EN

"Zelenskinin yeni obrazı: Döyüş geyimindən kostyumlara doğru" - BBC

 
"Ukrayna prezidentinin dəyişən üslubu nədən xəbər verir?.."
 
Hələ üç ay öncə Vladimir Zelenski açıq şəkildə bəyan edirdi ki, müharibə başa çatmayınca kostyum geyinməyəcək. Amma bu günlərdə NATO sammitində o, artıq hərbi köynəksiz - demək olar ki, klassik kostyumda görünüb. Bu dəyişiklik təkcə dəb məsələsi deyil, həm də siyasi mesajlar daşıyır.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Görünən dəyişiklik
 
Rusiya işğalına qarşı genişmiqyaslı müharibənin ilk günlərindən bəri Zelenski klassik geyimləri kənara qoyu . O, görüşlərə və çıxışlara hərbi üslubda - karqo şalvar, zeytun rəngli sviter və ya idman köynəyində qatılıb. Sonuncu dəfə klassik geyimdə o, 2022-ci il fevralın 24-də - hərbi vəziyyətin elan edildiyi gün görünüb. Zelenskinin bu geyim seçimi əsgərlərlə həmrəylik jesti olub. Lakin bəzi siyasətçilər, xüsusilə də ABŞ-dakı sağçı tənqidçilər onun geyimini hörmətsizlik kimi qəbul edib.
 
 
Mart ayında Ağ Evdə baş tutan görüşdə bu məsələ pik həddə çatıb. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Venslə görüş zamanı Zelenskinin geyimi yenidən mübahisəyə çevrilib. Amerikalı jurnalistlərdən biri onu qeyri-rəsmi görünüşdə olmaqda ittiham edib. Bu isə görüşün ab-havasını dərhal dəyişib və Zelenskinin paltarı diplomatik etiketi pozması kimi qələmə verilib.
 
Yeni mərhələ: rəmzi dəyişikliklər
 
Aprel ayında Papa Fransiskin dəfnində Zelenski ilk dəfə olaraq qara rəngli kostyumda görünüb. Bu kostyum ukraynalı dizayner Viktor Anisimovun əl işi olub. Həmin geyim həm rəsmi görünüb, həm də prezidentin müharibə dövründəki duruşuna uyğun gəlib.
 
 
Vatikan səfərində və sonrakı Berlin görüşlərində də Zelenski eyni tərzdə - hərbi üslub elementləri olan, lakin kostyum formasına yaxın geyimdə çıxış edib. Anisimovun dizayn etdiyi bu obrazda klassik biçimli qara pencək, dik yaxalı köynək və hərbi ayaqqabılar birləşdirilərək həm rahatlıq, həm də rəsmi görünüş yaradılıb.
 
Dizaynerin sözlərinə görə, məqsəd Zelenskinin hərbi ruhunu qoruyaraq, onu müasir estetika ilə sintez etmək olub. Nəticədə həm ciddilik, həm funksionallıq, həm də dövrə uyğun ləyaqətli bir obraz formalaşdırılıb.
 
 
NATO sammiti və Trampla yeni görüş
 
İyunun 23-də NATO sammiti öncəsi Zelenski Böyük Britaniya kralı III Karl və baş nazir Kir Starmerlə görüşüb. Fotolarda onun artıq tam kostyumda olduğu görünür. Bu dəfə sammitdə Tramp Zelenskini geyiminə görə tənqid edə bilməyib. Prezidentin bu dəyişikliyi beynəlxalq mediada da rezonans doğurub. Bəziləri onun "hərbi geyimdən imtinasını" şok effekti kimi təqdim edib, digərləri isə bu dəyişikliyi "zamanın tələbinə uyğunlaşma" kimi yozub.
 
 
Geyim siyasi ifadə vasitəsi kimi
 
Zelenski  geyimi ilə mesaj verən ilk lider deyil. 2022-ci ildə "The New York Times" onun ABŞ Konqresində sviterdə çıxış edən ilk şəxs olduğunu yazıb. "Vogue" jurnalının "İnstaqram" səhifəsində isə bu mövzu ətrafında qızğın müzakirələr gedib: bəziləri bu addımı hörmətsizlik kimi qiymətləndirib, digərləri isə onun sadəcə yorğun lider kimi uzun uçuşdan sonra geyimini dəyişməməsini anlayışla qarşılayıb.
 
 
Bununla belə, moda tarixçisi Rebekka Arnold qeyd edib ki, Zelenskinin seçimi məqsədyönlüdür - o, silahlı qüvvələrlə bağ quran, lakin militarist görünməyən bir obraz formalaşdırır. Bu isə onun əsas mesajını dəstəkləyir: prioritet rəsmi nümayişlər deyil, real hərbi və siyasi problemlərdir.
 
Tarixdə bu yanaşmaya oxşar nümunələr var. 1942-ci ildə Britaniyanın baş naziri Uinston Çörçill də Vaşinqtona hərbi geyimdə gəlib,  məqsəd isə ABŞ-ı Avropadakı müharibəyə daha fəal qoşulmağa təşviq etmək olub.
 
 
Obrazın təkamülü
 
Zelenskinin hərbi geyimdən rəsmi kostyuma keçidi sadəcə estetik yox, həm də strateji addımdır. O, həm Qərbin gözündə daha diplomatik görünməyə, həm də daxili auditoriyada öz prinsipial duruşunu qoruyub saxlamağa çalışır.
 
 
Bu dəyişikliklər göstərir ki, müharibə liderləri zamanla təkcə siyasi deyil, vizual obrazlarını da yenidən düşünməyə məcbur olur. Zelenskinin kostyumu artıq təkcə geyim deyil, siyasi mövqe, psixoloji mesaj və strateji yanaşmadır.
Chosen
105
14
moderator.az

10Sources