EN

Kilsəyə Kremldən verilən təlimat belədir: Paşinyan üçün çətin dövr başlayır - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Tofiq müəllim, Ermənistanda Baş nazir Nikol Paşinyan komandası üçün hansı təhdidlər var? Bu günlərdə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalif “Müqəddəs mübarizə” adlı hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Sizcə, kilsənin siyasi hakimiyyəti dəyişmək riskləri var idi?
 
- İndi Ermənistanda məhz belə bir görüntü yaratmağa çalışırlar. Rusiya və İran da bu məsələdə maraqlı tərəf kimi çıxış edir. Guya ki, Paşinyana qarşı ölkədə çox ciddi müxalifət var və s. Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri sərt qarşıdurma fonunda baş tutacaq. Hətta mümkün hərbi çevriliş və digər mövzulara aid iddialar səslənir. Məqsəd gərginliyi daha da artıqmaqdır. Çünki bütün bunlar süni proseslərdir. Bunun kökündə başqa amillər dayanır. Guya ki, Paşinyan Rusiyaya qarşı olan siyasətçidir və buna görə də Kreml onu devirmək istəyir. Sözsüz ki, həqiqət belə deyil. İndi Ermənistanda baş verən oyunlar da bunun tərkib hissəsidir. Amma bunun nə olmasından asılı olmayaraq, baş verənlər ictimai rəyə təsir edir. Ona görə də Ermənistanda Rusiya tərəfdarları, qərbpərəsətlər bir-birinə qarşı çıxırlar. Burada isə əsas məqsəd seçkilərə hazırlıqla bağlıdır. İndi Paşinyanın reytinqi aşağı düşüb. Onu hakimiyyətdə saxlamaq üçün imicinin yüksəlməsinə xidmət edən ssenarilər həyata keçirilir.
 
 
- İyunun 18-də İrəvan məhkəməsinin qərarı ilə Rusiyanın “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbs edilməsi də bu prosesi bir həlqəsi kimi dəyərləndirilir…
 
- İndi Paşinyana müxalif olan hansısa dairələrin kökünə baxanda onların ya Rusiyaya, ya da ona yaxın olan çevrələrdə olduğu ortaya çıxır. Erməni kilsəsi bu xüsusda daha çox fərqlənir. Çünki erməni kilsəsi daima Rusiyanın təsiri altında olub və Kremldən idarə edilib. Keçmiş sovet dövründə də bu belə idi. Karapetyanın da Rusiyada böyük biznesi var. Bütün bunlar sözsüz ki, Moskvanın növbəti ssenarilərindən biridir. Paşinyan da onlara sərf edən bir siyasətçidir. Anti-Rusiya ritorikasına baxmayaraq, faktiki olaraq Ermənistanın Baş naziri Rusiyaya qarşı heç bir addım atmayıb. Bu gün Ermənistan ərazisində Rusiyanın hərbi bazaları qalır, qarşılıqlı istisadi əlaqələr inkişaf edir, ticarət dövriyyəsinin həcmi artır və s. Sadəcə olaraq indi Rusiya təsiri altında olan siyasi oyunçular Paşinyana qarşı müxalifət adında şou düzəldiblər. Təbii ki, bu cür zəif fiqurların qarşısında o gələn ilki seçkidən də qalib çıxacaq.
 
 
- İddialar var ki, Paşinyana qarşı Ermənistan daxilində olan basqılar onu Azərbaycanla sülh sazişi imzalamaqdan çəkindirmək üçün edilir. Bu ehtimallar nə dərəcədə məntiqlidir?
 
- Sülhlə bağlı Azərbaycanın mövqeyi bəllidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar ləğv edilməyincə ilkin sülh sazişinin imzalanması mümkün deyil. Daxildə bu cür oyunları ortaya atmaqla iddia edirlər ki, Azərbaycan öz mövqeyini dəyişib hansısa sənədə imza atacaq. Sözsüz ki, bu real deyil. İndiki halda onlar öz istəklərini ört-basdır etməyə çalışırlar. Amma heç də çıxıb demirlər ki, konstitusiyadakı həmin maddələri çıxarırıq və s. Bunun əvəzinə çıxıb deyirlər ki, biz Paşinyanı deviririk. Devirirlər devirsinlər. Guya ki, digəri gəlib Paşinyandan artıq nə edə biləcəkdir ki? Azərbaycanda da bəziləri elə düşünür ki, Paşinyan az qala gələcək üçün “ümiddir”. Amma onun Azərbaycana qarşı nəyə gücü çatıb onu elədiyini hamı unudur. Kim deyə bilər ki, siyasi və hərbi müstəvidə “dəmir yumruğun” zərbəsi dəymədən o hansısa qərar razı olub? Nə əldə olunubsa, Azərbaycanın ciddi təzyiqləri ilə mümkün olub. Bunu heç kəs yaddan çıxartmamalıdır.
 
 
- Paşinyanın Türkiyəyə səfərinin bu hadisələrə təsiri nədən ibarət oldu? İrəvanın-Ankara ilə yaxınlaşmaq cəhdinə münasibət necədir?
 
- İndiki halda Türkiyə ilə münasibətlərin düzəlməsi, sərhədlərin açılması daha çox Ermənistana lazımdır. Bunlar da öz istəklərini az qala güzəşt kimi təqdim etməyə çalışırlar. Sual olunur ki, onlar nəyə və kimə güzəşt edirlər? Türkiyə ilə münasibətlərin bərpasına qarşı çıxmaq onların özlərinə mənfi təsir edəcək. Paşinyan da Türkiyəyə ancaq öz məqsədləri üçün getmişdi. İstəyi o idi ki, dəmir yolu açılsın, kommunikasiya xəttləri bərpa olunsun, investisiyalar cəlb edilsin. O da anlayır ki, Türkiyə ilə münasibətləri bərpa etməsələr, gələcəkləri yoxdur. İstanbula da ona görə getmişdi. Ermənistanla sərhədlər açılmasa, Türkiyəyə heç nə olmayacaq. Sadəcə, indi ermənilər öz istəklərini elə formada satmaq istəyirlər ki, guya bu bizə lazımdır və s . Həqiqət isə tamam fərqlidir.
Chosen
19
7
moderator.az

10Sources