EN

Energetika sahəsi hər bir ölkənin milli təhlükəsizliyində vacib rol oynayır » AzadMedia.az


Energetika sahəsi hər bir ölkənin iqtisadi inkişafında aparıcı rol oynamaqla yanaşı, milli təhlükəsizliyin təmin olunmasında da strateji əhəmiyyətə malikdir. XXI əsrdə enerji resurslarına sahib olmaq, onları səmərəli şəkildə idarə etmək və dayanıqlı enerji sistemləri qurmaq dövlətlərin geosiyasi mövqeyinə, iqtisadi sabitliyinə və sosial rifahına birbaşa təsir edir. Bu baxımdan, Azərbaycan Respublikasının həyata keçirdiyi enerji siyasəti, ölkənin milli maraqlarının müdafiəsi və təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində önəmli strategiyaya çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə həyata keçirilən genişmiqyaslı enerji layihələri Azərbaycanın enerji dayanıqlığını, ixrac imkanlarını və daxili təhlükəsizliyini daha da gücləndirmişdir. Bu layihələr arasında 2023-cü ildə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası xüsusi yer tutur. Cənab Prezident həmin stansiyanın açılışında çıxışı zamanı bu obyektin strateji əhəmiyyətini xüsusi vurğulamışdır:

“8 Noyabr Elektrik Stansiyası müasir texnologiyalara əsaslanan, ətraf mühitə minimal təsir göstərən, eyni zamanda milli enerji dayanıqlığını gücləndirən mühüm infrastruktur layihəsidir.”

Bu sözlər onu göstərir ki, enerji obyektləri təkcə iqtisadi deyil, milli təhlükəsizlik və siyasi müstəqilliklə də sıx bağlıdır. Enerji müstəqilliyi olmayan ölkə heç zaman tam siyasi müstəqillikdən danışa bilməz.

Azərbaycan son illərdə həm enerji infrastrukturunu modernləşdirir, həm də bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirir. Bu, ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir və xarici asılılığı minimuma endirir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan “Yaşıl enerji zonası” konsepsiyası isə enerji siyasətinin təkcə iqtisadi deyil, strateji və təhlükəsizlik yönümlü olduğunu bir daha sübut edir. Bu ərazilərdə enerji təminatının qurulması, əslində, dövlət suverenliyinin bərpasının enerji təminatı ilə bərkitməsidir.

Eyni zamanda, Azərbaycan beynəlxalq enerji əməkdaşlığında da fəal mövqe tutur. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər mühüm layihələr Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi tanınmasına səbəb olmuşdur. Bu layihələr vasitəsilə Azərbaycan təkcə enerji ixrac etmir, həm də bölgədə və qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verir.

Energetika sahəsi Azərbaycanın milli təhlükəsizlik strategiyasının mərkəzində dayanır. Bu sahədə atılan hər bir addım – istər daxili infrastrukturun qurulması, istərsə də beynəlxalq enerji diplomatiyası – ölkəmizin suverenliyini, iqtisadi sabitliyini və regional liderliyini daha da möhkəmləndirir. “8 Noyabr” Elektrik Stansiyası kimi müasir obyektlər isə bu strateji yolun əyani nümunəsidir. Bu layihələr Azərbaycanı təkcə enerji ixracatçısı deyil, enerji təhlükəsizliyinin təminatçısı olan ölkə kimi bir daha təsdiq edir.



Samir Hüseynov
Yeni Azərbaycan Təşkilatının Masallı rayon təşkilatı, YAP fəalı.
Chosen
8
azadmedia.az

1Sources