EN

Qərbi Azərbaycan gündəmin mərkəzində: İƏT qətnaməsi Ermənistana mesajdır 

“Qayıdış Azərbaycanın müəyyən etdiyi qaydada baş verə bilər. Yəni qarşılıqlılıq, bərabərlik və fərdi qaydada...”
 
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 51-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə təqdim olunan beş mühüm qətnamənin qəbul olunması ölkəmiz üçün, xüsusən Qərbi Azərbaycana qayıdış siyasətimiz kontekstindən həqiqətən də mühüm hadisədir. Çünki İslam dünyasının ən nüfuzlu beynəlxalq birliyi sayılan İƏT-in sessiyasında Qərbi Azərbaycan məsələsi də gündəlikdəki əsas məsələlərdən birinə çevrildi və ilk dəfə olaraq Qərbi Azərbaycan icmasına dair qətnamə qəbul edildi. Qətnamənin adı da kifayət qədər aktual və diqqətçəkəndir. “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı həmin qətnamədə İƏT-in üzv dövlətləri Qərbi azərbaycanlıların ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququna dəstək verib, eyni zamanda isə Ermənistanın bu hüquqları inkar etməsi birmənalı şəkildə pislənilib. Beləliklə, İƏT-in Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanı fakt qarşısında qoydu.

Siyasi şərhçi Abutalıb Səmədov deyib ki, İƏT-in 51-ci sessiyasında qəbul olunmuş qətnamə Azərbaycan Prezidentinin bir neçə il bundan öncə elan etdiyi hücum diplomatiyasının növbəti uğurudur. Ekspert bildirib ki, Azərbaycan diplomatiyası artıq uzun müddətdir ki, müdafiə mövqeyində dayanmaqdan imtina edib: 

"Haqlı iddialarımızı, haqlı problemlərimizi müxtəlif tədbirlərdə, tribunalarda, forumlarda cəsarətlə qaldırırıq, ciddi nəticələrə nail oluruq. Təbii ki, bu da ermənilər üçün son dərəcə əlverişsiz vəziyyət yaradır, narahatlığa səbəb olur. Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıtmaq hüququ onların ən təbii insan haqqıdır. Ermənistan tərəfi bunu anlamaqda güclük çəkir. Qarabağ ermənilərinin yenidən Azərbaycan ərazisinə qayıtma məsələsini ortaya qoyurlar, hər fürsətdə gündəmə gətirirlər. Üstəlik, onların fərdi yox, kollektiv şəkildə qayıtmasını tələb edirlər. Ancaq ötən əsrin əvvəllərindən başlayaraq əsrin sonunadək zorla öz yurdlarından qovulan 1 milyona yaxın həmvətənimizin məsələsini qaldırmağa bizə imkan vermək istəmirlər, bunu narazılıqla qarşılayırlar. Bu, absurd yanaşmadır. Halbuki, orada doğulan və yenidən ora qayıtmaq istəyən azərbaycanlıların hüquqları təmin olunmalıdır".

A.Səmədov əlavə edib ki, beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr həm Qərbi Azərbaycan məsələsini gündəmə gətirmək, həm də tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımdan mühümdür:
 "Ermənilərə açıq, birmənalı mesajdır. Ermənistan tərəfi hər tədbirdə Qarabağ ermənilərinin "geri dönmək haqqından" danışırsa, unutmasın ki, eyni haqq Ermənistan ərazisindən vəhşicəsinə qovulmuş, yurdları əlindən alınmış azərbaycanlılara da məxsusdur. Qayıdış Azərbaycanın müəyyən etdiyi qaydada baş verə bilər. Yəni qarşılıqlılıq, bərabərlik və fərdi qaydada... Ermənilərin heç bir kollektiv qayıdışından söhbət gedə bilməz".
Chosen
5
1
sherg.az

2Sources