EN

İran üçün “böyük yaxşılıq”: Trampın təkidi ilə əldə olunan atəşkəsdə açıq məqamlar çoxdur

ain.az bildirir, Sherg.az portalına istinadən.

İsrail məqsədlərinə çatmadi, İran da “nüvə dövləti” statusunu saxladı

"İsrail İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə bağlı hesabat dərc eməyə hazırlaşır". Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp bildirib ki, zərbələrdən sonra İsrailin adamları Fordoda oldu: "Və oranın tamamilə məhv olduğunu deyirlər". Qeyd edək ki, 22 iyunda ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. MAQATE-nin portalında dərc edilmiş bəyanatda deyilib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İran və İsrail arasında elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb. Məlumatda qeyd olunub ki, ABŞ-nin iyunun 22-də obyekti bombardman etməsindən sonra MAQATE müəyyən edib ki, yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb.

Trampın atəşkəs qərarı komandasını da təəccübləndirib

ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin pozulması ilə bağlı İsrailə müraciət edib. Tramp bu barədə özünün “Truth Social” səhifəsində yazıb: "Bu bombaları atmayın. Bu, ciddi pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın".

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya Prezidenti Vladimir Putin İran-İsrail münaqişəsinin həlli üçün yardım təklif etmişdi. Trampın sözlərinə görə, Putin özü ona zəng edib və kömək təklif edib: "Bildiyiniz kimi, Vladimir mənə zəng etdi. O soruşdu: "İranla bağlı sizə kömək edə bilərəmmi?" Dedim: "Xeyr, İranla bağlı köməyə ehtiyacım yoxdur. Sizinlə bağlı köməyə ehtiyacım var". Və ümid edirəm ki, Rusiya ilə razılaşacağıq. Çox təəssüf ki, ötən həftə 6 min əsgər həlak olub".

ABŞ Prezidenti Donald Tramp dünən İsrail Baş naziri Benyamin Netanyahuya zəng edərək, atəşkəsi pozmasına görə İrana zərbəni dayandırmasını istəyib. Netanyahu Trampa zərbəni dayandıra bilməyəcəyini və İranın atəşkəsi pozmasına bir növ cavab lazım olduğunu deyib. Nəticədə zərbəni əhəmiyyətli dərəcədə azaltmaq, bir çox hədəfə hücumu ləğv etmək və yalnız bir hədəfi vurmaq üçün qərar qəbul edilib".

"Netanyahu özü ilə fəxr edə bilər" - Tramp

ABŞ Prezidenti Donald Tramp deyib ki, İran ballistik raketlərlə İsrailə ciddi ziyan vurub: "İsrail xüsusilə son bir neçə gündə İranın ballistik raketlərindən çox pis zərər çəkdi. Çoxlu binalar dağıdılıb". Onun sözlərinə görə, bununla yanaşı, İsrail bu silahlı münaqişədə özünü çox yaxşı göstərdi: “İsrail Baş naziri Benyamin Netanyahu özü ilə fəxr edə bilər”.

ABŞ Prezidenti Donald Tramp gözlənilmədən İsrail və İran arasında atəşkəs elan etməsi hətta öz administrasiyasının yüksək rütbəli üzvləri üçün də sürpriz olub. Açıqlamadan bir neçə saat əvvəl Tramp İsrail Baş naziri Benyamin Netanyahu və İran rəsmiləri ilə danışıqlar aparıb, Qətər əmiri Təmim bin Həməd əs-Sani vasitəçi qismində çıxış edib. Bu, hətta Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmilərini də təəccübləndirib. Danışıqlarda ABŞ-nin vitse-prezidenti Ceym Devid Vens, Dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff iştirak ediblər.

Ərdoğandan İran və İsrailə çağırış...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İran və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına ciddi şəkildə əməl olunmasına çağırır.

Onun sözlərinə görə, münaqişələrin həlli üçün yeganə düzgün və rasional yol diplomatiyadır: "İyunun 13-dən etibarən bölgədə gərginliyin artması müşahidə olunur. Türkiyə bu hadisələrin ilk saatlarından etibarən dialoqa çağırış edib. Bu gün atəşkəs razılaşmasını alqışlayırıq". Ərdoğan ölkənin müdafiə potensialının daha da gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib: "Biz yerli hərbi-sənaye kompleksimizə xüsusi önəm veririk".

İsrail İranın Mərkəzi Bankını terror təşkilatı kimi tanıyıb. İsrail müdafiə naziri İsrail Katz X hesabında bildirib ki, İranın Mərkəzi Bankını terror qruplaşmalarına milyardların ötürülməsində ittiham edib. Nazir əlavə edib ki, İsrail İranın “şər şəbəkəsi”ni ifşa edərək məhv edəcək.

"Ağır məğlubiyyətə rəğmən rejim özünü qoruya bildi"

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, İran-İsrail müharibəsində Trampın təkidi ilə əldə olunan atəşkəs ətrafında açıq qalan məqamlar çoxdur. Ekspertin sözlərinə görə, atəşkəsin Trampın istəyi ilə məcburi şəkildə olduğu görünsə də, bunu İran üçün “böyük yaxşılıq” kimi qiymətləndirmək olar:

 "Ağır məğlubiyyətə rəğmən rejim özünü qoruya bildi. Hətta ABŞ-yə qarşı müharibə macərasında dirənə biləcəyini nümayiş etdirməklə "qələbə" təbliğatı üçün ciddi əsaslar da qazandı. İsrail yekun hədəflərinə nail olmasa da, İranın nüvə və hərbi potensialını uzun perspektivdə zəiflədə bildi. Eyni zamanda, ABŞ-ni müharibəyə cəlb etməklə təhlükəsizlik qalxanını gücləndirdi. Tramp İrana hücumla ata biləcəyi addımların və İsrailə dəstəyinin ritorikadan ibarət olmadığını göstərdi. Müharibənin arealı genişlənmədən atəşkəslə qısa müddətdə uğurlu nəticə əldə etdiyini sərgilədi. İranda əsas hədəfə - nüvə potensialının tam məhv edilməsinə nail olunduğu isə müəmma olaraq qalır. Tramp və Netanyahu İranın “artıq nüvə dövləti” olmadığını, bu potensialın tamamilə məhv edildiyini deyir, rəsmi Tehran əksini. Beynəlxalq mediada yayılan informasiyaların müqayisəsi, eləcə də MAQATE-nin açıqlamaları və iranlı rəsmilərin “nüvə proqramından imtina etmədiklərinə dair” dedikləri “nüvə potensialının” tam sıradan çıxarılmadığı fikrini gücləndirir".

"İran rejiminin nüvə proqramından imtina etməyəcəyi..."

A.Nərimanlı vurğulayıb ki, hədəf seçilən nüvə obyektlərindən zənginləşdirilmiş uranın ən az bir qisminin çıxarıldığı versiyası hələ də gündəmdədir: 

"MAQATE mütəxəssisləri istehsal olunan nüvə materialı və 60 faizə qədər uranın yerinin bilinmədiyini deyir. Pentaqonun mediaya sızan qiymətləndirməsində ABŞ-nin zərbələrinin “nüvə proqramını” tamamilə məhv etmədiyi, “yalnız bir neçə ay gecikdirdiyi” qeyd olunur. Ən əsası bu müharibədə İran rejimi anladı ki, “nüvə silahı” olmadan təhlükəsizliyin təmin edilməsi mümkün deyil. Xüsusilə “müttəfiqsiz” qalmaları fonunda: bu reallıq İran xalqı tərəfindən də dəstəklənə bilər. Nəticə etibarilə, İran rejiminin nüvə proqramından imtina etməyəcəyi və “dinc nüvə” adı altında bu hədəfinə doğru müxtəlif formalarda irəliləyəcəyi aydın görünür. Bunu dayandırmağın müharibə ilə mümkün olmadığı, yaxud şərtlərin yetişməməsi fonunda iki mümkün variant ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
sherg.az

2Sources