EN

"Bu ordu güc anlayışını yenidən yazır"

Bu gün biz yalnız bir orduyu deyil, yoxdan var edilmiş gücün, iradənin və milli qürurun 107 illik yolunu qeyd edirik. Yeni dövrdə tam 35 il əvvəl, Azərbaycan Respublikası müstəqilliyini qorumaq üçün nizami ordudan məhrum idi. Heç bir müdafiə sistemi, taktiki planı və ya texnoloji arsenalı yox idi. Amma bu gün  biz artıq tamamilə fərqli bir mövqedəyik.
 
Bu gün Azərbaycan Ordusu 145 ölkə arasında 60-cı yerdədir. Amma bu reytinq əsgərlərin sayına görə deyil. Bu – dəqiqliyə əsaslanan bir ordudur. Texnologiyaya söykənən və peşəkarlıqla qurulan bir gücdür.
 
Bütün bu transformasiyanın arxasında Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır – yalnız ordu qurmayan, həm də yeni hərbi doktrina, yeni texnologiya fəlsəfəsi və strateji düşüncə yaradan bir rəhbər. Bu ordunun əsasını o atdı. Onun liderliyi ilə biz təkcə silah yox, sarsılmaz iradə və zəfər ruhu yaratdıq.
 
Bu ordu Qarabağı azad etdi. Təkcə Ermənistanın işğalından yox — 30 illik ədalətsizliyin, susqunluğun və təzyiqlərin əsarətindən qurtardı bizi. O, bölgədəki güc mərkəzlərinə qarşı dayandı — Rusiya–İran blokunun siyasi-texnoloji təzyiqlərinə, işğalda birbaşa iştirakına  baxmayaraq, Azərbaycan Ordusu qalib gəldi. Döyüş meydanında. Diplomatik masada. Tarixin özündə. Məhz əsrlər boyu bu xalqı ağır məngənə arasında sıxan bu güclər hazırda pərən-pərəndi, dağılır, parçalanır: həmin prosesləein bazasının qoyulmasında da bu ordunun böyük rolu oldu. 
 
Azərbaycan ordusunu daha böyük uğurlar, konsolidasiya, tam milli birliyin formalaşması gözləyir. Əminəm, bu ordu yaxın gələcəkdə daha böyük hadisə və proseslərə, milli birliyə, texnoloji sıçrayışa böyük yol açacaq. 
 
Bü gün Azərbaycan Respublikasının hər qarış torpağı təhlükəsizdir. Hər bir kənd, hər bir şəhər, hər bir dağ artıq bizim nəzarətimizdədir. Və bu təhlükəsizlik yalnız güc üzərində qurulmayıb – bu, döyüş texnologiyalarına əsaslanan, yüksək intellektli ordu ilə təmin olunub.
 
Bu ordunun gücü yalnız sayla ölçülmür. Onun gücü:
  • Süni intellektə əsaslanan idarəetmədə
  • Pilotsuz uçuş aparatlarında və dron döyüş sənətində
  • Real vaxt məlumat analizində və komanda rabitəsində
  • Proqramlaşdırma, kiberhücumlar və süni intellekt model analizləri sahəsində ixtisaslaşmış hərbçilərdə ifadə olunur.
Bu ordu yalnız sərhədləri qorumur. Bu ordu güc anlayışını yenidən yazır.
 
Bu gün Silahlı Qüvvələr Günü münasibətilə yalnız təşəkkür etmirik. Biz xatırlayırıq ki, haradan başlamışdıq. Bu proseslərin canlı şahidi kimi  qürurla baxırıq ki, nə yaratdıq, əminliklə deyirik ki, nəyə çevrildik.
 
Qarabağ Azərbaycandır! Azərbaycan məmləkətinin hər bir qarışı Azərbaycan olacaq.  Vətənimizi qoruyan, canını fəda edən hər kəsə sonsuz minnətdarlıqla.
 
Professor Saleh Məmmədov
Chosen
7
moderator.az

1Sources