Şakir Ağayev: “Tramp görəndə ki, İsrail onun özünü qalib elan etməsinə mane olur, Netanyahuya qarşı sərt davrandı...”
İyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşmasının ardınca sükut pozulub və atəşkəsə əməl edilmədiyi ortaya çıxıb. ABŞ prezidenti Donald Tramp jurnalistələrə bildirib ki, İran və İsrail atəşkəsi pozur. “Mən hər iki tərəfdən, əsas da İsraildən narazıyam. İranın nüvə gücü məhv edilib, Tehran onu bərpa edə bilməz”- deyə Tramp bildirib.
Qeyd edək ki, İsraillə İran arasında Trampın vasitəçiliyi ilə iyunun 24-də atəşkəs əldə edilib. Lakin az sonra İsrail Hayfaya raket atıldığını iddia edib. İsrail müdafiə naziri Katz atəşkəsin pozulmasına sərt hərbi cavab veriləcəyini açıqlayıb.
Tramp atəşkəs çağırısı iflas edəndən sonra həm İsrail, həm də İran haqda çox sərt danışıb. Hətta İrandan məmnun olmadığını, İsraildən isə heç məmun qalmadığını dəfələrlə təkrar edib.
Onun İsrailə belə əsəbi olmasının səbəbi nədir? Bu qırğınlıq daha da kəskinləşə, Amerikanın İsrailə dəstək siyasəti dəyişə bilərmi?
“Onun təşəbbüsü ilə İranla İsrail arasında atəşkəs elan edildiyini açıqladıqdan sonra atəşkəsin pozulması Trampın narazılığına səbəb olub”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, İran tərəfin İsrailin atəşkəsi pozması barədə açıqlamasından sonra Tramp məsələyə münasibət bildirib və İsrailə xəbərdarlıq etdiyini açıqlayıb. “Trampın Netanyahuya belə əsəbiləşməsi, ondan narazı qalması səbəbsiz deyil. ABŞ prezidenti gecə ilə elan etdi ki, artıq İranla İsrail arasında atəşkəs razılığına gəlinib. Bildirdi ki, bu atəşkəs razılığına tərəflər imza atmayıb, bu şifahi razılıqdır, özü də çox kövrək atəşkəsdir. Bu atəşkəs razılaşması o demək deyil ki, İsrail və İran arasında barışıq olub, hələlik “isti faza” dayanıb, başqa fazalarda İsraillə İran arasında düşmənçilik yenə də davam edir. Yəni hər an istənilən bəhanə ilə bu atəşkəs pozula bilər.
Onun təşəbbüsü ilə İranla İsrail arasında atəşkəs elan edildiyini açıqladıqdan sonra atəşkəsin pozulması Trampın narazılığına səbəb olub.
Bilirsiz ki, Tramp iyunun 25-də Haaqada keçirilən NATO sammitinə gedib və ABŞ prezidentinə lazım idi ki, orda özünü qalib élan etsin, yəni “Yaxın Şərqdəki bu müharibəni mən dayandırdım” desin. Tramp görəndə ki, İsrail onun özünü qalib elan etməsinə mane olur, buna görə də Netanyahuya qarşı sərt davrandı ki, NATO sammitindəki triumfu pozulmasın. Tramp ora bir triumfla gedib”.
Lakin Ş.Ağayev güman etmir ki, bu hər hansı bir formadasa pozularsa ABŞ İsraildən üz döndərəcək və İsraili kənarda saxlayacaq: “Xeyr. İsrail Yaxın Şərqdə ABŞ-ın maraqlarını müdafiə edir, bir növ Yaxın Şərqdə ABŞ-ın proksi qüvvəsidir. Ona görə də, Trampa raketlər müharibəsi lazım deyil. Bu tammənalı müharibə də deyildi, Tramp istəyirdi ki, İsraillə İranın bir-birinə raket hücumları dayandırılsın.
Tramp görəndə ki, Netanyahu ona mane olmağa çalışır, onun haqqında sərt danışdı.
İyunun 25-də NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Tramp yenə də nə qədər uğur qazandığını, nələrə nail olduğunu göstərib. Onu da qeyd edib ki, əgər İran yenidən nüvə silahı əldə etmək istəyərsə, yenə də İranı raket atəşinə tutmaqdan çəkinməyəcək. Sonda da deyir ki, güman etmirəm biz bunu edəcəyik, çünki biz onların bütün nüvə potensialını dağıtmışıq. Amma onu da bilirsiz ki, ABŞ-ın milli təhlükəsizlik xidmətinin iyunun 24-dən 25-nə keçən gecə yaydığı məlumatda qeyd olunur ki, ABŞ heç də tam olaraq öz istəyinə nail olmayıb, tam olaraq İranın nüvə obyektlərini dağıtmayıb. Ziddiyyətli bəyanatlar, açıqlamalar vermək, çıxışlar etmək Trampa xasdır. Ona görə də hesab edirəm ki, ABŞ İsraildən köməyini əsirgəməyəcək”-deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA