyaslı axtarışlar aparıb. Rəsmi məlumata görə, çevriliş planı çərçivəsində minə yaxın şəxs silahlı aksiyalara, partlayışlara, elektrik və internet şəbəkələrinin kəsilməsinə cəlb olunub.

Axtarış zamanı silah-sursat, rabitə vasitələri, planlar və “gələcək hökumətin siyahısı” tapıldığı iddia olunur. Artıq 14 nəfər saxlanılıb, 16 nəfərə qarşı cinayət işi açılıb.

Kilsə hökumətə meydan oxuyur

Erməni Apostol Kilsəsinin Tavuş yepiskopu olan Baqrat Qalstanyan ötən il Paşinyana qarşı keçirilən kütləvi etirazlara rəhbərlik edib. Onun anti-Paşinyan ritorikası İkinci Qarabağ müharibəsindən sonra daha da sərtləşib. İyun ayında Qalstanyan yeni siyasi hərəkat yaradıb. “Müqəddəs Mübarizə” adlandırılan hərəkar hökumətin legitimliyini sual altına alıb.

Təhlükəsizlik Xidmətinin iddialarına görə, məhz bu hərəkat çevriliş planının təşkilatçısıdır. Lakin ictimaiyyətin və bəzi müstəqil müşahidəçilərin fikrincə, bu iddialar Paşinyanın siyasi rəqiblərini susturmaq üçün hazırlanmış “profilaktik zərbə” təsiri bağışlayır.

Olqarx Samvel Karapetyan Kilsəni müdafiə etdiyinə görə həbs edilib?

Maraqlı məqam odur ki, bu siyasi ittihamların dairəsinə Rusiya vətəndaşı, erməni əsilli iş adamı, “Taşir” holdinqinin rəhbəri Samvel Karapetyan da daxil edilib. Karapetyan son günlərdə hökumətin kilsəyə təzyiqlərini tənqid etdiyindən dərhal sonra "hakimiyyətin zorla ələ keçirilməsinə çağırış" ittihamı ilə iki aylıq həbs olunub.

Bu hadisə ictimai rəyə açıq mesaj kimi yozulur: Ermənistan hakimiyyəti siyasi və dini elitanın əməkdaşlığını “dövlət təhlükəsinə” bərabər tutur və bu qüvvələri kökündən əzmək niyyətindədir.

Siyasi böhran dini müstəvidə daha da dərinləşib. Paşinyanın katolikos II Qareginə və kilsəyə qarşı açıq təhqiramiz ritorikası yeni səviyyəyə yüksəlib. Baş nazir son açıqlamasında kilsə nümayəndəsinin onu sünnət olunmaqda ittiham etməsinə cavab olaraq “sübut edə bilərəm” deyərək açıq meydan oxuyub. Eyni zamanda, katolikosun ailəsinin olduğunu bildirib və onun vəzifədən kənarlaşdırılması üçün yeni seçki prosedurunun yaradılmasını təklif edib.

Hazırkı hadisələr Ermənistanın daxili siyasi sabitliyinin ciddi təhlükə altında olduğunu göstərir. Paşinyanın radikal ritorikası, kilsəyə və olqarxiyaya qarşı mübarizəsi yalnız seçki ilə əlaqəli deyil. Ermənistanda daxili siyasət parçalanıb, ideoloji uçurum dərinləşib.

Modern Təhlil və Araşdırma Qrupu

Chosen
22
7
modern.az

10Sources