EN

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür

BAKI, 26 iyun. TELEQRAF

Bu gün Azərbaycanda Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd olunur.

Teleqraf xatırladır ki, Ordunun yaradılmasından 107 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Azərbaycan yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu əlamətdar tarix - 26 iyun Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin rəmzlərindən biridir.

Müasir Azərbaycan Ordusunun əsası isə şübhəsizdir ki, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlı gənclər SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Həmin şəxslər isə istər aprel döyüşlərində, istərsə də Vətən müharibəsində qazanılan qələbədə qəhrəmanlıq göstəriblər.

1990-cı illərdə Azərbaycanda baş verən qeyri-sabitlik ordu quruculuğu məsələsinə də mənfi təsir göstərmişdi. Ordumuzun qarşısında duran əsas vəzifə torpaqları erməni işğalından qorumaq idi. Həmin vaxt ərazilərin müdafiəsi üçün könüllü özünümüdafiə dəstələri yaradılırdı. Qeyd olunası məqamlərdən biri də odur ki, 1992-ci il oktyabrın 9-da Bakıda hərbi parad keçirildi.

Nizami ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı, lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Atəşkəsdən sonra isə ordu quruculuğuna ciddi diqqət ayrıldı və bu yöndə mühüm qərarlar verildi. Azərbaycan Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.

Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra isə Azərbaycan Ordusu ilbəil gücləndi. Hərbçilərin sosial-məişət problemlərinə diqqət atrılıdı, təlimlər keçirilirdi, yeni silahlar alınırdı. İşğal olunmuş torpaqlarımızın sülhlə geri qaytarmağa çalışsaq da, müharibə variantı daim Azərbaycan rəhbərliyinin diqqətində idi.

Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olundu. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edirdi.

Azərbaycan Ordusunun artan hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.

2016-cı ildə isə ordumuzun gücünə bütün dünya şahidlik etdi. Belə ki, aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistanın intensiv artilleriya atəşinə məruz qaldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Suqovşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

2016-cı ilin aprelində əks-hücum əməliyyatı ilə Lələtəpə yüksəkliyini və ətraf əraziləri düşməndən azad etdi. Aprel döyüşlərində qazanılan zəfər 2018-ci il mayın 20-də başlayan Günnüt əməliyyatı ilə uğurla davam etdirildi. 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaravağa dağı ilə birlikdə ümumilikdə 11 min hektar ərazi düşmən işğalından azad edildi, strateji yollar qoşunlarımızın nəzarəti altına keçdi.

Butün sadalananlar bizi Qarabağa daha da yaxınlaşdırırdı. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə bir sitatla çıxış etmişdi:

"2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan Ordusuna!"

Dövlət başçısının dediyi kimi də oldu. 2020-ci sentyabrın 27-də Ermənistanın hücumlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başladı.

Əməliyyatlar nəticəsində Ordumuz 3 oktyabrda Suqovuşanı, 4 oktyabrda Cəbrayılı, 9 oktyabrda Hadrutu, 17 oktyabrda Füzulini, 20 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət, 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın Azərbaycana qaytarıldı.

Şuşanın azad olunması Vətən müharibəsinin ən uğurlu, inanılmaz əməliyyatıdır. Bu döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam oldu. Hərbi cəhətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi. Noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu 70-dən çox yaşayış məntəqəsini və bir neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdi. Noyabrın 8-də Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Sözügedən tədbirdə Azərbaycan və Türkiyə prezidentləti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edirdi. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Vətən müharibəsindən sonra ordu quruculuğu ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılırdı. Ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Ordumuz bu dəfə də yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu.

Bu möhtəşəm zəfərlər təkcə döyüş meydanında qazanılmış hərbi uğurlar deyil, eyni zamanda Azərbaycan xalqının sarsılmaz birliyi, güclü dövlət iradəsi və qalib orduya olan sonsuz inamının təcəssümüdür. Azad olunmuş ərazilərimizə böyük qayıdış başlanıb, Qarabağda həyat yenidən canlanır. Azərbaycan Ordusu isə bu ərazilərdə təhlükəsizliyin təmin olunması, Ermənistan tərəfindən revanşizm və separatizm meyillərinin qarşısının qətiyyətlə alınması üçün hər an ayıq-sayıq mövqedədir. Dövlətimizin güclü ordusu və xalqın ona olan etibarı müasir Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün daim təminatçısı olaraq qalır.

Chosen
34
teleqraf.com

1Sources